Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:44

Kramatorska raket zərbəsindən ölənlərin sayı 10-a çatıb, işarəçinin saxlandığı deyilir


Kramatorsk hücumdan sonra
Kramatorsk hücumdan sonra

Ukraynanın Təhlükəsizlik Xidməti – SBU Kramatorskun mərkəzindəki kafeyə raket zərbəsinə işarə verən Rusiya agentinin saxlandığını bildirib.

Zərbə nəticəsində 10 nəfərin öldüyü, 61 nəfərin yaralandığı xəbər verilir. Ölənlərdən üçü uşaqlardır.

SBU-nun dərc etdiyi videoda saxlanan şəxsin yerli qaz idarəsinin işçisi olduğu deyilir. Saxlanan şəxs bildirir ki, iyunun 27-də ona kafenin işləyib-işləmədiyini, orada adamların olub-olmadığını öyrənmək tapşırığı verilib. O deyib ki, kafedə və avtomobil parkında gizli çəkiliş aparıb və videonu Rusiya hərbi kəşfiyyatına göndərib.

Ukrayna mediası bildirir ki, bu kafedə xarici jurnalistlər və hərbi müşavirlər tez-tez nahar edirdlər.

Ukraynanın Baş Prokurorluğu məlumat verir ki, Kramatorska iki İskander raketi atılıb. Jurnalistlər xəbər verirlər ki, raketlərdən biri “Kramatorsk” otelinin yaxınlığındakı ticarət mərkəzini vurub. Sözü gedən kafe bu mərkəzdə yerləşirdi.

Yaralıların arasında bir körpə uşaq və üç Kolumbiya vətəndaşı var.

***

Ukraynanın şərqi Kramatorsk şəhərinə Rusiyanın hücumunda ölənlərin sayı 9-a çatıb. Ukrayna Dövlət Fövqəladə Xidmətinin iyunun 28-də bildirdiyinə görə, 56 nəfər xəsarət alıb.

İyunun 27-də axşam Kramatorska iki raket atılıb. Onlardan biri şəhərin mərkəzində xeyli adamın olduğu pitsa restoranına, digəri isə şəhərin kənarında yerləşən kəndə düşüb. Kramatorsk Donetsk vilayətində yerləşir.

Üç uşaq həlak olub

Ölənlərin üçü uşaqdır. Zərbələrdən restoran və qonşu binalar dağılıb. Dağıntılar altından üç nəfər çıxarılıb. Raket zərbələri təhdidi davam etdiyindən xilasetmə əməliyyatları müvəqqəti dayandırılıb.

Fövqəladə xidmət rəsmiləri Telegram-da yazıblar ki, xilasedicilər dağılmış binanın xarabalıqları arasında axtarış işləri aparır.

Donetsk hərbi administrasiyasının başçısı Pavlo Kirilenko deyib ki, şəhər mərkəzinə yaxın saysız binalar, mağazalar, kafelər və digər bizneslər dağılıb.

Şəhər kənarına düşən ikinci raket beş nəfərin xəsarət almasıyla nəticələnib. Ukraynanın mərkəzi Poltava vilayətindəki Kremençuk şəhərinə düşən üçüncü raket isə itkiyə səbəb olmayıb.

Prezident Volodimir Zelenski gecə müraciətində deyib ki, hücumlar Rusiyanın “elədiklərinə görə yalnız bir şeyə layiq olduğunu göstərdi – məğlubiyyətə və tribunala”.

Azı 9 min dinc sakin

Bir il öncə Kremençukda ticarət mərkəzinə raket hücumunda 20 nəfər öldürülüb.

Kramatorsk Donetsk vilayətində böyük bir şəhərdir, Rusiyanın qərbə doğru istənilən irəliləyişində əsas hədəf kimi görünür. O tez-tez Rusiyanın hücumlarının hədəfinə çevrilir. Mayın 2-də Tornado yaylım atəşi sistemlərindən raket atəşinə tutulub. Rusiya qüvvələri həmin zərbələrdə sursatla dolu vaqonun sıradan çıxarıldığını iddia edib.

Ötən ilin aprelində Kramatorskda dəmiryolu vağzalına Rusiyanın zərbəsindən 63 nəfər həlak olub. Bu il isə şəhərdə yaşayış binaları və mülki infrastruktura daha iki zərbə endirilib.

Xeyli dəlillərin olmasına baxmayaraq, Moskva Ukraynada mülki əhalini hədəfə almadığını deyir. İyunun 18-dək olan məlumata görə, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan 9 min 83 dinc sakin həlak olub. Bunu BMT təsdiqləyir.

XS
SM
MD
LG