Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:53

Deputat 'artıq aylarla mal gömrükdə qala bilməz' deyir


Rusiya sərhədində 10 gün: 400 AZN əlavə xərc, kilolarla xarab məhsul
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Rusiya sərhədində 10 gün: 400 AZN əlavə xərc, kilolarla xarab məhsul (Arxiv. 2021)

Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsinin sadələşdiriləcəyi bildirilir. Bununla bağlı "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi ilə bağlı layihə Milli Məclisə təqdim olunub və artıq birinci oxunuşdan keçib. Layihəyə görə, malların gömrük dəyərinin müəyyən edilməsi sadə, ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.

Bəs bunu vacib edən nədir?

Ə.Əhmədov
Ə.Əhmədov

"Şəffaflıq əsas məsələlərdən biridir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, hazırda gömrükdə tariflərin düzgün müəyyənləşdirilməməsi ən ciddi problemlərdən biridir. Onun sözlərinə görə, qanuna dəyişikliyinin əsas məqsədi gömrük dəyərinin düzgün müəyyənləşdirilməsi və gömrük mallarının vaxtlı-vaxtında buraxılmasıdır: "Gömrük dəyərinin müəyyənləşdirilməsi ilə əlaqədar şəffaflığın təmin edilməsi əsas məsələlərdən biridir. Həm də gömrük qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. O qaydalara da müəyyən dəyişikliklər təmin ediləcək. Mal gətirən şəxs verdiyi bəyannaməyə artıq bir gün ərzində cavab alacaq. Artıq aylarla, illərlə mal gömrükdə qala bilməz".

O qeyd edib ki, malların dəyərinin düzgün müəyyənləşməsindən çox şey asılıdır: "Ona əsasən vergilər müəyyən edilir".

Bundan əvvəl ayrı-ayrı iş adamları AzadlıqRadiosuna da mallarının gömrükdə aylarla saxlanması və buna görə ziyana düşmələri ilə bağlı şikayətlər səsləndiriblər. Belə şikayətlərə rəsmi qurumlardan cavab almaq çətin olub.

"Bu da daha çox bahalaşmaya səbəb olurdu"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, qanun layihəsinin hansı formada və necə qəbul edilməsindən çox şey asılıdır: "Əslində bu dəyişikliklərə ehtiyac da yoxdur. Bunu ayrıca tənzimləməkdənsə, qəbzlərdə göstərilən qiymətlər ilə gömrük rüsumlarının ödənilməsi qaydalarına əməl olunsaydı, problem yaranmazdı".

N.Cəfərli
N.Cəfərli

İqtisadçının sözlərinə görə, iş adamları gətirdikləri malların qəbzlərinin gömrükdə qəbul olunmasında həmişə çətinliklərlə üzləşirdilər: "Gömrüyün öz daxili qərarı ilə özünə qiymətləndirmə səlahiyyəti verilmişdi. Malı qiymətləndirərkən bəzən malın dəyəri artırılırdı, bazar qiymətlərinə uyğunlaşdırmağa çalışırdılar. Bu da zaman-zaman malların daha çox bahalaşmasına səbəb olurdu".

İqtisadçı hesab edir ki, vergi və gömrük orqanlarının bir mərkəzdən idarə olunması daha məntiqli olardı: "İkincisi, "Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin özündə kifayət qədər subyektivliyə yer saxlayan məqamlar var. Yəni, gömrük orqanlarına dəyərləndirmək, qiymətləndirmək icazəsi verilir. Bu, məntiqsizdir".

N.Cəfərlinin fikrincə, tariflərlə bağlı dördpilləli sistem subyektivliyə yol açır: "0, 5, 10, 15 faizli gömrük rüsumlarının olması subyektiv şəkildə dəyərləndirməyə yol açır ki, kim 5, kim isə 15 faiz ödəyəcək. Bu çox vaxtı subyektiv amillərdən asılı olur və qanunvericilikdə dəyişməlidir".

Layihə və yazıda səslənən fikirlərə, hələlik, Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma bu qurum təmsilçiləri bu vaxta qədər malların düzgün dəyərləndirilməməsi ilə bağlı fikirləri, əsasən, qəbul etməyiblər.

XS
SM
MD
LG