Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:31

ABŞ diplomatı: Rusiya sülhməramlıları məsələsi heç vaxt müzakirə olunmayıb


Keri Kavano
Keri Kavano

1999-2001-ci illərdə ATƏT-in Qarabağ üzrə Minsk qrupunun amerikalı həmsədri olmuş Keri Kavano AzadlıqRadiosunun Erməni xidmətinə eksklüziv müsahibəsində danışıqlar prosesi ilə bağlı bəzi maraqlı məqamlara toxunub.

O deyib ki, Dağlıq Qarabağda atəşin dayandırılmasına dair 9 noyabr 2020-ci il üçtərəfli bəyanatından fərqli olaraq Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin tərkibində heç vaxt olmayıb.

Kavano 2001-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev və ovaxtkı Ermənistan prezidenti Robert Koçaryan Ki-Vestdə görüşərkən ATƏT-in Minsk qrupunun həmsədri idi.

Diplomatın fikrincə həmin vaxt tərəflər Dağlıq Qarabağ üzrə razılaşmaya çox yaxın idilər.

Lakin son məqamda razılaşma alınmayıb.

Kavanonun sözlərinə görə, o vaxt ictimai etimadı pozan faktorlardan biri də 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin güllələnməsi olub.

O vaxt həlak olan 8 nəfərin arasında Ermənistanın baş naziri Vazgen Sarkisyan və parlamentin spikeri Karen Demirçyan da var idi.

Sadə vətəndaşlar heç nə bilmirdilər

Kavano bildirib ki, gələcək razılaşmanın həyata keçirilməsi üçün mühüm olan şəxslər beləcə öldürülmüşdü.

“Həmin gün mən Amerika həmsədrinin nümayəndə heyəti ilə Ermənistanda idim. Biz səhər prezident sarayında prezident, baş nazir və xarici işlər naziri ilə görüşmüşdük. Biz oradan aeroporta getmiş və Ankaraya uçmuşduq. Biz Ermənistan parlamentinin güllələnməsi və baş nazirlə spikerin həlak olması xəbərini Ankarada aldıq”.

Kavanonun sözlərinə görə o vaxt Azərbaycan və Ermənistan liderləri arasında ciddi müzakirələr gedirdi:

“Rusiya, Fransa və ABŞ-ı təmsil edən Minsk qrupunun həmsədrləri kimi biz bilirdik ki, iki ölkənin liderləri çox ciddi qərarlar barəsində danışırlar. Amma həmin vaxt Bakıda və Yerevandakı sadə adamlar yalnız bunu eşidirdilər ki, kompromis yoxdur. Lakin əvəzində adi vətəndaşlar bir tərəfdən eşidə bilərdilər ki, işğal olunmuş bütün ərazilər üzərində nəzarət saxlanacaq və digər tərəfdən isə eşidərdilər ki, geniş muxtariyyətdən başqa heç nə təklif olunmayacaq”.

Rusiya sülhməramlılarını niyə yeridib?

Minsk qrupunun keçmiş amerikalı həmsədri ovaxtkı danışıqların təfərrüatlarına varmayıb.

O deyib ki, tərəflərin hələ də kompromisə gələ biləcəyini nəzərər alsaq, indi bu məsələnin xırdalanması üçün heç də yaxşı vaxt deyil:

“Düşünmək istərdim ki, bugün Paşinyan və Əliyev mümkün kompromisləri daha səmərəli müzkirə edə bilərlər. Mən düşünmürəm ki, indi bu baş verir, amma tərəfləri belə bir söhbətə qaytarmaq imkanı hələ də qalır. Tamamilə mümkündür ki, atəşin dayandırılması razılaşmasının imzalanması nəzərə alınmaqla, onlar başqa məsələlərdə də razılaşmaya hazır ola bilərlər”.

9 noyabr üçtərəfli bəyanatı barədə danışarkən Kavano deyib ki, bu razılaşmanın elementləri Minsk qrupu həmsədrləri tərəfindən müzakirə olunurdu.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının yerləşdirilməsindən başqa bütün elementlər dialoqun tərkib hissəsi idi:

“Minsk qrupunda müzakirə onun barəsində gedirdi ki, ən yaxşı həll sülhməramlıların və ya müşahidəçilərin qonşu ölkələrdən və ya həmsədr ölkələrdən olmaması olardı. Düşünürəm ki, Rusiya bununla tam razı idi, çünki bu, siyasi baxımdan ən əlverişli yanaşma idi. Rusiya öz sülhməramlılarını niyə göndərib? Düşünürəm ki, bu, vəziyyətin təhlükəliliyi ilə, erməni tərəfinin onun nəzarətində olan torpaqlar üzərində nəzarətini sürətlə itirməsi və Şuşa ətrafında hadisələrin sürətli inkişafı ilə bağlı olub”.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında onilliklərdir gərginlik var.

Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG