Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:56

Ermənistanın iki vətəndaşının məhkəməsi başlandı


Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan

Azərbaycanlı əsirlərə işgəncə verməkdə, onlardan bəzilərini qətlə yetirməkdə suçlanan iki nəfər Ermənistan vətəndaşının – Lüdvik MkrtiçyanAlyoşa Xosrovyanın Bakıda mühakiməsi başlayıb. Onların işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Məhkəmə prosesi isə Yasamal rayon Məhkəməsinin binasında keçirilir.

İyunun 9-da məhkəmədə prokuror ittiham aktını elan edərkən məlum olub ki, Mkrtiçyan və Xosrovyana Azərbaycan CM-nin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 120 (qəsdən adam öldürmə) 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) və başqa maddələri ilə ittihamlar verilib.

Özlərini qismən təqsirli bilirlər

Cinayət işinin materiallarında 1969-cu il təvəllüdlü Mkrtiçyanın 1990-cı illərdə Birinci Qarabağ müharibəsindən sonra ümumilikdə 11 nəfər azərbaycanlı əsirə işgəncə verdiyi və ya öldürdüyü göstərilib. Onun bəzi azərbaycanlı əsirlərin sorğu-sual edilməsində tərcüməçi kimi iştirak etdiyi, bu zaman onlara işgəncə verdiyi də ittihamda əksini tapıb.

1967-ci il təvəllüdlü Xosrovyan isə əsirlikdə beş nəfər azərbaycanlıya qarşı cinayət törətməkdə suçlanır. İttihamda yazılıb ki, Xosrovyan əsir azərbaycanlını Dağlıq Qarabağın qondarma "müdafiə naziri" Samvel Babayan üçün evin tikintisində ağır işlər görməyə məcbur edib, onu döyüb.

Mkrtiçyan və Xosrovyan özlərini qismən təqsirli bildiklərini deyiblər. Onlar yalnız Azərbaycan torpaqlarına icazəsiz keçmə ilə bağlı ittihamı qəbul ediblər. Digər ittihamların heç biri ilə razılaşmayıblar. Təqsirləndirilən şəxslər əsir və girovlara işgəncə vermədiklərini deyiblər.

"Tələb edirdilər ki, kəşfiyyatçı olduğumu boynuma alım"

Onlara ifadə vermək təklif olunsa da, indiki mərhələdə imtina ediblər. Bildiriblər ki, zərərçəkmiş şəxslər dindiriləndən sonra ifadə verəcəklər.

Bu cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onlardan Qərib Vəliyev iyunun 9-da məhkəmədə dindirilərkən bildirib ki, 1999-cu ildə Tapqaraqoyunlu kəndi yaxınlığında heyvan otaranda əsir götürülüb. Şuşa həbsxanasına aparıldığını deyən zərərçəkmişin sözlərinə görə, orada işgəncələrə məruz qalıb: "Mkrtiçyan Azərbaycan dilindən tərcüməçi işləyirdi. Sinəmə təpiklə elə vururdu... Yaxınlıqdakı hərbi hissənin yerini soruşurdular, tələb edirdilər ki, kəşfiyyatçı olduğumu boynuma alım. Bu, Azərbaycan dilində təmiz danışa bilir".

Vəliyev deyir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin müdaxiləsindən sonra işgəncələr dayanıb. İki ay sonra o, geri qaytarılıb.

"Dəmir boru ilə başımıza vururdular"

1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşdüyünü deyən başqa bir zərərçəkmiş Cavid Hüseyn də Şuşa həbsxanasında işgəncəyə məruz qaldığını bildirib. O, təqsirləndirilən şəxslərin hər ikisini ona verilən işgəncələrə görə ittiham edib: "Bizi əvvəlcə Xankəndinə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orda dəmir boru ilə başımıza vururdular".

Məhkəmə prosesi iyunun 16-da davam edəcək.

Mkrtiçyan və Xosrovyanın ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hər iki təqsirləndirilən ötənilki hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıblar. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG