Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:42

Koronavirus kabusu həbsxanalarda da dolaşır?


Həbsxana. Foto arxiv
Həbsxana. Foto arxiv

Sosial şəbəkələr həbsxanalarda da bir neçə məhkumun koronavirus şübhəsiylə karantində saxlanması barədə məlumat yayıb. Özəlliklə 8 və 17 saylı cəzaçəkmə müəssisələrinin adı çəkilir. Bu müəssisələrdə toplam 5 nəfərin karantin altında saxlandığı iddia edilir.

Koronavirus təhlükəsi martın 6-dan bəri Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə məhkumlarla görüş və sovqat qəbuluna da təsir göstərib. İstər məhkumlarla görüş, istərsə sovqat qəbulu dayandırılıb. Rəsmi məlumatda deyilir ki, virusa yoluxma təhlükəsinin önün kəsməkdən ötrü sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər görülür. Görüş və sovqat qadağası da bununla bağlıdır.

«O qədər keyfiyyətsizdir ki, yeyə bilmirlər»

Cəza çəkən şəxslərin yaxınları özəlliklə sovqata qadağaya görə məhkumların çətinliklə üzləşdiyini bildirir. Nardaran məhbuslarından Ağaəli Yəhyayevin bacısı Elnarə Eldar AzadlıqRadiosuna danışır ki, qadağadan öncə aparılan ərzaq və başqa məhsullar tükənmək üzrədir. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrinin daxilində kiçik mağazalar, ticarət köşkləri olsa da, orada qiymətlər, az qala, iki dəfə bahadır: «Hamı bilir ki, məhbusların böyük əksəriyyəti yaxınlarının onlara gətirdiyi sovqat hesabına dolanır. Çox çarəsiz vəziyyətdə qalanda müəssisədəki dükandan nəsə alırlar. Əlbəttə, mən maddi imkanı çox yaxşı olanları nəzərdə tutmuram. İndiki halda onlar ərzaq və başqa zəruri məhsulların hamısını ikiqat qiymətə həbsxana dükanından almağa məcbur qalırlar. Bu, məhbusların onsuz da çətin durumdakı yaxınlarına ikiqat çətinlik yaradır. Deyə bilərlər ki, müəssisədə verilən yeməyi yesinlər. Amma o qədər keyfiyyətsizdir ki, yeyə bilmirlər».

Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

E.Eldar vurğulayır ki, təkcə onun qardaşı yox, müxtəlif müəssisələrdə saxlanılan Nardaran məhbusları da ailə üzvlərinə eyni fikri dilə gətiriblər.

«Bu vəziyyətdən çıxış yolu…»

«Pis odur ki, bu vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Nardaran məhbuslarından bəzilərinə deyiblər ki, Novruz bayramı ərəfəsində əfv olacaq, azadlığa buraxılacaqlar. Onu gözləyirlər. Buraxılmasalar və bu vəziyyət də davam etsə, aclığa başlayacaqlar», - E.Eldarın sözləridir.

16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan AXCP üzvü Fuad Əhmədlinin atası Zəfər Əhmədli deyir ki, həbs yerlərindəki görüş və sovqat qadağası anlaşılan addımdır. Amma yeməklərin keyfiyyəti məhbusların qidalanmasıyla bağlı narahatlıq yaradır: «Yeməklərin keyfiyyətini, çeşidini nəzərə alanda, sovqat gəlməsə, məhbusların qidalanmasının hansı vəziyyətdə olacağını proqnozlaşdırmaq çətin deyil. Onu da deyim ki, son günlər cəzaçəkmə müəssisələrində hazırlanan yeməklərin keyfiyyətində nisbətən yaxşılaşma olduğu haqda məlumatlar var. Bu vəziyyətdən çıxış yolu hermetik qablaşdırılmış çiy (mütləq bişiriləsi) məhsulların qəbuluna icazə verilməsi, daxildəki mağazalarda qiymətlərin dışarıdakı qiymətlərə uyğunlaşdırılması olardı. Ümid edirəm, Penitensiar Xidmət bizi eşidər».

M.Sadıqov
M.Sadıqov

Penitensiar Xidmət: «5 məhkum barədə yayılan məlumatlar yalandır»

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, 8 və 17 saylı cəzaçəkmə müəssisələrində 5 məhkumun koronavirus şübhəsiylə karantin altında saxlanması barədə yayılan məlumatlar yalandır. Şöbə rəisi vurğulayıb ki, nəinki o iki müəssisə, ümumiyyətlə, Penitensiar Xidmətin tabeliyində olan müəssisələrin heç birində virus şübhəsiylə karantində saxlanılan məhkum yoxdur.

Görüş və sovqat qadağasından sonra məhkumların qidalanmasında çətinliklərdən şikayətlərə gəlincə, M.Sadıqov bu məsələdə də narahatlığa əsas olmadığını söyləyir: «Qida rasionu necə idisə, eyni qaydadadır. Hər bir məhkum gündə üç dəfə kalorili qida ilə təmin olunur. Verilən yeməklər məhkumların durumunun normal olmasına tam kifayət edir. Cəzaçəkmə müəssisələrindəki ticarət köşklərində qiymətlərin ikiqat baha olması haqda səslənən fikirlər də əsassızdır. Bu köşklərdə məhdud sayda ilkin tələbat malları satılır və ödəniş nağdsız həyata keçirilir. Hər bir məhkumun şəxsi hesabından ilkin tələbat malları üçün pul köçürülür. Ona görə də baha qiymətlərdən söhbət gedə bilməz».

XS
SM
MD
LG