Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:03

Səfir: Mahaçqala iğtişaşında İsrail vətəndaşlarına ziyan dəyməyib


Mahaçqala hava limanının uçuş-enmə zolağında izdiham
Mahaçqala hava limanının uçuş-enmə zolağında izdiham

İsrailin Moskvadakı səfiri bildirib ki, ötən həftəsonu Mahaçqalada baş vermiş iğtişaşlar zamanı bəzi sərnişinlər terminalda gizlənməli olublar.

Səfir Alexander Ben Zvi deyib ki, hadisə günü Tel Əvivdən gəlmiş təyyarədə 30-dan artıq İsrail vətəndaşı olub və onlardan heç biri xəsarət almayıb.

Səfirin sözlərinə görə onlar təyyarədən və pasport nəzarəti xəttindən keçərək VİP salonuna gəliblər.

Ben Zvinin məlumatına görə İsrail vətəndaşları buradan helikopterlə qapalı məntəqəyə aparılıblar.

Dağıstan aeroportunu tutmaq çağırışları yayan Telegram kanalı bloklanıb

Dağıstanın başçısı Sergey Melikov oktyabrın 31-də aeroportun yenidən tam açıldığını Telegram-da yazıb.

"Utro Daghestan" kanalının daha öncə Kiyevdə yaşayan rusiyalı müxalifətçi İlya Ponomaryova bağlı olduğu bildirilib.

Ponomaryov oktyabrın 30-da CurrentTimeTV-yə deyib ki, onun başçılıq etdiyi qrupun artıq bir neçə aydır bu kanala bağlılığı yoxdur. O, Dağıstan aeroportuna hücumu pisləyib.

Elə həmin gün "Utro Daghestan" daha Ponomaryova bağlılığı olmadığını yazıb.

Rusiya Dövlət Dumasının keçmiş üzvü Ponomaryov 2014-cü ildə Moskvanın Ukraynanın Krım vilayətini tutmasının əleyhinə səs verib.

Ancaq Ponomaryov avqustda Ukrayna mediasına müsahibəsində "Utro Daghestan"a "bizim kanal" deyib, onu avtoritar prezident Vladimir Putin hökumətinə qarşı genişmiqyaslı fəaliyyətinin tərkib hissəsi adlandırıb.

+++

Telegram sosial media platforması "Utro Daghestan" kanalını bloklayıb. Bundan bir neçə gün öncə qəzəbli kütlə antisemit şüarlarla Dağıstanın paytaxtı Mahaçqalada aeroporta basqın edib.

Kanal oktyabrın 28-29-da İsraildən qaçqınların, əsasən, müsəlmanların yaşadığı Şimali Qafqaz regionuna yerləşdirilməsi haqda saysız məlumatlar və aeroportu tutmaq çağırışları yayıb.

Oktyabrın 29-da gecə azı min nəfərlik bir kütlə aeroporta girərək İsraildən reyslə gələn sərnişinlərin şəhərə daxil olmasını önləməyə çalışıb. 20-dən çox adam yaralanıb, onlarla şəxs həbs olunub.

Təl-Əvivdən gedən təyyarədə hansısa İsrail vətəndaşının olması, yaxud hansısa sərnişinin xəsarət alması haqda məlumat yoxdur.

"RIA Novosti" oktyabrın 30-da aeroportda azı 60 nəfərin saxlandığını xəbərləyib.

Rusiya Yəhudi İcmaları Federasiyasının başçısı Ravvin Aleksandr Boroda oktyabrın 30-da bəyanatında qeyd edib ki, insident "bizim multikultural və çoxmillətli dövlətimizin təməlinə zərbə vurub".

ABŞ-dan şərh

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) deyib ki, Vaşinqton insidenti pisləyib. O, oktyabrın 30-da jurnalistlərə deyib ki, insidentin videolarına baxanda basqın ona "poqrom" təsiri bağışlayıb.

"Rusiya hakimiyyətini bu zorakı etirazları açıq şəkildə pisləməyə, iştirak edən hər kəsi məsuliyyətə cəlb etməyə, Rusiyada israillilər və yəhudilərin təhlükəsizliyini təmin etməyə çağırırıq", – Miller vurğulayıb.

İsrail-HƏMAS müharibəsi fonunda regionda bir sıra şəhərlərdə yəhudilərə qarşı etirazlar keçirilib.

Kreml bu iğtişaşda xarici müdaxiləni ittiham edir, heç bir dəlil olmadan Ukraynanın əli olduğunu deyir.

Ukrayna isə ittihamı rədd edərək bildirib ki, Rusiyanın Xarici İşlər Nazirliyi "məsuliyyəti xəstə adamdan sağlama yönəltməyə çalışır". Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Facebook-da yazıb ki, Mahaçqaladakı hadisələr Rusiya elitası və cəmiyyətində dərin kök salmış antisemitizmi əks etdirir.

Birləşmiş Ştatlar da hadisələrdə Ukraynanın əli olmasına dair Rusiyanın ittihamını rədd edib. "Onların Ukraynanı ittiham etməsinə dair şərhlərini görmüşəm. Absurddur", – Miller vurğulayıb.

XS
SM
MD
LG