Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:34

ABŞ Konqresində 'Qarabağda soyqırımı' dinləməsi


Vaşinqtonda ABŞ Konqresinin binası
Vaşinqtonda ABŞ Konqresinin binası

ABŞ Konqresinin İnsan haqları komissiyası sentyabrın 6-da Azərbaycanın Qarabağ regionundakı vəziyyətlə bağlı dinləmə keçirib. Dinləməyə sədrlik edən konqresmen Kristofer Smit (Christopher Smith) deyib ki, məqsəd Qarabağ sakinlərini qorumaq yollarını, bundan ötrü ABŞ hökumətinin nə iş görə biləcəyini müzakirə etməkdir.

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş hakimi Luis Moreno Okampo (Luis Moreno Ocampo) və Kolumbiya Universitetində "Artsaxda vəhşilik" araşdırma layihəsinin rəhbəri, professor Devid Fillips (David Phillips) də dinləmədə çıxış ediblər. Fillips 2000-ci illərin başlanğıcında barışıq üzrə erməni-türk komissiyasının koordinatoru olub.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts və ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans (John Evans) da dinləmələrə qatılıblar.

Luis Moreno-Okampo
Luis Moreno-Okampo

"Genosid təhlükəsi yanvarda hiss olunurdu"

Luis Moreno Okampo çıxışında iddia edib ki, hazırda ilk iş "Qarabağ ermənilərinin soyqırımının qarşısını almaqdır". Onun sözlərinə görə, "soyqırımının tam gerçəkləşməsini gözləmək lazım deyil, onu önləməkdən ötrü dərhal hərəkətə keçmək lazımdır". O, artıq gecikdiklərini, genosid təhlükəsinin yanvarda hiss olunduğunu sözlərinə əlavə edib.

Azərbaycanlı ekofəallar ötən ilin dekabrından Qarabağın Ermənistanla quru əlaqəsi olan Laçın dəhlizini bağlayıb, ətraf mühitlə bağlı tələblər səsləndiriblər. Bu aksiya apreldə dayandırılıb, Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurub. Ermənistan bunu Qarabağın blokadaya salınması, Qarabağdakı ermənilərin soyqırımına hazırlıq kimi dəyərləndirib.

Ancaq rəsmi Bakı Xankəndiyə Ağdam yolu ilə yardım təklif edir, həmin yolla ilk yardım artıq göndərilib, ermənilərsə bundan imtina edir. Azərbaycan hakimiyyəti soyqırımı iddialarını rədd edir, Qarabağ ermənilərinin öz vətəndaşları saydığını deyir.

Okampo komissiyaya təklif edib ki, icra orqanına informasiya göndərsin, Azərbaycanın genosid həyata keçirməsi haqda məlumat versin. Onun sözlərinə görə, bu, ona görə vacibdir ki, ABŞ Qarabağ danışıqlarında fəal iştirak edir, Azərbaycan prezidenti İlham Əliyev isə "genosiddən danışıq aləti kimi istifadə edir".

Con Evans Qarabağdan gələn xəbərlərin, orada əhalinin yoxsul durumunun təşviş yaratdığını, hazırda vəziyyətin çox ciddi olduğunu vurğulayıb.

"Azatutyun" yazır ki, çıxışçılar Qarabağda soyqırımı törədildiyi, bunun qarşısını təcili almaq gərəkdiyi qənaətinə gəliblər. Komissiya icra orqanına məktub göndərəcək.

Xankəndidə çörək talonla satılacaq
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

Okamponun hesabatına dair təhlil hazırlanıb

Azərbaycan prezidenti yanında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) isə Okamponun hesabatını "qondarma ekspert rəyi" adlandırır. Mərkəz avqustun 17-də "Luis Moreno Okamponun Qarabağla bağlı qərəzli rəyi: Siyasi məqsədlər üçün Soyqırımı Konvensiyasından sui-istifadə" adlı ingilis dilində təhlil hazırlayıb.

Okampo rəyində qeyd edir ki, "Azərbaycan Silahlı Qüvvələri tərəfindən Laçın yolunun blokadası, ərzaq, tibbi ləvazimatların və digər vacib avadanlıqlara çıxışın qadağan edilməsi" Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılmasına dair Konvensiyanın 2-ci maddəsinə əsasən, soyqırımı kimi qiymətləndirilməlidir. BMTM bildirir ki, "bu kontekstə bu mətn hüquqi rəy deyil, cənab Okamponun ermənipərəst siyasi vəkilliyi və ya müşavirlik mövqeyidir". Mərkəz Okamponun Ermənistan hökuməti ilə əlaqələrinin heç bir şübhə doğurmadığını yazır.

AzadlıqRadiosu bu iddiaya Okampodan münasibət ala bilməyib.

Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub, bunu Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edib. Ermənistan bu ittihamı qəbul etmir, sərhəd-buraxılış məntəqəsinin qurulmasını üçtərəfli bəyanata zidd sayır.

2020-ci ildə müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il üçtərəfli bəyanata (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıblar.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılaşması imzalana qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunmuşdu.

XS
SM
MD
LG