Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:59

Kosmosda film studiyası qurulacaq


Beynəlxalq Kosmik Stansiya
Beynəlxalq Kosmik Stansiya

"The Guardian" qəzeti Tom Kruzun kosmosda çəkməyi planlaşdırdığı filmin üzərində onunla birgə çalışan şirkətin kosmosda film studiyası və idman arenası tikmək planları haqda yazıb.

"Space Entertainment Enterprise" (SEE) adlı şirkət SEE-1 adlı modulunu artıq 2024-cü ilin dekabrında bitirməyi planlaşdırır. SEE-1 modulu Beynəlxalq Kosmik Stansiyanın (BKS) kommersiya qanadı olan "Axiom" stansiyasında quraşdırılacaq.

Modul film, televiziya və idman çəkilişlərinə ev sahibliyi edəcək. Hərçənd, modulda toplana biləcək tamaşaçı sayı, hələlik, dəqiq müəyyənləşdirilməyib. Bura tamaşaçılardan başqa, kontent istehsalçıları, prodüserlər, rejissorlar, səs mühəndisləri, Yerdən 402 kilometr uzaqdan translyasiya və canlı striminq mütəxəssislərinin sayı da daxildir.

Həyəcanlı, yeni fəsil

SEE burada öz kontentini çəkmək fikrindədir. Ancaq üçüncü tərəflər də bu moduldan istifadə edə biləcəklər.

Sözügedən "Axiom" stansiyasının 2028-ci ildə Beynəlxalq Kosmik Stansiyadan ayrılması planlaşdırılır. "Axiom Space. Inc" şirkəti ötən ayın əvvəli BKS-nın kommersiya qanadını quraşdırmaq üçün kontraktı udub. Bu aerokosmik şirkətin baş qərargahı Texasın Hyuston şəhərindədir. Şirkətin əsası 2016-cı ildə Kam Qaffarian və Mişel Suffredini tərəfindən qoyulub. Kam Qaffarianın İranda doğulduğu bildirilir.

"SEE-1 bəşəriyyətin fərqli bir məcraya keçərək kosmosda həyəcanlı yeni bir fəslə başlaması üçün inanılmaz imkandır", – SEE-nin həmtəsisçiləri Dmitri və Yelena Lesnevskilər deyiblər.

"Axiom" bu il Tom Kruz və rejissor Daq Laymanı Beynəlxalq Kosmik Stansiyaya göndərəcək şirkətdir. Onların çəkəcəyi bu film kosmosda çəkilən ikinci film olacaq.

12 günə çəkilmiş "The Challenge"

Tom Kruz 2021-ci ilin oktyabrında kosmosa uçmağı planlaşdırırdı. Ancaq sonradan səfər bir neçə aylığa təxirə salınıb. Səbəbin 200 milyon dollarlıq büdcə ilə bağlı olduğu deyilir. Rusiyalı çəkiliş qrupu ötən ilin oktyabrında Beynəlxalq Kosmik Stansiyaya uğurlu uçuş həyata keçirərək "The Challenge" adlı filmin çəkilişini 12 günə başa çatdırıb. Xəstəliyi Yerə dönməsinə imkan verməyən kosmonavt və buna görə onu kosmosda əməliyyat etməli olan cərrah haqqındakı film bu il ekrana çıxmalıdır.

Bu günlərdə astronavtların çəkdiyi görüntülər olan sənədli filmlər çox yayğındır. Canlı, qlobal teletranslyasiya isə ta "Apollo" gəmisinin Aya enməsi anından bəri irəliyə doğru iri addımlar atıb. Ancaq Yer kürəsi xaricində bədii film çəkilişləri aparmaq bu sahədə yeni bir mərhələdir.

Hadisələrin kosmosda cərəyan etdiyi filmlərin sayı az deyil. Əslində bu, kino industriyasında ən çox marağa səbəb olan janrlardan biridir. Ancaq təbii ki, logistik və maliyyə məsələləri çəkiliş qruplarının bilavasitə kosmosa getməsini qeyri-mümkün edirdi. Nəticədə hadisələrin kosmosda cərəyan etdiyini göstərmək və səhnələri inandırıcı etmək üçün əsas yük xüsusi effektlərin və onları yaradan kreativ komandaların üzərinə düşürdü.

Yerdə çəkisizlik şəraiti

2008-ci ildə kosmik turist Riçard Qerriot tərəfindən çəkilən "Apogee of Fear" adlı 7-dəqiqəlik qısa filmdə bir neçə astronavt aktyorluq məharətini nümayiş etdirib. Hətta 1984-cü ildə çəkilən "Orbitdən qayıdış" adlı sovet filminin də bir neçə səhnəsi kosmosda çəkilib.

Son illərdə alimlər Yerdə kosmosdakı çəkisizlik şəraitini yaratmağa cəhd ediblər. Kinematoqrafçılar bu yenilikdən yararlanmağa çalışıblar. Alfonso Kuaronun 2013-cü ildə çəkdiyi "Gravity" filmində Sandra Bullok və Corc Kluninin çəkisizliyinin və orbitlərarası sərbəst uçuşunun bu qədər inandırıcı görünməsinin arxasında illərin elmi tədqiqatı və səyləri, milyonlarla dollarlıq innovasiyalar dayanır. 100 milyon dollara başa gələn bu film 723 milyon dollar kassa gəliri gətirib və yaradıcılarına yeddi "Oskar" mükafatı qazandırıb.

XS
SM
MD
LG