Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:39

KTMT qüvvələrini Qazaxıstana çağırmağın bədəli


Ermənistan hərbçiləri Qazaxıstana yollanır
Ermənistan hərbçiləri Qazaxıstana yollanır

Rusiyanın Qazaxıstana 3 min, Belarus 500, Tacikistanın 200, Ermənistanın 70 əsgər göndərdiyi bildirilir

Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələri artıq Qazaxıstandadır. Prezident Kasım Jomart Tokayev maye qazın bahalanmasına etirazlardan alovlanmış nəhəng küçə nümayişlərini yatırmaq üçün bu qurumdan dəstək istəyəndən az sonra Rusiya desantçıları artıq Almatıda idi. AzadlıqRadiosu-nun müxbiri Brüs Paniyer bu addımın Qazaxıstan üçün hansı nəticələrə səbəb olacağından yazır.

1992-ci ildə təsis edilmiş KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Qazaxıstan daxildir. İndiyədək heç bir ölkədə münaqişəyə müdaxilə etməyən KTMT Tokayevin xahişinə əlüstü razılıq verdi.

KTMT niyə hərəkətə keçdi

İndiyədək qurum Qırğızıstanda 2005, 2010 və 2020-ci illər inqilablarına, 2010-cu ildə Qırğızıstanın cənubunda etnik zorakılığa, 2020-ci ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqe tutub.

KTMT Xartiyasının 4-cü maddəsinə görə, təşkilat üzv ölkənin ərazi və suverenliyinə xarici qüvvə tərəfindən təhdid yarandığı halda qoşun göndərir.

Sözügedən münaqişələrin heç biri bu kriteriyaya uyğun gəlməyib.

Amma bu ölkələrin heç birinin Rusiya ilə Qazaxıstan kimi 7 min kilometrlik sərhədi yoxdur. Tokayevin ustalıqla beynəlxalq “terrorçu dəstələr” ifadəsini işlətməsi isə KTMT-ni hərəkətə gətirməyə kifayət elədi.

Jeltoqsan hadisələri

Müəllif xarici əsgərlərin Qazaxıstan torpağına ayaq basmasının əhalinin böyük qisminin ürəyincə olmayacağını qeyd edir. Üstəlik, bu addım Tokayevin nüfuzuna silinməz ləkə vuracaq, Paniyer yazır.

Bu yaxınlarda Qazaxıstan Jeltoqsan hadisələrinin 35 illiyini qeyd edib. 1986-cı ilin dekabrında sovet əsgərləri Qazaxıstana girərək respublikanın sovet lideri Dinmuxamed Kunyaev vəzifədən kənarlaşdırılması və yerinə Gennadi Kolbinin təyin edilməsinə etirazları yatırtmışdı. Kolbin vəzifəyə təyin olunanadək heç vaxt Qazaxıstanda işləməmişdi.

Rəsmi məlumata görə, hadisələr zamanı bir neçə nəfər öldürülüb. Orada olanlar isə yüzlərlə etirazçının öldürüldüyünü, buna görə Moskvanın məsuliyyət daşıdığını deyirlər.

Tokayevin KTMT-yə müraciəti də tənqidlə üzləşib.

“Dəhşətli qərar”

ABŞ-ın Qazaxıstandakı keçmiş səfiri Uilyam Kurtni Twitter-də yazıb ki, “Qazaxıstan xalqı bunun korrupsioner tiraniyaya qarşı xalq etirazı olduğunu, ‘xaricdə təlim keçmiş terrorçu bandalar’ tərəfindən ‘aqressiya aktı’ olmadığını bilir”.

Kurtni başqa bir tvitində “Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin əhalini yadlaşdıracağını” yazıb. Onun fikrincə, bu müdaxilə “iki ölkənin otuz illik dostluq münasibətlərinə zərbə vura bilər”.

Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları üzrə Davis Mərkəzində çalışan qazaxıstanlı Nargis Kasenova isə Tokayevin KTMT-yə müraciətini “onun legitimlik qazanmaq şansına zərbə vuracaq” “dəhşətli qərar” adlandırıb.

Şərtlər

RT-nin baş redaktoru Marqarita Simonyan isə Tokayevin müraciətindən sonra Twitter-də yazırdı ki, “Əlbəttə, kömək etməliyik… amma bunun üçün bir neçə şərt var – Krımı Rusiya ərazisi kimi tanımaq, Kiril əlifbasına qayıtmaq, rus dilini Qırğızıstandakı kimi ikinci dövlət dili elan etmək”.

Qırğızıstan KTMT üzvü olsa da hələ ki, Qazaxıstandakı “sülhməramlı qüvvə”yə töhfəsini verməyib. Məsələ ölkə parlamentində qızğın müzakirə doğurub, parlamentin qarşısında buna qarşı etiraz keçirilib. Yanvarın 7-də deputatlar məsələni yenidən səsə qoyacaqlar.

Qırğızıstanda siyasi təhlilçi Aida Alimbayeva Tokayevin KTMT-yə müraciətini “Orta Asiyada avtoritar liderlər üçün presedent yaratdığını” deyib.

“Terrorçudurlarsa...”

Reforma partiyasının lideri Klara Sooronkulova deputatların Qazaxıstana qüvvə göndərməsini təsdiqləyəcəyini gözləyir. Çünki Prezident Sadır Japarov bu addımı dəstəkləyir.

“Tokayev onların terrorçu olduqlarını deyir, amma bu həqiqət deyil. Onlar terrorçudurlarsa, Qazaxıstan ordusunun üzvləri niyə onların tərəfinə keçir”, – Sooronkulova söyləyir.

Rusiyanın Qazaxıstana 3 min, Belarus 500, Tacikistanın 200, Ermənistanın 70 əsgər göndərdiyi bildirilir.

Rusiya və Qazaxıstan rəsmiləri bu qüvvələrin strateji obyektləri qoruyacağını, “antiterror” əməliyyatında iştirak etməyəcəyini deyirlər.

Amma Qazaxıstanda və xaricdə çoxları xarici əsgərlərin ölkəyə gəlişini onun suverenliyinin qurban verilməsi, Tokayev hökumətinin zəifliyi kimi görürlər. Onların fikrincə, Rusiya gələcəkdə Tokayevə bu yaxşılığı xatırlada, əvəzində Kremlin ondan gözləntilərini açıqlaya bilər.

XS
SM
MD
LG