Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:12

KTMT başçısı Azərbaycanı ittiham etmədi


Stanislav Zas
Stanislav Zas

“Azatutyun” Stanislav Zasın KTMT-nin fəaliyyətsizliyinə görə Ermənistanda açıq tənqidlə üzləşdiyini yazır

Ermənistan-Azərbaycan sərhədində insidentlər Qafqaz regionu, eləcə də KTMT üzvü Ermənistanın təhlükəsizliyə hədə yaradır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Stanislav Zas avqustun 10-da Ermənistanda hərbi hissəyə səfər zamanı belə bir bəyanatla çıxış edib. AzadlıqRadiosu-nun Ermənistan xidməti onun Azərbaycanı birbaşa ittiham etmədiyini vurğulayır.

Hamı üçün yaxşı variant

“Biz Ermənistanın dövlət strukturlarının köməyilə mütəşəkkil monitorinq aparırıq. Əlbəttə, hesab edirik ki, Ermənistan-Azərbaycan sərhədindəki sizin qeyd etdiyiniz insidentlər Qafqaz regionunun, eləcə də KTMT üzvü Ermənistanın təhlükəsizliyinə hədə yaradır. Problemin həllinə gəlincə, düşünürük ki, bu vəziyyətin siyasi həlli yolları tükənməyib və bu, hamı üçün ən yaxşı variant olardı”, – Zas deyib.

Ermənistan bu il mayın 12-də Azərbaycan Silahlı Qüvvələrinin onun ərazisinə girdiyini iddia edib. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirib. Ermənistan KTMT-yə 4-cü maddənin işə salınmasıyla bağlı rəsmi müraciət etsə də, qurum hər hansı addım atmadı. Həmin maddədə deyilir ki, üzvlərdən birinə silahlı hücum üzv ölkələrin hamısına hücum hesab olunacaq.

Rəsmi Yerevanın KTMT-yə rəsmi müraciətindən ayyarım sonra qurum rəhbəri deyib ki, Ermənistanın cənubunda vəziyyətin kəskinləşməsi “sərhəd insidenti”dir və təşkilatın nizamnaməsinin şərtlərinə uyğun gəlmir.

Müdafiə nazirinin iradı

“Azatutyun” Stanislav Zasın KTMT-nin fəaliyyətsizliyinə görə Ermənistanda açıq tənqidlə üzləşdiyini yazır. O, bir gün öncə Ermənistanın Müdafiə naziri Arşak Karapetyanla görüşüb. Karapetyan ona deyib ki, Ermənistan tərəf hərbi blokdan dəstək gösləyirdi.

“Sizi mayda gözləyirdik. Onda Ermənistan üçün kifayət qədər gərgin dövr idi. Amma təəssüf ki, siz gəlmədiniz. İndi sərhədlərimizdə ağır sabit vəziyyət yaranıb”, – deyən nazir dövlət sərhədinin pozulmasına gətirəcək hər hansı kəskinləşməyə qarşı olduqlarını vurğulayıb. O, sərhədləri “qətiyyətlə müdafiə” edəcəklərini dilə gətirib.

Karapetyan təəssüfünü bildirib ki, KTMT-də qərarların qəbulu və böhran vəziyyətlərə reaksiya mexanizmləri operativ vəziyyətin indiki tələblərinə cavab vermir.

Siyasi təhlilçi Akop Badalyan isə düşünür ki, bu səfər KTMT-nin mövqeyində ciddi dəyişikliyə səbəb olmayacaq.

“Çünki bu dəyişikliklər KTMT-nin baş katibi səviyyəsində müzakirə olunan məsələlər deyil. KTMT-nin mövqeyi üzv ölkələrin siyasi mövqelərinə əsaslanır. Azərbaycana münasibətdə bu siyasi mövqelər hamıya çoxdan aydındır”, – o deyib.


Xatırlatma

Rusiyanın başçılıq etdiyi KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxildir.

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG