Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər... (VİDEO)


Pensiyaçı:"Yaşanası ölkə deyil"
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Pensiyaçı:"Yaşanası ölkə deyil"

►Təqaüdlər yubanır, hökumət inkar edir

Bu ay təqaüdlərin verilməsi yubanır. Paytaxt Bakıda AzadlıqRadiosunun əməkdaşı bir neçə bankomat qarşısında olub və təqaüdçülərlə söhbət edib.

Onlar adətən, hər ayın 5-6-da təqaüdlərini aldıqlarını, amma bu dəfə ayın 12-i olsa da, təqaüdün hesaba oturmadığını deyiblər.

TƏQAÜDÇÜ: “FORMULA 1 KEÇİRDİLƏR...”

“Nazir Samir Şərifov demişdi ki, təqaüd ayın 8-də veriləcək, ancaq ayın 12-dir, xəbər yoxdur”, - təqaüdçü Eldar Əlixanov bildirir.

Təqaüdçü qohumu Nüsrət Nürsətovun bir xahişi var:

“İmkan varsa, imkansızların pulunu keçirsinlər, camaat ac qalmasın”.

Özünü təqdim etməyən başqa təqaüdçü deyir:

“Həmişə ayın 4-də, 5-də verilirdi. Bu nədi, başa düşmək olmur. Avropa Oyunları vaxtı da belə olmuşdu, indi də Formula 1 keçirildi, camaatın qanını içdilər”.

Təqaüdlər yubandığı üçün iyulun 12-də bir qrup təqaüdçü Sumqayıt şəhərində avtomobil yolunu bağlamağa cəhd edib. Bu haqda məlumatı isə “APA” informasiya agentliyi yayıb.

NAZİRLİK: “15-DƏK VERİLƏCƏK”

Gün ərzində Maliyyə Nazirliyindən təqaüdlərin yubanması ilə bağlı açıqlama ala bilmədik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev AzadlıqRadiosuna təqaüdlərin yubanması haqda deyilənləri rədd etdi. O, iyulun 13-dən təqaüdlərin veriləcəyini bildirdi:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“Ayın 4-də, ya 5-də biz pensiya verməmişik. Pensiyanı həmişə ayın 8-də, 9-da vermişik. Adətən, ayın 15-dək Bakı-Sumqayıtda verilir, sonra başqa rayonlarda. Bu dəfə də iyulun 15-dək Bakıda, Sumqayıtda pensiyalar verilib qurtarılacaq, növbəti həftədənsə başqa rayonlarda veriləcək. Burda heç bir gecikmə yoxdur. Özü də söhbət iyulun pensiyalarından gedir, iyun ayından getmir. Yenə də vaxtlı-vaxtında veriləcək pensiyalar”.

Elman Babayev təqaüdlərin yubanmasının “maliyyə təminatında böhran olması” ilə bağlayanların “əsassız danışdıqlarını” deyib.

EKSPERT: “MALİYYƏ NAZİRLİYİ ÇEVİK İŞLƏYƏ BİLMİR”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadi ekspert Natiq Cəfərli baş verənləri nazirliklərarası işin düzgün qurulmaması ilə izah edir:

“Çox güman təşkilatlararası uyumsuzluq və Maliyyə Nazirliyinin çevik ola bilməməsi nəticəsində yaranan problemdir. Görünən odur ki, işi qura bilməyiblər. Bunun da zərbəsi adi insanlara dəyir. Hər halda, buna bənzəyir. Çox yaxşı olardı ki, hökumət bununla bağlı açıqlama versin. İnsanlarda narahatlıq var, bankomatlar qarşısında uzun növbələri hamı görür”.

Natiq Cəfərli hələlik büdcədə təqaüdlərin, əmək haqlarının verilməsi üçün vəsait olduğunu deyir. Amma bir müddət sonra getdikcə vəziyyətin çətinləşəcəyini istisna etmir.

“Formula 1” yarışlarına nə qədər vəsait xərcləndiyi və nə qədər qazanc götürüldüyü rəsmi açıqlanmasa da, müstəqil iqtisadçılar bu yarışa sərf olunan vəsaitin 300 milyon manat civarında olduğunu bildirirlər. Tənqidçilər özəlliklə, manatın ikiqat devalvasiyasından sonra belə dəbdəbəli yarışların ölkə büdcəsinə uyğun olmadığını vurğulayır, hökuməti bu cür tədbirlər keçirməkdənsə, əhalinin iqtisadi-sosial durumunun yaxşılaşdırılması barədə düşünməyə çağırırlar.

XS
SM
MD
LG