Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:35

Lavrov: Rusiyanı onun dövlət başçısının fiziki məhvi ilə hədələyirlər


Sergey Lavrov
Sergey Lavrov

Moskvanın Ukraynada tənzimləməyə dair təklifləri Kiyevə məlumdur və indi Ukrayna öz xeyri üçün bu təklifləri icra etməlidir, ya da məsələni Rusiya ordusu həll edəcək.

TASS dövlət xəbər agentliyinin məlumatına görə bunları Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 27-də verdiyi müsahibədə deyib.

“Münaqişənin uzun sürməsinə gəlincə isə top rejim və onun arxasında dayanan Vaşinqtonun tərəfindədir. Onlar istənilən an bu mənasız müqaviməti dayandıra bilərlər. Bizim, rejimin tabeliyində olan ərazilərdə demilitarizasiya və denasifikasiyaya, yeni torpaqlarımız – DXR, LXR, Xerson və Zaporojye vilayətləri də daxil Rusiyanın təhlükəsizliyinə oradan qaynaqlanan hədələrə dair təkliflərimiz düşmənə məlumdur. Asan işdir: bu təklifləri yaxşılıqla qəbul etmək. Əks halda məsələni Rusiya ordusu həll edəcək”.

Moskva Ukraynaya qarşı tammiqyaslı, əsassız və səbəbsiz müharibəsini öz qonşusunu “demilitarizasiya” və “denasifikasiya” etmək məqsədilə keçirdiyi “xüsusi hərbi əməliyyat” adlandırır.

Kiyev və Qərb bunu “torpaq qəsb etmək məqsədli imperiyasayağı təcavüz” kimi qiymətləndirirlər.

Reuters xatırladır ki, ötən sentyabrda Moskva qondarma referendumlar keçirdikdən sonra Ukraynanın Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətlərini ilhaq etdiyini bəyan etmişdi.

Raket zərbələri altında sülh təklifi

Ötən bazar günü isə prezident Vladimir Putin Moskvanın danışıqlara açıq olduğunu demiş, Kiyevi və onun Qərb müttəfiqlərini danışıqlar istəməməkdə ittiham etmişdi.

Kiyev və Vaşinqton Ukraynaya endirilən ağır raket zərbələri ilə eyni vaxtda səslənən bu çağırışı rədd etmişdilər.

Lavrov bu müsahibədə deyib ki, “kollektiv Qərb” və onun “nəzarəti altında olan” Zelenski indiki qarşıdurmanın qlobal olduğunu təsdiqləyiblər:

“Artıq heç kim üçün sirr deyil ki, ABŞ və onun NATO müttəfiqlərinin strateji məqsədi ölkəmizin əhəmiyyətli dərəcədə zəiflədilməsi və hətta məhv edilməsi üçün “Rusiya üzərində döyüş meydanında qələbədir”.

Lavrov bildirib ki, Qərbin Rusiya ilə birbaşa toqquşma istəməməsi barədə bəyanatları “riyakarlıqdır”.

Rusiyanın nüvə hədələri barədə suala cavab verən Lavrov deyib ki, bütün bunlar “məsuliyyətsiz spekulyasiyadır”.

Onun sözlərinə görə Qərb Rusiyada bəzi siyasətçilərin dediklərini bəhanə gətirir və guya əslində rəsmi Moskva heç vaxt nüvə hədəsi səsləndirməyib.

Sergey Lavrov bildirib ki, ABŞ Ukraynanı silahlandırmaqla münaqişəni uzatmağa və bununla da Ukraynanı NATO-ya çəkməyə çalışır.

“Ədəb qaydaları”

Rusiya xarici işlər naziri bunu da qeyd edib ki, əksinə nüvə təhlükəsi barədə Qərbdən gələn siqnallar qarşıdurma xarakterlidir və “bütün ədəb qaydalarından” kənara çıxır.

“Bu mənada xüsusilə parlaq nümunə Liz Trasdır. O seçki kampaniyasında bir zərrə tərəddüd keçirmədən demişdi ki, nüvə zərbəsinin endirilməsini əmr etməyə hazırdır. Amma Vaşinqtonda ondan da irəli gediblər. Orada Pentaqonun “adları çəkilməyən hansısa rəsmiləri” faktiki olaraq Kremlə “onun başını əzəcək” zərbə endirməklə hədələyiblər. Burada mahiyyətcə söhbət Rusiya dövləti Başçısının fiziki məhvindən gedir. Əgər belə ideyalar həqiqətən də kiminsə tərəfindən işlənirsə, həmin kimsə bu cür planların mümkün nəticələri barədə yaxşıca düşünməlidir”.

Sergey Lavrov müsahibə boyunca Rusiyanın Qərblə bərabərhüquqlu tərəf kimi dialoq istəməsini vurğulayıb, amma həm də Moskvanın dünyanı nüfuz sferalarına bölmək iddialarına işarə edib.

Reuters agentliyinin yazdığına görə, Lavrovun bütün əminlik və hədələrinə baxmayaraq Ukraynadakı müharibə artıq 11 aydır ki, davam edir, minlərlə insanlar öldürülüb, milyonlarla dinc sakin evindən didərgin düşüb.

Kiyev qəti şəkildə bildirib ki, Rusiya ilə “sülh əvəzinə torpaq” prinsipi ilə heç bir danışıqlara getməyəcək.

Ukrayna rəsmiləri bəyan edirlər ki, Moskva ilə danıqşıalrın ön şərti bütün Rusiya qoşunlarının, Ukraynanın, Krım da daxil bütün ərazilərindən çıxarılmasıdır.

XS
SM
MD
LG