Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:03

Sülh müqaviləsi gələn həftə imzalana bilər? Yerevan təkzib edir


Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva

Yerevan təkzib edir

Ermənistanın Xarici Işlər Nazirliyi AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun sorğusuna cavab olaraq bildirib ki, Kişinyov görüşünün gündəliyində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dair məsələ yoxdur:

“Ermənistan və Azərbaycan arasında münasibətlərin, o cümlədən “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair razılaşma”nın müzakirələri davam etdirilir. Dəfələrlə qeyd etdiyimiz kimi erməni tərəfi müqaviləni əsas məsələlər həll edildikdən sonra imzalamağa hazır olacaq. Hesab edirik ki, bu məsələlərin müzakirəsi həm Avropa Siyasi İcmasının iyunun 1-də Kişinyovda keçiriləcək sammiti zamanı, həm də ondan sonra davam etdiriləcək. Sözü gedən müqavilənin imzalanması Kişinyov görüşünün gündəliyinə daxil edilməyib”.

***

Bundan əvvəl Reuters agentliyi yazmışdı ki, Azərbaycan və Ermənistan Qarabağa görə onilliklərdir davam edən münaqişəni bitirəcək sülh müqaviləsini gələn həftə keçiriləcək Avropa sammitində imzalaya bilər.

Reuters agentliyi bunu mayın 26-da Azərbaycanın Fransadakı səfirinə istinadla xəbər verib.

47 dövlət və hökumət başçısının və Avropa İttifaqı rəsmilərinin iyunun 1-də Avropa Siyasi İcmasının Moldova paytaxtında keçiriləcək sammitinə toplaşacağı gözlənilir.

Sözü gedən icmaya Aİ üzvləri və daha 17 Avropa ölkəsi daxildir.

Bu sammitin əsnasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə yüksək səviyyəli görüş keçirməlidirlər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisdə bir qrup jurnalistə deyib ki, “iyunun 1-də Kişinyovda nəhayət yekun sülh müqaviləsinin imzalanacağına ümid edirik”.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG