Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:34

Azərbaycanda korrupsiya ilə mübarizə yerində sayır


Azərbaycanda korrupsiya mexanizmləri: məmurlar dövlət vəsaitini necə mənimsəyir?
Gözlə

No media source currently available

0:00 0:06:20 0:00

Azərbaycanda korrupsiya mexanizmləri: məmurlar dövlət vəsaitini necə mənimsəyir?

Korrupsiya Azərbaycan üçün ən ağrılı problemlərdən biridir. İnsanlar bu problemin doğurduğu çətinlikləri vaxtaşırı dilə gətirirlər. Deyirlər ki, ən sadə məsələlərin həllində də, zaman-zaman, süründürməçiliklə, qaba davranışla, ümidsizliklə qarşılaşır, pulun, qiymətli "hədiyyə"lərin yolaçıcı rolunu görürlər. Bu da ilgi çəkir ki, Azərbaycanla bağlı korrupsiya qalmaqalları təkcə ölkə daxilində baş vermir və beynəlxalq korrupsiya qalmaqallarında da ölkənin adı hallanır. İndiyədək yayımlanan araşdırmalarda avropalı siyasətçilərin ələ alınması, prezident, nazir və digər yüksək vəzifəli şəxslərlə bağlı pulyuma əməliyyatları ictimaiyyətə açıqlanıb.

Azərbaycanın Cinayət Məcəlləsində istər rüşvətalma (passiv rüşvətxorluq), istərsə rüşvətvermə (aktiv rüşvətxorluq) ilə bağlı cəza tədbirləri nəzərdə tutulub. Hökumət rəsmiləri də bu məsələni tez-tez gündəmə gətirirlər. Özəlliklə rəsmi şəxslər son zamanlar tez-tez bildirirlər ki, ölkədə korrupsiya ilə mübarizə daha da kəskinləşib. Bəs qiymətləndirmələr nə göstərir? Azərbaycanda antikorrupsiya mübarizəsi doğrudan da artıbmı?

Hər hansı ölkədə korrupsiya səviyyəsini qiymətləndirərkən ən çox istifadə edilən göstəricilərdən biri Korrupsiyanı Qavrama İndeksidir. "Transparency International" beynəlxalq şəffaflıq təşkilatı 1995-ci ildən bəri hər il bu indekslə bağlı hesabat yayımlayır. Beləcə, ekspertlərin, qeyri-hökumət təşkilatlarının və biznes təmsilçilərinin toplumda korrupsiyaya dair baxışları diqqətə yetirilir. 180 ölkənin qiymətləndirildiyi indeksin tədqiqat metodologiyasına görə, 0 bal ən yüksək korrupsiya, 100 balsa ən aşağı korrupsiya qavrayışına uyğundur. Bir ölkədəki durumun normal dəyərləndirilməsi üçün, ən azı, 50 bal toplanmalıdır.

180 ölkə arasında 128-ci

Azərbaycanın Korrupsiyanı Qavrama İndeksini heç də uğurlu saymaq olmaz. "Transparency International"ın bu il açıqladığı sonuncu hesabatına görə, Azərbaycan 30 balla 180 ölkə arasında 128-ci yerdə qərarlaşıb. Deməli, yalnız 52 ölkəni qabaqlaya bilib. Azərbaycanın göstəricisi digər 127 ölkədən daha zəifdir. Bu baxımdan, hesabata görə, Azərbaycan dünyada korrupsiya bağlı durumun ən problemli olduğu ölkələrdən biri sayıla bilər.

Azərbaycanın Korrupsiyanı Qavrama İndeksinin cəmi 30 bal olması sözügedən qurumun minimum tələbindən (50 bal), az qala, iki dəfə aşağı göstəricidir. Hesabatda diqqətçəkən daha bir məqam son illər Azərbaycanın qiymətləndirmədə topladığı balların dəyişməməsidir. Məsələn, son üç il boyunca (2019-2021) Azərbaycan eyni balı toplayıb (30 bal). Bu o deməkdir ki, hökumət rəsmiləri tez-tez korrupsiya ilə mübarizənin artmasından söz açsalar da, beynəlxalq qiymətləndirməyə görə, ölkədə korrupsiyanın durumunda ciddi dəyişiklik baş verməyib.

Azərbaycan indiyədək ən yüksək balı 2017-ci ildə toplaya bilib. Həmin il ölkənin göstəricisi 31 bal idi. Bu baxımdan, Azərbaycanın indiki göstəricisi hətta 2017-ci illə müqayisədə 1 bal daha pisdir. On il öncə - 2012-ci ildə isə Azərbaycanın sözügedən indeksi cəmi 27 bal olmuşdu. Deməli, ölkə son 10 ildə, vur-tut, üç ballıq artıma nail ola bilib.

Regionda durum necədir?

"Transparency International"ın qiymətləndirməsinə görə, ötən il korrupsiya səviyyəsinin ən aşağı olduğu ölkələr Danimarka, Finlandiya və Yeni Zelandiyadır. Hər üç ölkə 100 mümkündən 88 bal toplaya bilib. Onların ardınca 85 bal toplayan üç ölkə - Sinqapur, İsveç və Norveç gəlir. İsveçrə (84 bal), Niderland (82 bal) və Lüksemburq (81 bal) da 80 baldan daha yüksək qiymətəndirilən ölkələr arasında olub. Korrupsiya ilə bağlı vəziyyətin ən problemli olduğu ölkələrsə Cənubi Sudan (11 bal), Suriya (13 bal), Somalı (13 bal) və Venesueladır (177 bal).

Azərbaycan topladığı balla həm də Cənubi Qafqazdakı digər iki qonşusundan geri qalıb. Məsələn, Gürcüstan son qiymətləndirmədə 55 bal toplayıb və, deməli, minimal hədd sayılan 50 baldan daha yüksək nəticə göstərməklə Azərbaycanın 128-ci olduğu sıralamada 45-ci yerdə qərarlaşıb. Bu nəticə ilə Gürcüstan həm də Baltikboyu ölkələrdən sonra keçmiş sovet respublikaları arasında ən yaxşı göstəriciyə nail olub. Ermənistanın da nəticəsi Azərbaycandan yaxşıdır. Ermənistan siyahıda 49 balla 58-ci yeri tutub və, demək olar, minimal həddə (50 bala) çatıb.

Azərbaycanla quru sərhədi olan digər üç ölkənin - Türkiyə, Rusiya və İranın göstəricilərini isə elə də uğurlu saymaq mümkün deyil. Bu üç ölkə arasında ən zəif nəticə İrandadır – 25 bal. Beləcə, İran dünyada korrupsiya ilə bağlı durumun ən pis olduğu 30 ölkədən biridir. Rusiyanın göstəricisi təxminən Azərbaycan qədərdir – 29 bal və bu ölkə 180 ölkə arasında 136-cı yerdə qərarlaşıb. Türkiyə isə 38 balla 96-cı sıradadır.

XS
SM
MD
LG