Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:41

Koronavirusa görə əlavə pul ayrılsa...


Manat
Manat

Dövlət başçısı İlham Əliyev aprelin 6-da Sumqayıtda tibbi maska istehsal edəcək müəssisənin açılışında koronavirus pandemiyasının vurduğu ziyanın aradan qaldırılmasından da bəhs edib. O, bununla bağlı əlavə pul ayrılmasını da istisna etməyib.

"... İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2.5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun", - prezident qeyd etmişdi.

Dövlət başçısı daha sonra da bunları əlavə edib: "... Tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2.5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub".

R.Həsənov
R.Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənov AzadlıqRadiosuna deyib ki, koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması üçün 1 milyard 343 milyon 600 min manat vəsait ayrılıb. O xatırladıb ki, bunun 1 milyard manatı prezidentin sərəncamı ilə dövlət büdcəsindən ayrılıb. İqtisadçının qeyd etməsinə görə, qalan 343 milyon 600 min manat isə müxtəlif beynəlxalq layihə və Sahibkarlığa Yadım Fondunun payına düşür.

R.Həsənov vurğulayıb ki, dövlət başçısının deməsinə görə isə, bu məsələlərə əlavə olaraq 1 milyard 200 milyon manatdan çox vəsait lazımdır: "Ola bilər ki, növbəti işçi qruplar tədbirlər planlarını açıqlarkən bu məqsədlə əlavə vəsaitlər ayrılacaq. Hələlik, bu vəsaitin mənbəyi, ayrılması barədə konkret rəsmi məlumat yoxdur".

"Birinci istiqamət sosial təminatın gücləndirilməsidir"

Ekspertə görə, əgər bu vəsait ayrılarsa, indiki şərtlər daxilində, əsasən, iki istiqamətə sərf olunmalıdır: "Birinci istiqamət əhalinin sosial təminatının gücləndirilməsidir. Xüsusilə karantin şəraitində hərəkəti məhdudlaşdırılmış günəmuzd işləyənlər. Həm də, ayrılan vəsait indiyə kimi bu dövlət dəstəyindən kənarda qalan insanların ailə maliyyə təminatının gücləndirilməsinə kifayət etməlidir".

"Mikro sahibkarlıq subyektlərinə fərq qoyulmamalıdır"

Onun fikrincə, bu, ailələrin ərzaq və dərman ehtiyacları ilə bağlı zəruri tələbatlarının ödənilməsinə də yönəldilə bilər. R.Həsənov hesab edir ki, daha bir istiqamət isə ən azı karantin dövründə kirayə və kommunal xidmətlər üzrə öhdəliklərin müəyyən bir qisminin və ya hamısının kompensasiya olunması ola bilər. Ekspertə görə, sahibkarlara dəstək daha da gücləndirilməli və mikro sahibkarlıq subyektlərinə fərq qoyulmamalıdır: "Odur ki, təxminən 1 milyard 200 milyon manat əlavə vəsaitin danışılan istiqamətlərə sərf olunması məqsədəuyğundur".

Deputat Vahid Əhmədov isə hesab edir ki, qeyd olunan məsələlər üzrə pandemiyanın təsirlərini aradan qaldıra bilmək üçün ilkin mərhələdə 2.5 milyard vəsait yetərlidir. O vurğulayıb ki, koronavirus pandemiyasının nə qədər davam edəcəyi hələ bəlli deyil və bununla bağlı hər hansı ciddi proqnoz verilmir:

V.Əhmədov
V.Əhmədov

"Ehtiyacı olan insanlar həmin vəsaiti almalıdırlar"

"Burada əsas məsələ vəsaitin ehtiyacı olan insanlara verilməsidir. Xirda, orta sahibkarları ziyana düşmələri ilə bağlı başa düşürəm. Amma bu sahibkarlara kredit güzəştləri və s. nəzərdə tutulur. Fikrimcə, əsas məsələ günəmuzd işləyən insanlardır ki, hazırda işləmirlər. Onlara yardım etmək lazımdır. Bugün də bu məsələ ilə bağlı mənə xeyli telefon zəngləri olub. Odur ki, ilkin olaraq həmin kateqoriyanın problemini həll etmək lazımdır. Yəqin ki, rayon icra hakimiyyətləri siyahıları müəyyən edərlər".

Deputat sonra da əlavə edib: "Mən belə hesab edirəm ki, ilkin olaraq ehtiyacı olan insanlar həmin vəsaiti almalıdırlar. Daha sonra müqavilə əsasında çalışan muzdlu işçilər ki var, əksəriyyəti hazırda işləmirlər, onlar nəzərə alınmalıdır".

Bundan əvvəl görülən işlər...

Prezident martın 19-da koronavirusla bağlı dünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. O, sərəncamın icrası ilə bağlı 1 milyard manat pul ayırıb. Nazirlər Kabineti prezidentin bu sərəncamın icrası ilə bağlı aprelin 4-də Tədbirlər Planını təsdiqləyib.

Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərdən (ölkədə rəsmən 1.7 milyona yaxın muzdlu işçi olduğu bildirilir) əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 300 min nəfərə 215 milyon manat kompensasiya veriləcək. Habelə, sənəddə 300 min fərdi (mikro) sahibkara veriləcək maliyyə dəstəyinin həcmi də açıqlanıb. Onlara da ümumilikdə 80 milyon manat maliyyə dəstəyi verilməlidir. Eyni zamanda, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə 190 manat birdəfəlik ödəmə veriləcək. Həmçinin, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 75 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 717 şəxsin koronavirus infeksiyasına yoluxduğu, onlardan 44 nəfərin müalicə olunaraq sağaldığı, 8 nəfərin də vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər. Əks halda, cərimələnirlər.

XS
SM
MD
LG