Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Konstitusiyaya dəyişiklik edilir, prezidentlik üçün yaş limiti ləğv olunur


İlham Əliyev
İlham Əliyev

►Vitse-prezident postları yaradılır, prezidentin 7 illiyinə seçilməsi, torpaq hüququnun məhdudlaşdırılması təklif edilir

Prezident İlham Əliyevin sərəncamı ilə rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi açıqlanıb.

Layihə 29 maddədən ibarətdir.

Ekspertlərin fikrincə layihədəki diqqət çəkən təkliflər əsasən, aşağıdakılardır.

Təkliflərə görə, dövlət qulluqçuları insan hüquq və azadlıqlarına vurduqları ziyana görə, yalnız mülki məsuliyyət daşıyacaqlar.

Zərərin ödənilməsini tələb etmək hüququ təsbit olunmuş 68-ci maddəyə təklif edilən əlavə maddədə belə əks olunur.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Parlamentin buraxılması

Referendum aktı layihəsində Milli Məclisin buraxılması qaydasına da əlavələr edilməsi təklif olunur. Bununla bağlı Konstitusiyaya bəzi dəyişiklik nəzərdə tutulur:

Yəni, Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə o, buraxıla bilər. Yaxud Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyə namizədlərini iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təsdiqləmədikdə yenə parlamentin işinə yeni seçkilərə qədər son qoyula bilinər.

“ Habelə, bu Konstitusiyanın 94-cü ,95-ci, 97-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının prezidenti Milli Məclisi buraxır.” - deyə dəyişiklikdə qeyd edilir.

Prezidentə 35 yaş tələbi qalxır...

Diqqət çəkən təkliflərdən biri prezidentliyə namizədlərə yaş tələbi ilə bağlıdır. Konstitusiyaya görə, prezidentliyə namizədlərin yaşı otuz beşdən aşağı olmamalı, Azərbaycanda 10 ildən artıq

daimi yaşamalı və sair tələblər vardı. Yaş tələbinin Konstitusiyadan çıxarılması təklif edilir.

Prezidentlik müddəti - 7 il

Konstitusiyaya görə, prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Referendum aktı layihəsində prezidentlik müddətinin 7 ilə qaldırılması təklif edilir.

Birinci vitse-prezident, vitse-prezidentlər...

Referendum aktı layihəsində Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması təklif edilir. Layihəyə görə, birinci vitse-prezident və vitse-prezidentləri prezident vəzifəyə təyin və vəzifədən azad edir.

“Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” - deyə əlavədə oxuyuruq.

Prezident vəzifədən getdikdə onun səlahiyyətləri...

Diqqət çəkən dəyişiklik təkliflərindən biri də prezident vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası ilə bağlıdır. Belə durumlarda ölkə başçısının səlahiyyətlərinin birinci vitse-prezidentə, o olmadıqda vitse-prezidentə, daha sonra ardıcıllıqla baş nazirə, Milli Məclisin sədrinə keçməsi təklif edilir.

Hazırkı Konstitusiyaya görə, prezident olmadıqda onun səlahiyyətləri baş nazirə verilir.

Buna qədər ölkə Konstitusiyasına iki dəfə dəyişiklik edilib.

Konstitusiyaya ilk dəyişiklik 24 avqust 2002-ci ildə, son dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə həyata keçirilib.

2002-ci ildə Konstitusiyanın 22 maddəsinə 31, sonuncu dəfə isə 29 maddəyə 41 əlavə və dəyişiklik edilib.

14 il əvvəl ekspertlərin fikrincə əsas dəyişiklik ölkədə prezidentdən sonra ikinci şəxsin baş nazir müəyyən edilməsi və proporsional seçki sisteminin ləğvi olub. Həmin dövrə qədər ölkənin ikinci şəxsi parlamentin başçısı hesab edilirdi. Yəni, prezident səlahiyyətlərini icra edə bilmirdisə onu parlament başçısı əvəz etməli idi.

7 il əvvəl isə Konstitusiyaya edilən dəyişiklik prezidentin ömürlük seçilməsinə imkan yaradıb. Halbuki, buna qədər Azərbaycanda da prezident bir çox ölkələrdə olduğu kimi yalnız iki dəfə seçilə bilərdi.

Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib.

Bir azdan ekspertlərin şərhi saytımızda olacaq

XS
SM
MD
LG