Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:05

Keşiş Qalstanyan yeni etirazlar üçün çox sayda tərəfdar toplaya bilmir


Qalstanyan İctimai Televiziyanın ərazisində
Qalstanyan İctimai Televiziyanın ərazisində

Ötən ildən bəri Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən arxiyepiskop Baqrat Qalstanyan paytaxt Yerevanda etiraz aksiyalarını bərpa etdikdən sonra, oktyabrın 3-də ölkə dövlət televiziyası ilə xalqa müraciət edə bilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, ötən ilin may və iyun ayları ilə müqayisədə Qalstanyan bu mitinqə xeyli az tərəfdar toplaya bilib.

Lakin o Respublika meydanına toplaşmış azsaylı tərəfdarlarına deyib ki, hakimiyyət dəyişikliyi uğrunda mübarizə yenicə başlanıb.

Azatutyun yazır ki, Qalstanyanın oktyabrın 2-də çağırdığı mitinqdən məqsəd etirazlara mümkün qədər çox nümayişçinin cəlb edilməsi idi. Müşahidəşilər bunun baş vermədiyini deyirlər.

Qalstanyan müxalifət qruplarını onun hərəkatı ətrafında “sıx birləşməyə, təkəbbür və lovğalığı, habelə fikir ayrılıqlarını bir tərəfə qoymağa” çağırıb.

Keşiş habelə “sərvətlərini itirməkdən qorxaraq açıq şəkildə rejimə xidmət edən” varlıları tənqid edib.

Bununla kifayətlənməyən arxiyepiskop Ermənistan İctimai Televiziyasında canlı efir vaxtı tələb edib. O, bu telekanalı “yalan və təbliğatın” yuvası adlandırıb.

Qalstanyan bundan sonra tərəfdarları ilə birlikdə telekanalın iqamətgahına yürüş edib.

Gecə yarısı 12 dəqiqəlik monoloq

O polis tərəfindən sıx şəkildə mühafizə olunan televiziya binasına çatdıqdan sonra Qalstanyana “vətəndaşlara müraciət” etməsi üçün qısa vaxt verilib. O bunun müqabilində İctimai Televiziyanın xəbərlər proqramının hökumətyönlü redaktoru Petros Qazaryanın suallarına cavab verə biləcəyini deyib.

Gecə yarıdan sonra efirə verilən 12 dəqiqəlik monoloqunda keşiş erməniləri “yuxudan oyanmağa və necə bir hadisələrlə üzləşəcəyimiz barədə” düşünməyə çağırıb.

Qalstanyan çıxışında yenidən Paşinyanı Azərbaycan və Türkiyənin “əmrlərini yerinə yetirməkdə” və hakimiyyətdə qalmaq naminə “sülh müqaviləsinin imzalanması” üçün “Bakıya yalvarmaqda” ittiham edib.

Qazaryanla müsahibədə Qalstanyan onun özünün proqramı və konkret addımları barədə sualları cavabsız buraxıb.

Paşinyanın siyasi müttəfiqləri ötən ay əmin olduqlarını bildirmişdilər ki, keşiş Qalstanyanın planlaşdırdığı yeni etirazlar da iflasa uğrayacaq.

Xatırlatma

Erməni Kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasından narazılığından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan Yerevana yürüş edib.

O Ermənistan paytaxtında keçirdiyi bir neçə mitinqdə demarkasiyadan narazılıq barədə söz salmayıb, baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

İyunun 12-də keçirilən mitinqdə iştirakçılar polislə toqquşmuş, onlardan bəziləri parlamentin və hökumətin binalarına daxil olmağa çalışmışdılar.

Polis etirazçılara qarşı səs qumbaralarından istifadə etməklə izdihamı dağıdıb.

Bundan sonra Qalstanyan fəal etiraz aksiyalarından geri çəkilib və bəzi müxalifət liderlərini ona dəstək verməməkdə ittiham edib.

Hakimiyyət Qalstanyanın “Vətən naminə Tavuş” hərəkatının zəiflədiyini bildirir.

XS
SM
MD
LG