Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:20

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyindən imtina edir


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Taşmaqambetov
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi İmanqali Taşmaqambetov

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsinə baxmayaraq Rusiyanın başçılıq etdiyi bu hərbu blok "Ermənistana müşahidə missiyasının göndərilməsi məsələsi üzərində işi davam etdirir".

Bu bəyanatı noyabrın 21-də KTMT-nin katibliyi verib.

Bundan bir gün əvvəl təşkilatın baş katibi İmanqali Taşmaqambetov Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka ilə görüşündə demişdi ki, Yerevan KTMT-dən təşkilatın Ermənistana hərbi yardımı məsələsinin sammitin gündəliyindən çıxarılmasını rica edib.

KTMT-nin qazaxıstanlı baş katibi bu barədə demişdi:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ötən ilin noyabrında Yerevanda keçirilmiş görüşündə qəbul edilmiş 34 qərardan indiyədək yalnız ikisi yerinə yetirilməyib. Bunlardan biri KTMT şurasının Ermənistana yardım barədə qərarının redaktə olunması idi. Bütün müttəfiqlərin bu qərarı dəstəkləməsinə baxmayaraq Ermənistan bu sənədə heç bir maraq göstərməyib. Üstəlik sənəd üzərində işin yekun mərhələsində Ermənistan tərəfi onun ümumiyyətlə gündəlikdən çıxarılmasını rica edib".

Ermənistanın qərarı dəyişməyib

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Ermənistan KTMT-dən 2022-ci ilin sentyabrında hərbi yardım istəmişdi.

Ermənistan iddia edirdi ki, bu yardım ona "Azərbaycanın təcavüzünü" dəf etmək üçün lazımdır.

Rusiyanın rəhbərlik etdiyi hərbi blok Ermənistana müşahidə missiyası göndərmək barədə qərar qəbul etsə də, sentyabrda baş vermiş qanlı toqquşmaları "Azərbaycanın təcavüzü" kimi tanımaqdan imtina etmişdi.

KTMT-nin Ermənistanda keçirilən sammitində Yerevan bəyan etmişdi ki, Ermənistan "Azərbaycanın təcavüzünə" siyasi qiymət verilənədək müşahidə missiyasının qəbulundan imtina edir.

Paşinyanın izahatı

Ermənistanın KTMT-nin Minsk sammitində iştirakdan imtinasını izah edərkən baş nazir Nikol Paşinyan deyib ki, təşkilat Ermənistanda "hansı ərazi üçün de jure məsuliyyət daşıdığını təsdiqləməkdən imtina edir":

“Belə bir şəraitdə bizim iştirakımız o demək olardı ki, biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan məntiqə qoşuluruq. Biz buna yol verə bilmərik və iştirak etməmək qərarını qəbul etməklə biz KTMT-yə və özümüzə növbəti addımlarımızı götür-qoy etmək üçün vaxt veririk".

Buna baxmayaraq noyabrın 15-də Ermənistan Milli Məclisində keçirilən sual-cavab sessiyasında Paşinyan Ermənistanın KTMT-dən rəsmən çıxmaq məsələsinin planlaşdırıldığına dair diskussiyaya qoşulmaqdan imtina etmişdi.

O bildirmişdi ki, Ermənistan "belə bir strateji qərarı" hələ ki qəbul etməyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG