Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:59

Britaniya alimi: ‘Koronavirus ağ ciyəri tanınmaz hala salır’


Koronaviruslu ağ ciyər
Koronaviruslu ağ ciyər

Koronavirusdan ölənlərin ağ ciyəri tanınmaz şəklə düşür. Bunu Britaniya parlamentindəki çıxışında Londondakı Kings College Universitetinin ürək-damar xəstəlikləri üzrə professoru Mauro Giacca deyib.

Alimin dediyinə görə bu virus bir ay müddətində ağ ciyərin bütün strukturunu dağıtmış olur.

Mauro Giacca Britaniya parlamenti Lordlar Palatasının elm və texnologiya komitəsində etdiyi çıxışda deyib ki, o İtaliyada 30-40 gün reanimasiyada qaldıqdan sonra ölənlərin autopsiya materiallarını öyrənib:

“Ölməzdən əvvəl bir ay reanimasiyada olmuş xəstələrin ağ ciyərləri normal pnevmoniyadan, qrip və ya SARS virusuna yoluxmadanölənlərin ağ ciyərindən tam fərqlənir. Bütün ağ ciyər boyunca tromboz müşahidə edilir. Ağ ciyərin daxili arxitekturası tamamilə dağılmış olur. Bəzən bu orqanın nə vaxtsa ağ ciyər olduğunu demək belə mümkün olmur”.

Professor deyib ki, COVID-19-dan ölənlərin ağ ciyərlərində çox sayda şişmiş viruslu hüceyrələr olur:

“Məncə bu, COVID-19-un bənzərsiz patologiyasını göstərir. Bu, sadəcə hüceyrələri öldürən bir virusun törətdiyi xəstəlik deyil və müalicə prosesi üçün ciddi problemlər yaradır”.

İmmuniteti yalnız ikinci dalğa göstərəcək

The Guardian yazır ki, doktor Mauro Giacca parlamentin dinləməyə dəvət etdiyi çox sayda alimlərin arasında idi.

Millət vəkilləri epidemiyanın başlanmasından 6 ay keçdikdən sonra elmə koronavirus barədə nələrin məlum olduğunu bilmək istəyirdilər.

Deputatları daha çox virusun özünü necə aparması, müalicəsi, vaksinlərə reaksiyası və hər hansı immunitet yaradıb-yaratmaması maraqlandırırdı.

Oxford Universitetinin professoru və hökumətin koronavirus işçi qrupunun üzvü lord John Bell deyib ki, koronavirusun immunitet yaradıb-yaratmadığını dəqiq bilmək üçün infeksiyaların ikinci dalğasını gözləmək lazım gələcək.

Alimin sözlərinə görə ikinci dalğa indi tam gözləniləndir.

The Guardian yazır ki, İngiltərə İctimai Səhiyyə İdarəsi koronavirusla mübarizədə iştirak etmiş və infeksiyaya yoluxmuş 100 minədək tibb işçisini test edəcək.

Onların təkrar yoluxub-yoluxmaması immunitetin yaranıb-yaranmadığını göstərəcək.

Qaradərililər arasında yoluxma niyə çoxdur?

Komitə dinləməsində Kings College Universitetinin başqa bir alimi, immunbiologiya şöbəsinin müdiri professor Adrian Hayday deyib ki, virusun yayılmasında ictimai-iqtisadi faktorlar böyük rol oynayır.

Onun dediyinə görə, qaradərili əhali və etnik azlıqlar arasında infeksiyalar daha intensiv yayılır:

“London xəstəxanalarında aparılmış müşahidələr göstərib ki, klinikalara daha çox qaradərili, afrikalı, asiyalı və etnik qrupların nümayəndələri gətirilir. Ola bilsin ki, bu, onların virusun yüksək dozada olduğu şəraitdə yaşamaları ilə bağlıdır”.

Alim əlavə edib ki, bu adamların müalicə nəticəsində sağalması başqa pasientlərin sağalmasından fərqlənmir.

Doktor Adrian Hayday deyib ki, bu, hələlik bir nəzəriyyədir, amma əsl həqiqətin fərqli olduğu üzə çıxanadək bu nəzəriyyə tamamilə etibarlı sayılmalıdır.

XS
SM
MD
LG