Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:28

'Buna rəvac verən Azərbaycan iqtidarı oldu'


Laçın-Xankəndi yolunun dekabrın 12-dən bağlandığı bildirilir.
Laçın-Xankəndi yolunun dekabrın 12-dən bağlandığı bildirilir.

2022-ci ilin sonuna yaxın Qarabağ ətrafında vəziyyət gərgin qiymətləndirilir. Bir tərəfdən, Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədində iki aylıq monitorinqi oktyabrın 19-da başa çatıb, yeni uzunmüddətli missiyanın göndərilməsi müzakirə edilir. Digər tərəfdən isə, Laçın-Xankəndi yolunun dekabrın 12-dən bağlandığı bildirilir. Orada artıq doqquz gündür Azərbaycan vətəndaşları ekoloji tələblərlə aksiya keçirirlər.

Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel (Josep Borrell) bildirib ki, 40 avropalı ekspertin sərhəddə yerləşdirilməsi effektiv olduğunu sübut edib və qeyri-sabit vəziyyətdə etimadın yaradılmasına töhfə verib.

E.Nəsirov
E.Nəsirov

"Ermənistan çox çalışır ki…"

Milli Məclisin deputatı Elman Nəsirov isə "Turan"a deyib ki, hazırda missiya bitib və davamı gözlənilir, amma onun hansı hesabat hazırladığı, hansı faktları topladığı barədə, hələlik, ictimaiyyətə məlumat verilmir: "Ona görə də bu monitorinqin nəticələri ilə bağlı fikir söyləmək tezdir".

Deputatın fikrincə, Ermənistan çox çalışır ki, postmüharibə dövrünün həllini gözləyən məsələlərinin tənzimlənməsinə Rusiyadan əlavə digər tərəfləri də cəlb etsin. Onun vurğulamasına görə, Ermənistanın çox böyük arzusu var ki, Aİ vasitəsilə gələcəkdə ayrıca Fransanın bu prosesdə iştirakını təmin etsin: "Azərbaycanın bu məsələ ilə bağlı qəti mövqeyi var. İkitərəfli tənzimləmə prosesinə kimsə töhfə vermək istəyirsə, gəlsinlər, dəstək versinlər, amma pozuculuq prosesini aparan tərəflərin bu prosesə cəlbinin əleyhinəyik".

Laçın-Xankəndi yolunda vəziyyət ilə bağlı E.Nəsirov bildirib ki, aksiya artıq 10 gündür davam edir və etirazın əsas səbəbi aradan qaldırılmayıb: "Səbəb Azərbaycanın hazırda Rusiya sülhməramlılarının dislokasiya olunmuş ərazisində separatçıların ölkənin təbii sərvətlərini talan etməsidir. Əsas tələb isə odur ki, Azərbaycanın dövlət qurumları monitorinq aparsın. Buna isə imkan verilmir".

"Laçın dəhlizi boyu…"

Deputatın vurğulamasına görə, bu tələb icra olunmadıqca zaman keçdikcə artıq tələblərdə dəyişiklik baş verib: "Artıq Laçın dəhlizi boyu Azərbaycanın sərhəd-gömrük postlarının açılması tələbi gündəmə gəlib".

E.Nəsirov hesab edir ki, Azərbaycanın tələbi yerinə yetiriləcək: "Rusiya Ukrayna böhranı fonunda bütün Qərblə faktiki müharibə vəziyyətindədir. Belə olan vəziyyətdə onunla müttəfiqlik münasibətində olan Azərbaycanla iki stulda əyləşən, Qərbə baxan Ermənistana görə münasibətlərini korlamağa dəyərmi? Məncə, Kreml yaxşı bilir ki, dəyməz. Yəqin ki, yaxın perspektivdə biz bu istiqamətdə ciddi irəliləyişlərin olduğuna şahidlik edəcəyik".

A.Qasımlı
A.Qasımlı

"Sülh prosesini dağıdan bir aksiyadır"

Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Aİ missiyasının monitorinqinin çox ciddi faydası olub: "Çünki monitorinq olmasaydı, toqquşmalar hələ də davam edəcəkdi və genişmiqyaslı müharibəyə gəlib çıxara bilərdi. Onun isə fəsadları daha böyük olacaqdı".

Politoloqun fikrincə, Laçın-Xankəndi yolunda etiraz aksiyasının sülh prosesinə heç bir müsbət təsiri yoxdur: "Hətta sülh prosesini tamamilə dağıdan bir aksiyadır. Bu aksiyanın Azərbaycanın milli maraqlarına heç bir aidiyyəti və gözlə görüləcək hər hansı bir dividenti yoxdur".

Ekspertin sözlərinə görə, Azərbaycanın maraqları onda təmin olunardı ki, həqiqi sülh prosesi başlayardı və bu, Rusiyanın iştirakı olmadan davam etdirilərdi: "Amma belə bir aksiyalar olursa və Laçın dəhlizi qapadılırsa, təbii ki, orada sülhməramlı kontingentə daha çox ehtiyac duyulmağa başlayır. Qarabağda olan ermənilərin Rusiyaya ehtiyacı daha çox olur".

"Ermənistanda millətçilər, Rusiyaya bağlı olan siyasətçilər bəyan edir ki, Rusiya sülhməramlıları olmasa, Azərbaycan hücum edəcək, humanitar böhran yaradacaq. Buna da rəvac verən aksiyanı təşkil etməklə Azərbaycan iqtidarı oldu. Başqa heç bir nailiyyət yoxdur", - A.Qasımlı əlavə edir.

Xatırlatma

Azərbaycanın Qarabağ regionu ilə Ermənistanı birləşdirən Laçın dəhlizinin dekabrın 12-dən bağlandığı bildirilir. Bir qrup Azərbaycan vətəndaşı yolda növbəli ekoloji tələblər səsləndirir, Qarabağdakı filiz yataqlarının qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Azərbaycan Xarici İşlər Nazirliyi yolu etirazçıların deyil, Rusiya Sülhməramlı Kontingentinin bağladığını bildirib. Hərçənd, Rusiya sülhməramlıları yolu aksiya iştirakçılarının bağladığını vurğulayıb.

2020-ci ilin atəşkəs bəyanatı ilə 44 günlük hərbi əməliyyatlar dayandırılıb, Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG