Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:57

'Azərbaycan yeganə ölkədir ki, pandemiyanı bəhanə edərək quru sərhədləri bağlı saxlayır'


'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

'Yolumuz 5 manat idi, indi olub 5 min manat' - Şimalda bağlı sərhədlərə belə etiraz edirlər

Koronavirus pandemiyasının elan edilməsindən dörd ildən də çox keçib. 2020-ci il fevralın 28-də əvvəlcə İranla, sonra isə Azərbaycanın başqa qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üç il sonra - 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib. Amma Azərbaycan hökuməti sərhədləri açmır və bunun dəqiq səbəbi izah edilmir. Nazirlər Kabineti koronovirusla bağlı tətbiq olunan karantin rejimin də davam etdiyini açıqlayıb. Hərçənd bu dörd ildə rejim bir xeyli yumşaldılıb.

"Azərbaycan pandemiya dövründən alnıaçıq çıxdı"

Sərhədlərdə gediş-gəlişin hələ də məhdudlaşdırılmasının dəqiq səbəbi ilə bağlı Nazirlər Kabinetindən cavab almaq mümkün olmayıb. Amma Yeni Azərbaycan Partiyasından (YAP) deputat, ixtisasca həkim Məlahət Həsənova "Turan"a ötən dörd ili dəyərləndirərkən bildirib ki, hətta ən inkişaf etmiş ölkələrin insanları üçün bu müddət şok effekti yaşadıb: "Pandemiyanın ilk vaxtları Azərbaycanda da insanlar təşviş içində idi. Amma Azərbaycan hökumətinin pandemiyaya qarşı apardığı mübarizə, kompleks tədbirlər beynəlxalq təşkilatlar tərəfindən çox təqdirəlayiq hesab olundu".

Deputatın sözlərinə görə, hökumət və xalq olaraq Azərbaycan pandemiya dövründən alnıaçıq çıxdı. Onun əlavə etməsinə görə, Azərbaycanda bir sıra Avropa ölkələri ilə müqayisədə itkilər də az oldu: "Çünki ilkin gigiyenik qaydaların tənzimlənməsi üçün qısa müddətdə xeyli işlər görüldü. Məsələn, Sumqayıtda maska istehsal edən sex açıldı. Həmçinin, 2020-ci ilin Vətən savaşı (İkinci Qarabağ müharibəsi) da pandemiyaya düşdüyündən hökumət bu vəziyyətdən başarılı çıxdı. Ona görə ki, problem yalnız bir qurumun yox, hökumətin və dövlətin öhdəsində idi. Almaniyada, Fransada və İtaliyada problemi Səhiyyə Nazirliyinin üstünə yıxdılar ki, onlar məşğul olsun. Ancaq bizdə Daxili İşlər Nazirliyi də pandemiyanın yaratdığı problemlərə qarşı mübarizə apardı. Nəhayət, qida qıtlığı yaranmadığından ajiotaj da olmadı".

Məlahət Həsənova
Məlahət Həsənova

M.Həsənova hökumətin pandemiyadan siyasi məqsədlər üçün istifadə etməsi barədə fikirləri bölüşmür: "Bəzi adamlar bu məsələni siyasiləşdirmək istəyirlər, qətiyyən elə deyil. Sadəcə, müharibə də pandemiya dövrünə düşdüyündən dövlət bir sıra məhdudiyyətlərə getdi ki, bu da normal sayılmalıdır. Təsəvvür edin ki, hökumətin üzərində iki yük vardı - pandemiya və torpaqların azad olunması. Ona görə hökumətin bir sıra addımları ölkəni vəziyyətdən çıxarmağa hesablanmışdı".

"Preventiv tədbirlər azadlıqların boğulması kimi qəbul olunmamalıdır"

M.Həsənovanın sözlərinə görə, ÜST pandemiya məhdudiyyətlərinə ehtiyacın olmadığını bəyan edən zaman, hökumət də qərarını verəcək: "Ancaq 2023-cü ilin payızından qızılca xəstəliyinin yayılması barədə açıqlama verildi ki, hökumət bir sıra tədbirlər görməyə məcbur idi".

Deputat sərhədlərin bağlı qalmasını pandemiyadan istifadə edib insan azadlıqlarının boğulması kimi qiymətləndirmir: "Pandemiya fərdi yox, kütləvi hadisə olduğundan xalq üçün təhlükəlidir. Xalq sağlamlığı isə birbaşa demoqrafik təhlükəsizlik ilə bağlıdır ki, dövlətin təhlükəsizlik doktrinasının bir istiqamətidir. Ona görə də preventiv tədbirlər azadlıqların boğulması kimi qəbul olunmamalıdır".

Aydın Əliyev
Aydın Əliyev

"Sərhədlərin bağlı saxlanılmasının tibbi əsası da yoxdur"

Həkim Aydın Əliyev isə tibbi baxımından son iki ildə Azərbaycanda pandemiya vəziyyətinin olmadığı qənaətindədir. Bu barədə AzadlıqRadiosuna danışan həkim hesab edir ki, epidemik vəziyyət sabit olduğundan koronovirus təhlükəsi yoxdur: "Ona görə pandemiya səbəbindən quru sərhədlərin bağlı saxlanılmasının tibbi əsası da yoxdur. Yəqin ki, quru sərhədlərin bağlı qalması başqa səbəblərlə izah olunar".

A.Əliyev Azərbaycan səhiyyəsində ciddi problemlərin hələ də qaldığını deyərək əlavə edib ki, əgər son iki ildə pandemiya yoxdursa, dörd ili qiymətləndirməyin mənası qalmır: "Pandemiya dövründə görülən tədbirlər planı geniş olsa da, qəbul edilən qərarlarda çatışmazlıqlar vardı. Ancaq 2022-ci ildən pandemiya bitdiyindən onunla mübarizə aktual deyil. Hansısa epidemiyanın yaranması və onun qarşısının alınması üçün profilaktik tədbirlər görülməlidir ki, bu, artıq başqa məsələdir".

"MDB-də sonuncu yeri tutduq"

İqtisadçı Natiq Cəfərli də deyir ki, pandemiya başlayanda dünyada ardı-arda sərt qərarlar alındı, Azərbaycanda isə daha sərt qərarlar oldu: "Ölkədə daha sərt qapanmalarla və cərimələrlə rastlaşdıq. Hətta bir sıra ölkələrdə açıq havada maska taxmaq tövsiyə xarakterli idisə, bizdə qanuniləşdirib cərimələr tətbiq olundu. Hazırda minlərlə insan var ki, o cərimələri silinməyib".

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçının sözlərinə görə, iqtisadi baxımdan Azərbaycanda 2021 və 2022-ci illərdə ciddi zəifləmələr yaşanıb: "2023-cü ildə isə Ümumi Daxili Məhsula (ÜDM) görə MDB-də sonuncu yeri tutduq. 1.1 faiz artım oldu, o, həm də pandemiyanın düzgün idarə olunmamasının nəticələri idi. Quru sərhədlərin bağlı saxlanılmasının bu məsələdə ciddi rolu var. Azərbaycan dünyada yeganə ölkədir ki, məhz pandemiyanı bəhanə edərək quru sərhədləri bağlı saxlayır. Bu, turizmdə və iqtisadi aktivlikdə özünü göstərir. Hətta turizm rəqəmlərinə baxanda görürük ki, Azərbaycan 2023-cü ildə 1.5 milyardlıq turizm gəliri əldə edibsə, Gürcüstanın 4.1 milyard turizm gəliri olub".

O, qlobal kontekstdə yanaşıldıqda hökumətin siyasətinin özünü doğrultmadığı qənaətindədir: "Nə iqtisadi aktivlik, nə insanların gəlirlərinin artması və, ümumiyyətlə, iqtisadiyyatda baş verən transformasiya nöqteyi-nəzərindən hökumətin fəaliyyəti müsbət sayıla bilər. 15 il əvvəl neftdən nə qədər asılı idiksə, indi də o qədər asılıyıq. Ümumilikdə, yalnız dörd ili yox, 10-15 il ərzində keyfiyyət dəyişiklikləri olmadı. Rəqəmsal dəyişikliklər oldu, amma keyfiyyət dəyişikliklərini görmədik".

N.Cəfərli Azərbaycan hökumətinin pandemiyadan siyasi məqsədlər üçün istifadə etdiyini düşünsə də, bütün dünyada bu tendensiyanın olduğunu əlavə edib: "Hətta özlərini demokratik adlandıran Yeni Zelandiya və Avstraliyada çox ciddi rejimlər tətbiq edildi, küçə yürüşləri qadağan olundu, insan haqları və azadlıqlarında məhdudiyyətlər yaşandı. Azərbaycanda pandemiyadan öncə də problemlər vardı, pandemiyadan sonra isə insan haqları və sərbəst toplaşmaq azadlığı hüquqlarının daha da məhdudlaşmasının şahidi olduq".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan ümumilikdə 7 milyon civarında şəxsin öldüyü açıqlanıb. Azərbaycanda isə indiyə qədər bu virusa yoluxanlardan 10 min 400 civarında şəxsin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG