Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:09

Laçın-Xankəndi yolu açılmayıb


Laçınla həmsərhəd olan Tex kəndində ilişib qalmış erməni sürücülər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Laçınla həmsərhəd olan Tex kəndində ilişib qalmış erməni sürücülər danışdı

Şuşa-Laçın yolunda aksiya üçüncü gündür davam edir. "Turan"ın məlumatına görə, aksiya iştirakçılarının sayı artaraq 500 nəfərə yaxınlaşıb. Digər tərəfdən, aksiyanın keçirildiyi ərazidə Rusiya sülhməramlılarının sayının da artdığı, onların həmin ərazidə mobil konteynerlər quraşdırdıqları deyilir.

Aksiyaçılar Azərbaycan rəsmilərinin Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə faydalı qazıntıların yataqlarında monitorinq aparmasına icazə verilməsini və sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsi tələb edirlər.

Putinin Paşinyana zəngi

Dekabrın 12-də Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub.

Ermənistan baş nazirinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, onlar Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması məsələsini müzakirə ediblər.

Söhbət zamanı habelə Laçın dəhlizində yaranmış vəziyyət, Rusiya sülhməramlılarının növbəti addımları müzakirə olunub.

Kremlin saytında dərc olunmuş məlumatda tərəflərin habelə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsini müzakirə etdikləri bildirilir.

Aksiya yerinə işıq çəkilir

Dekabrın 12-si günortadan sonra Laçın-Xankəndi yolunda aksiya keçirilən yerə müvafiq texnika cəlb edilib və əraziyə işıq çəkilir.

Yolu bağlayan Azərbaycan vətəndaşları tələbləri yerinə yetirilməyənə qədər oradan çəkilmək istəmədiklərini bildiriblər.

Putin Əliyevə zəng etdi

Rusiya Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.

Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, 2022-ci il 31 oktyabr tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin bəzi praktik aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə olunub.

Daha sonra Azərbaycan Prezidentinin Mətbuat xidməti də eyni məzmunda açıqlama yayıb.

+++

Qarabağdakı separatçı rejim dekabrın 12-də səhər 10:30-dan mülki geyimli azərbaycanlıların ekoloji səbəbləri əsas gətirərək Xankəndi-Gorus yolunu bağladığını bildirir.

Separatçı rejim Azərbaycan tərəfinin "aqressiv və destruktiv" davranışını "qəbuledilməz" adlandırır, vəziyyətin tənzimlənməsindən ötrü mümkün tədbirlər görüldüyünü, hərbi kontingentin komandanlığı ilə əlaqə saxladıqlarını bildirir. Eyni zamanda, sakinləri sakit davranmağa, təsdiqlənməmiş məlumatlar yaymaqdan çəkinməyə çağırır.

Xankəndi yolunda aksiya

Bu gün, dekabrın 12-də bir qrup şəxsin Laçın-Xankəndi yolunu bağladığı bildirilir.

Bu barədə Azərbaycanın İctimai Televiziyası reportaj yayıb.

Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini deyən aksiya iştirakçılarının əsas tələbi Rusiya Sülhməramlı Kontingentinin rəhbəri Andrey Volkovun əraziyə gəlməsidir. Aksiya iştirakçıları rus dilində "Biz Volkovu tələb edirik" kimi şüar da səsləndiriblər.

Ərazidə çadırlar qurulub

"Turan"ın xəbərinə görə isə, artıq aksiya iştirakçıları ərazidə çadırlar qurublar.

Rusiya sülhməramlıları aksiya iştirakçılarının qarşısını kəsərək onların Xocalı və Xankəndi tərəfə keçməsinə imkan verməyiblər.

Aksiya iştirakçıları Azərbaycan dövlətinin yanında olduqlarını deyiblər.

Artıq bir neçə həftədir Azərbaycanın bəzi hökumət orqanları Rusiya Sülhməramlı Kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarında qanunsuz istismar ilə bağlı monitorinq aparmaq istədiklərini açıqlayıblar. Onlar bir neçə dəfə Rusiya ordusunun yerləşdiyi əraziyə gəlib komandanlıq ilə danışıqlar aparsalar da, istədiklərini gerçəkləşdirə bilməyiblər.

Hələlik, aksiyaya Rusiya Sülhməramlı Kontingentinin komandanlığı və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb. Amma bir müddət bundan əvvəl, bu hadisələr yeni başlayanda general A.Volkov demişdi ki, sülhməramlı qüvvələri gözdən salmaq istəyirlər.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG