Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:02

Karantindən siyasi məqsədlər üçün istifadə edilirmi?-fərqli cavablar


Bakıda karantin yoxlaması
Bakıda karantin yoxlaması

Bugün, mayın 4-dən yeni koronavirus pandemiyası ilə bağlı Azərbaycanda elan edilən karantin rejimində həm fəaliyyətinə icazə verilən sahələr genişlənib, həm də bölgələrdə SMS-lə icazə vermək ləğv edilib. Bu məsələdə Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərləri və Abşeron rayonu istisnadır. Üstəlik, dövlət qurumlarının da fəaliyyəti bu gündən tam bərpa olunub.

Politoloq Hikmət Hacızadə bu məsələləri AzadlıqRadiosuna dəyərləndirərkən deyib ki, bu şəkildə icazə verilməsində ziddiyyətlər var: "Bu ona bənzəyir ki, dükanlar açılır, satıcılara satışa icazə verilir, amma alıcılara icazə verilmir. Nəticədə dükanlar yenə də alıcısız qalır".

Lakin o da hesab edir ki, bütün bunlar karantin rejiminin yumşaldılmasının göstəriciləridir: "Bunu yavaş-yavaş ona görə edirlər ki, pandemiyanın yeni dalğasının başlanıb-başlanmamasını müəyyən edə bilsinlər".

R.Nurulla
R.Nurulla

"Böyük şəhərlərdə SMS-lə icazənin qalması normaldır"

Deputat Razi Nurulla isə böyük şəhərlərdə SMS-lə icazənin saxlanmasını normal sayır: "Bu onunla bağlıdır ki, kənd və rayon yerlərində koronavirusun yayılması hallarına az rast gəlinmişdi. Böyük şəhərlərdə isə bu, daha çoxdur. Bu baxımdan, böyük şəhərlərdə SMS-lə icazənin qalması normaldır".

R.Nurullanın vurğulamasına görə, koronavirusla mübarizə məqsədilə bütün dünyada karantin rejimləri kimi məhdudiyyətlər tətbiq edilir. Onun fikrincə, digər ölkələrlə müqayisədə Azərbaycanda karantin rejimi daha müqabil, daha yaxşıdır: "Daha az insan həyatını itirdi, daha az insan virusa yoluxdu. Bu da vaxtında görülmüş sərt qərarların nəticəsidir".

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi isə hesab edir ki, hazırkı karantin rejimindən müxalifət əleyhinə də istifadə olunur:

S.Həzi
S.Həzi

"Dövlət başçısı səviyyəsində elan olunmuş məsələdir..."

"Bu, dövlət başçısı səviyyəsində elan olunmuş məsələdir ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində müxalifət təcrid olunacaq. Burada da Milli Şura və AXCP nəzərdə tutulurdu. Bu təcrid prosesi hələ də davam edir. Tofiq Yaqublunun həbsi (Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, xuliqanlıqda ittiham edilir), AXCP-nin daha 12 üzvünün cinayət işi və inzibati qaydada həbsləri, AXCP sədrinin internet əlaqəsinin kəsilməsi, onun yanına getmək istəyənlərin saxlanmaları göstərir ki, bu, reallıqdır".

Onun fikrincə, SMS-lə icazənin bəzi yerlərdə qalması müəmmalıdır: "Ola bilsin ki, hansısa bölgələrdə kənd təsərrüfatı, əkin-biçin üçün şərait yaratmaq istəyiblər. Əgər təsərrüfat işinə icazə vermək istəyirdilərsə, Nazirlər Kabineti bir qeydiyyat apararaq ölkənin hər yerində buna icazə verməli idi".

"İnanmıram"

Amma deputat R.Nurulla karantin rejimindən müxalif siyasi qüvvələrə qarşı istifadə olunması barədə iddiaları düzgün saymır: "Bunun siyasi məqsədlər üçün, siyasi opponentlərə qarşı istifadə edilməsinə inanmıram".

Bakıda SMS icazə rejiminin uzadılmasına necə baxırsız? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Bir müddət öncə Daxili İşlər Nazirliyi də açıqlama yayaraq karantin rejimindən müxalif qüvvələrə qarşı istifadə olunması haqında iddiaları "dezinformasiya" adlandırmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 250 min civarında şəxsin vəfat etdiyi bildirilir. Hazırkı dövrədək Azərbaycanda da 1932 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 25 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. ( Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir) Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Karantin qaydalarına görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar. Karantin daha sonra mayın 4-nə kimi uzadılıb. Bununla belə, aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 1-də yayılan rəsmi məlumata görə isə, karantin bu ayın 31-nə kimi uzadılıb. Amma artıq yumşalma var və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Bu gün, mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.

XS
SM
MD
LG