Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:41

Lənkəranda Sovet hakimiyyəti necə devrildi


Sovet qəzetləri Azərbaycanda 1990-cı ilin yanvarında baş verən hadisələrdən yazır
Sovet qəzetləri Azərbaycanda 1990-cı ilin yanvarında baş verən hadisələrdən yazır

(Yazı 2018-ci ildə hazırlanıb)

Lənkəranda hələ, SSRİ zamanında yerli hakimiyyət orqanlarının qısa zamanda devrildiyi hadisələrindən 28 il keçir.

Bu rayonda baş verən hərəkatın iştirakçısı İltifat Rəhimzadə həmin günləri belə xatırlayır:

Buna da bax: Lənkəranlı şahid: 'İki nəfəri yandırıb külə döndərdilər'

“1990-ci ilin yanvarın 10-dan 11-nə keçən gecə Lənkəran rayonunda sovetlərin və Kommunist Partiyasının yerli təşkilatların fəaliyyətləri dayandırıldı. Azərbaycan Xalq Cəbhəsi (AXC) Lənkəran rayon təşkilatın üzvləri və bitərəf fəallar hökumət orqanların yerli qurumlarını nəzarətə aldılar. Faktiki olaraq SSRİ məkanında ilk dəfə Lənkəranda sovet hakimiyyəti devrildi. Səbəb Moskvanın Qarabağla bağlı tutduğu yanlış mövqeyi idi. Moskva bizi təkləmişdi. Xalq dirçəldi. Müdafiə Komitəsi yaratdıq.15 gün Lənkəran rayonu xalqın nəzarətində qaldı”.

Buna da bax: Ələkrəm Hümmətov kölgə kabineti yaradır?

“Ordu Neftçalada 2 nəfəri qətlə yetirdi”

İ. Rəhimzadənin sözlərinə görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qırğından sonra da xalq meydanlardan çəkilməyib. Hər gün Lənkəran şəhərinin mərkəzində minlərlə adam toplaşıb:

İltifat Rəhimzadə
İltifat Rəhimzadə

“Qorxu yox idi. Şəhəri müdafiə etmək üçün dəstələr yaradıldı. Onlar ov tüfəngləri ilə silahlanmışdılar. Halbuki, üzərimizə əli silahlı ordunun gəldiyini bilirdik. Bizə xəbər etdilər ki, ordu Lənkəran gəlir. Ordu Neftçalada 2 nəfəri qətlə yetirdi. Yanvarın 22-də 2 min nəfərdən ibarət olan qoşun Lənkəran şəhərini mühasirəyə aldı. Başımızın üstündən vertolyotlar uçurdu. Buna baxmayaraq heç kim meydandan çəkilmək istəmirdi. Şəhərdə qırğın olmasın deyə müdafiə dəstəsi dağlara-Həftoni meşəsinə çəkildi. Ordu ilə danışıqlara da getdik. Lakin bu da nəticə vermədi”.

Buna da bax: MTN-dən sirli qaçışın hekayəti

Haftoni meşəsində toqquşmalar

İltifat Rəhimzadə hərbiçilərlə döyüşlərin olduğunu deyir:

“Haftoni meşəsində toqquşmalar oldu. Burda 5 nəfər qətlə yetirildi. Bir nəfəri – Tariyel Abdullayevi vertolyotda boğdular. Boğduqları adamı vertolyotdan atmaq istəyiblər. Sonra fikirlərini dəyişiblər. Məzarı Şəhidlər Xiyabanındadır.16 nəfəri Rusiyanın Ulyanovsk şəhərinə, 30 nəfəri isə Şüvəlan həbsxanasına apardılar. Həbs edilənlərin çoxu bir aydan sonra ağır vəziyyətdə evə qayıtdılar”.

