Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:36

Koronavirusun mənşəyini öyrənmək üçün Çinə ekspertlər göndərilir


Doktor Margaret Harris
Doktor Margaret Harris

Dünya Səhiyyə Təşkilatının (DST) “ilkin” təhqiqat komandası qlobal pandemiyaya səbəb olmuş yeni koronavirusun mənşəyinin araşdırılması məqsədilə Çinə ezam edilib.

Reuters yazır ki, bu barədə məlumatı DST-nin sözçüsü iyulun 10-da bəyan edib.

Virusun mərkəzi Çindəki Vuhan şəhərinin topdansatış heyvan bazarından qaynaqlandığına inanılır.

Heyvan virusunun ilk dəfə məhz burada insanlara yoluxduğu barədə məlumat verilib. Bazar hazırda bağlıdır.

Əvvəlcə danışıqlar olacaq

DST sözçüsü Margaret Harris Cenevrədə keçirdiyi brifinqdə deyib ki, heyvanların sağlamlığı və epidemiologiyası üzrə ekspertlər qrupu əvvəlcə Çin alimləri ilə birlikdə planlaşdırılan təhiqiqatın miqyası və predmetini müəyyənləşdirməlidirlər.

Bu qrup habelə Çin tərəfi ilə əsas komissiyanın tərkibi, ora daxil olacaq mütəxəssislərin heyəti barədə danışıqlar aparacaq:

"Hamını maraqlandıran ən böyük məsələlərdən biri də budur ki, biz niyə Çinə heyvan sağlamlığı ekspertlərini göndərmişik. Əsas ekspert Çində virusun insanlara heyvanlardan və hansı heyvan növlərindən keçib-keçmədiyini müəyyənləşdirməlidir”.

DST-nin sözçüsü daha sonra deyib:

"Biz bilirik ki, bu virus yarasalarda olan virusa çox, lap çox bənzəyir. Lakin aralıqda ötürücü rolunu oynayan başqa heyvan növü də olubmu? Bu sualın cavabına hamımızın ehtiyacı var”.

Xanım Harris bunu da deyib ki, DST qlobal pandemiya ilə necə mübarizə aparıldığını araşdıran müstəqil şurada heç bir rol oynamayacaq.

Belə bir şuranın yaradılması iyulun 9-da elan edilib.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump və dövlət katibi Michael Pompeo demişdilər ki, koronavirus Vuhandakı laboratoriyadan yayıla bilərdi.

Çin bu versiyanı qətiyyətlə rədd edir. ABŞ alimləri və kəşfiyyat orqanları virusun təbiətdən qaynaqlandığını bildiriblər.

Koronaviruslu xəstə: 'Dərmana öz cibimdən 300 manat xərcləmişəm'
Gözlə

No media source currently available

0:00 0:03:07 0:00

Həssas siyasi məsələ

The Associated Press (AP) yazır ki, DST-nin bu missiyası siyasi baxımdan həssas məsələdir. Bundan az əvvəl ABŞ DST ilə bütün bağları kəsdiyini bildirmiş və təşkilatı Çinə üzgörəlikdə ittiham etmişdi.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian iyulun 10-da deyib ki, DST missiyasının səfəri Pekinin öz təşəbbüsüdür.

O əlavə edib ki, Çindən fərqli olaraq ABŞ Dünya Səhiyyə Təşkilatından çıxacağını elan edib və həm də bu “antiepidemioloji məsələsini” siyasiləşdirib.

Ötən may ayında 120-dək ölkə DST-ni virusun mənşəyinin araşdırılmasına çağırmışdı.

Çin onda israr edirdi ki, belə bir araşdırmanı DST aparmalıdır, amma bunun üçün əvvəlcə pandemiyanın nəzarət altına alınması vacibdir.

DST-nin koronavirusla bağlı Çinə son missiyası fevral ayında olmuşdu. O vaxt kanadalı həkim Bruce Aylward Çinin epidemiya ilə mübarizəsini tərifləmişdi. Lakin az sonra onun özü ABŞ və Kanada rəsmilərinin tənqidinə tuş olmuşdu.

Associated Press bildirir ki, onun özünün yanvarda apardığı təhqiqat DST rəsmilərinin Çindən narazı olduqlarını göstərmişdi.

DST Çinin virusun genetic xəritəsini və ya genomunu gec təqdim etməsindən narazı idi.

Yanvar ayında DST-nin vəzifəli nümayəndəsi bildirmişdi ki, Çin virusun insadan insana yayılmasına dair onda olan məlumatları tam bölüşməyib və bu da epidemiyanın daha geniş miqyasda yayılması ilə nəticələnib.

XS
SM
MD
LG