Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:03

'Bizdə karantin... 'necə cərimə yığaq' prinsipi üzərindədir'


Bakıda karantin yoxlamaları. (2020)
Bakıda karantin yoxlamaları. (2020)

Azərbaycanda son günlərdə koronavirusa yoluxma sayı kəskin azalıb. Gündəlik qeydə alınan yoluxma sayı cəmi 30 civarında dəyişir. Dünən, martın 23-də 38, martın 22-də 34, martın 21-də isə 29 yoluxma halının qeydə alındığı açıqlanmışdı. Halbuki, bir müddət əvvəl bu rəqəm 8 minə yüksəlmişdi. Rəsmi açıqlamaya görə, aktiv xəstə sayı isə 670 nəfərə düşüb.

Avropa və bəzi qonşu ölkələrdə artıq koronavirusla bağlı karantin məhdudiyyətlərinin tədricən aradan götürülməsinə başlanıb. Azərbaycanda karantin mayın 1-nə kimi uzadılıb. Yoluxma sayı belə kəskin azalıbsa, Azərbaycanda necə, karantin rejimini bir qədər də yumşaltmaq və ya qeyd edilən vaxtdan əvvəl tam aradan qaldırmaq mümkündürmü?

F.Mustafa
F.Mustafa

Suala, hələlik, Nazirlər Kabineti yanında Operativ Qərargahdan cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, müəyyən sahələrdə ümumi şəkildə karantin qaydalarının qorunub saxlanmasına ehtiyac var: "Bizdə, ümumiyyətlə, əməl edib-etməmə məsələsi bir problemdir. Çünki insanlar arxayın düşsələr, bu, xəstəliyin daha kəskin şəkildə yayılmasına səbəb ola bilər".

"Bizdə quru sərhədləri bağlayıblar"

Amma onun fikrincə, elə məsələlər var ki, orada artıq addım atmaq lazımdır: "Bizdə quru sərhədləri bağlayıblar, Azərbaycan vətəndaşı öz ölkəsinə qayıda bilmir. Bu, hansı məntiqə sığır? Yəni, o şeylər ki, vətəndaşa əziyyət verir, onu aradan qaldırmaq lazımdır, hansı ki, qoruyur – onu tətbiq etmək lazımdır".

Sərhəddə qalanlar meşədə gecələyirlər
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Deputat qeyd edib ki, hər şey vətəndaşın sağlamlığı və onun rahatlığı prinsipindən həll olunmalıdır: "Bizdə isə karantin və digər məsələlər "vətəndaşa necə əziyyət verək, necə cərimə yığaq" prinsipi üzərindədir. Bu məsələyə bir baxış olmalıdır".

O hesab edir ki, karantin məsələsinə yenidən baxmaq lazımdır: "Görək, burada vətəndaşa əziyyət vermək üçün hansı məhdudiyyətlər var, onları qaldırmaq lazımdır".

"Mayın axırında məlum olacaq ki…"

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, bundan əvvəlki "Omicron" ştammı dalğası beş-altı ay müddətində ümumi immunizasiyanın yaranmasına xidmət edir: "Ona görə də mayın axırına qədər karantin məhdudiyyətlərinin tam aradan qaldırılması haqqında danışmaq tezdir. May ayının axırında məlum olacaq ki, karantin qaydalarını yumşaltmaq olar, yoxsa yox. Tibbi cəhətdən koronavirus pandemiyasının bitdiyini və ya çox zəiflədiyini demək çox tezdir".

V.İsmayıl
V.İsmayıl

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantin rejimi tətbiq edilir. Bu müddət ərzində rejim yoluxma sayından asılı olaraq bəzən sərtləşdirilsə də, sonradan yenə də yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə martın 24-nə kimi ümumilikdə 791 min 583 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 9 min 670-nin vəfat etdiyi bildirilib. Ölkədə koronavirusa qarşı peyvəndləməyə isə ötən il yanvarın 18-dən başlanıb.

XS
SM
MD
LG