Buna da bax: Cümhuriyyətin 100 illiyinə hazırlıq gedir

Tarixi qiymət verilməyib

İltifat Rəhimzadə hesab edir ki, Lənkəran hadisələri Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Onun fikrincə, bu hadisələr tarix kitablarında əksini tapmalıdır:

“Bu hadisələr Azərbaycanda azadlıq hərəkatı tarixinin tədqiq olunmayan, siyasi, hüquqi kontekstdən qiymətləndirməyən səhifələrdən biri kimi qalır. Vaxt gələr bu hadisələr akademik şəkildə tədqiq olunacaq. Hər il Lənkəran hadisələri barəsində mətbuatda, sosial şəbəkələrdə məlumatlar gedir. Bəziləri bu hadisələri əsil vətənpərvərlik nümunəsi hesab edirlər. Elələri də var ki, əsasən kommunistlərdir, o dövrün həsrətini çəkirlər. Deyirlər ki, “sovet hökumətini dağıtdınız, ağ günə çıxdınız ?”. Elələri də var ki, bu hadisələri avantüra hesab edirlər. Bu nədən irəli gəlir? Lənkəran hadisələri tədqiq olunmayıb. Mən belə hesab edirəm ki,1990-cı il Lənkəran hadisələri Azərbaycanın şərəfli tarixidir. SSRİ ərazisində 70 il ərzində ilk dəfə biz - lənkəranlılar sovet hakimiyyətini devirdik, 15 gün rayonu idarə etdik”.

Buna da bax: '100-ə nə qaldı?..': 'İstiqlal Bəyannaməsi' kimin əsəridir?

28 il əvvəl Astarada

Həmin günlər Astara rayonunda da həyəcanlı günlər yaşanıb.

Astara şəhər sakini Elçin İbrahimli olub-keçənləri belə xatırlayır:

Elçin İbrahimli
Elçin İbrahimli

“1990-cı ilin yanvarın əvvəlində İranla sərhədin önündə adamlar toplaşmağa başladı. Sərhədə toplaşanlar İran sərhədini dağıtmaq istəyirdilər. İrana keçid qapısının önündə ağır texnika yığılmışdı ki, adamlar keçə bilməsin. Bir neçə yerdə iriçaplı silahlar qoyulmuşdu. Bizə hər an atəş aça bilərdilər. Yanvarın 19-da rayonun “Azadlıq” meydanında möhtəşəm etiraz mitinqi keçirildi. Mitinqdən sonra əhali sərhədə tərəf hərəkət etdi”.

Buna da bax: 2018 'Azərbaycan Xalq Cümhuriyyəti ili' elan edilib

“Vremya” proqramında Astaradan nə dedilər?

Elçin İbrahimli bu yürüşdə 3 rəngli bayrağın da olduğunu deyir:

“Bizə demişdilər ki, atəş açacaqlar. Ancaq atəş açmadılar. Biz ora çatanda dəmirdən olan sərhəd qapısının açıq olduğunu gördük. İranla bizi ayıran Astaraçayın üzərində olan körpüdə dayandıq. İran tərəfi nümayəndə tələb edirdi.10 nəfərdən ibarət olan nümayəndə müəyyənləşdirdik. Mən də həmin nümayəndələrdən biri idim. Əhali danışıq gözləmədi. İran sərhədçilərini də adlayıb o taya keçdi. SSRİ tarixində ilk dəfə olaraq biz sərhəd qapısını açdıq, 3 gün qapı açıq qaldı. Biz İrana İran azərbaycanlıları da bizə gəldilər. İranda olanda eşitdik ki, Bakıda qırğın olub. Moskva televiziyasının “Vremya” proqramında göstərdilər ki, guya bir dəstə əli silahlı Astara sakini sərhəd qapısını sındırıb. Bizim məqsədimiz İran sevgisi deyildi. Sadəcə xalqlar həbsxanası olan SSRİ hökumətinə və onun Qarabağ siyasətinə etiraz idi. İran Azərbaycana olan məhəbbətimiz idi...”

Buna da bax: '100-ə nə qaldı?': 'Azərbaycanda onların heç birinin qəbri yoxdur' [2-ci yazı]

Xatırlatma

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə isə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib.

Həmin hadisələr zamanı ümumilikdə 131 nəfər dinc sakin qətlə yetirilib, 700-dən çoxu isə yaralanıb. Yüzlərlə şəxs həbs edilib.

Qırğınlar yanvarın 25-i Neftçalada, yanvarın 26-sı Lənkəran rayonunda da davam edib.

Azərbaycan bundan bir il sonra, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bəyan edib.

XS
SM
MD
LG