Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:58

Azərbaycanda proqramlaşdırmaya maraq artır


Azərbaycandan 'beyin axını': 'Qarşısı mütləq alınmalıdır!'
Gözlə

No media source currently available

0:00 0:07:32 0:00

Azərbaycandan 'beyin axını': 'Qarşısı mütləq alınmalıdır!'

Son illər informasiya texnologiyaları sahəsində ciddi yeniliklər baş verir. Bu yeniliklər insanların həyatını yaxşılaşdırmaqla yanaşı, məşğulluq baxımından da yeni çağırışlar yaradır. Artıq gənclər arasında ən prestijli sayılan peşələr arasında informasiya texnologiyaları ilə bağlı sahələr ön sıralardadır. Səbəb çox sadədir: bu sahədə gəlir imkanları da yetərincə yüksəkdir. Belə meyllər Azərbaycanda da açıq-aşkar gözə çarpır. Əks halda proqramlaşdırma, kompüter mühəndisliyi və digər bənzər bacarıqlar təklif edən kursların sayı artmazdı.

Ölkə universitetlərində də mühəndislik ixtisaslarına ayrılan yerlərin sayı artır. Məsələn, 10 il öncə Azərbaycanda təhsil alan tələbələrin cəmi 14 faizi texniki və texnoloji ixtisaslar üzrə təhsil alırdı. İndi bu göstərici 22 faizə çatıb. Belə sahələrdə oxuyanların sayı 21 min nəfərdən 46 min nəfərə yüksəlib. Say artımı plan yerlərinin artması ilə yanaşı, texnoloji sahədə yeni ixtisasların da yaradılmasından qaynaqlanır.

İKT bacarıqları artır

Dövlət Statistika Komitəsi (DSK) hər il ölkədə informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarını ölçür. Statistik məlumatlardan aydın olur ki, son illərdə 15-24 yaşlı əhali qrupu arasında İKT biliklərində artım gözə çarpır. DSK-nın hesabatında gənclərin İKT bilikləri doqquz ayrıca göstərici əsasında qiymətləndirilir. Həmin doqquz göstərici arasında insanın ən çox etdiyi göstərici fayl və ya qovluğun üzünün çıxarılması, yaxud yerinin dəyişdirilməsi bacarığıdır. Gənclərin 82 faizi kompüterlərdə bunu gerçəkləşdirə bilir. Digər göstəricilərdə isə uyğun əməliyyatı bacaranların sayı get-gedə azalır. Məsələn, gənclərin 78 faizi elektron poçt vasitəsi ilə faylları göndərə bilir. Yaşı 15-i aşan bütün əhali arasında bu göstərici 47 faizdir.

DSK-nın açıqladığı göstəricilərdən aydın olur ki, Azərbaycanda İKT ilə bağlı ən az bilik proqramlaşdırma ilə bağlıdır. Ancaq bu sahədə də son illər ciddi artım gözə çarpır. Özəlliklə pandemiya dövründə həmin sahədə biliklərə yiyələnənlərin sayı çoxalıb. Məsələn, DSK-nın araşdırmasına görə, 2015-ci ildə Azərbaycanda 15-24 yaşlı gənclərin cəmi 0.8 faizində proqramlaşdırma bacarıqları olub. 2019-cu ildə bu göstərici, vur-tut, 1.1 faizə yüksəlib. Amma 2020-ci ildə həmin rəqəm 2.3 faizə, 2021-ci ilin sonunda 4.1 faizə qalxıb. Başqa deyimlə, iki il içində proqramlaşdırma biliyinə sahib gənclərin sayı təxminən dörd dəfə artıb.

Gənclərlə yanaşı, 15 yaşı aşan toplam əhali arasında da proqramlaşdırma biliyi olanların sayı çoxalıb. Son qiymətləndirməyə görə, bu göstərici indi 3.5 faizdir. Cəmi bir il öncə (gəncləri çıxmaqla) ölkə əhalisinin cəmi 1 faizi proqramlaşdırma biliyinə sahib idi. Müqayisə üçün: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə həmin göstəricinin ortalaması 6.6 faizdir. Danimarka və Norveçdə isə bu göstərici 10 faizdən çoxdur.

Proqramlaşdırma öyrənmək Azərbaycandan beyin axınını da artırır

Azərbaycanda proqramlaşdırmaya marağın artdığını alternativ mənbələr də təsdiqləyir. Məsələn, bugünlərdə Ukraynanın İT sektorunda iş axtaranları və işəgötürənləri birləşdirən "Djinni" platforması statistik göstəricilərini açıqlayıb. Bu platforma vasitəsi ilə informasiya texnologiyaları sahəsində çalışanlar məsafədən iş tapmaq imkanı qazanırlar. Burada təkcə Ukraynadan deyil, bir çox Avropa ölkələrindən də iş imkanı təklif edilir. Açıqlanan bilgilərə görə, 2022-ci ilin ilk 10 ayı ərzində platformada Ukraynanın özündən sonra ən çox insanın qeydiyyatdan keçdiyi ölkə Azərbaycandır. İlboyu Azərbaycandan saytda qeydiyyatdan keçənlərin sayı 2 min 826 nəfər olub. Sonrakı yerləri Polşa (2 min 3), Nigeriya (1 min 676) və Ermənistan (1 min 124) tutub.

Ölkəni tərk etmədən də beyin axını var

Özəlliklə pandemiya dönəmində məsafədən iş imkanlarının artması miqrasiya və beyin axını anlayışları ilə bağlı yenilikləri ortaya çıxarıb. Ukrayna şirkətinin açıqladığı məlumatlardan da göründüyü kimi, artıq beyin axını üçün heç də hər zaman ölkəni fiziki olaraq tərk etmək tələb olunmur. Belə platformalar vasitəsi ilə işçilər öz ölkələrində qalmaqla da xarici şirkətlərdə çalışmaq imkanı əldə edə bilirlər. Ancaq xarici ölkəyə köçüb, fəaliyyətini orada sürdürən mütəxəssislərin də sayı az deyil. Onu da nəzərə almaq lazımdır ki, informasiya texnologiyaları sahəsində çalışan kadrlara gəlişməkdə olan ölkələrlə yanaşı, gəlişmiş ölkələrdə də böyük tələbat var. Həmin ölkələrdə həm gəlirlər daha yüksəkdir, həm də sosial xidmət və dolanışıq, bu da belə kadrların inkişaf etməkdə olan ölkələrdə qalmasını çətinləşdirir.

İndiki halda həmin şəxslər ölkədə qalsalar da, öz bilik və bacarıqlarını xarici şirkətlər üçün istifadə edə bilirlər. Bu baxımdan, ölkələrinin yalnız iqtisadi göstəriciləri deyil, sosial xidmətlər, azadlıqlar, demokratiya kimi anlayışlar da ixtisaslı kadrların peşə seçiminə təsir göstərən amilə çevrilib. Axı indiki iqtisadi model ixtisaslı kadrlara rahatlıqla dünyanın bir çox yerində iş tapmaq imkanı qazandırır. Bu baxımdan, Azərbaycanda proqramlaşdırma öyrənənlərin sayca artımını bir tərəfdən yüksək gəlir, digər tərəfdənsə nisbətən rahatca xaricə köçmək imkanları ilə əlaqələndirmək olar.

XS
SM
MD
LG