Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:21

Maliyyə Nazirliyi Cahangir Hacıyevin ittihamına cavab verdi


Beynəlxalq Bank
Beynəlxalq Bank

►"3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılıb"

Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin məhkəmədə səsləndirdiyi ittihamlara cavab verib.

APA-nın xəbərinə görə, M. Piriyev deyib ki, Cahangir Hacıyevin həqiqəti əks etdirməyən fikirləri törətdiyi əməlləri siyasiləşdirmək, ictimaiyyətin diqqətini mühakiməyə aidiyyəti olmayan məsələlərə yönəltmək məqsədi daşıyır.
“Bank sədrinin etiraf etdiyi kimi qaytarılmayan kreditlərin ayrılması bilavasitə onun şəxsi qərarları və tapşırıqları əsasında həyata keçirilib. Bu zaman Müşahidə Şurasının müəyyən etdiyi kredit riskləri üzrə limitlər kobud şəkildə pozulub. Bir çox hallarda isə kreditlər ayrı-ayrı xarici ölkələrdə yaradılmış müxtəlif ofşor şirkətlərə ötürülərək banka heç bir fayda gətirməyən layihələrin həyata keçirilməsinə yönəldilib”-deyə o qeyd edib.

Maliyyə Nazirliyinin rəsmisi bildirib ki, 2009-2015-ci illərdə müxtəlif vaxtlarda Müşahidə Şurasının qərarlarına zidd olaraq 1,5 mln. manat limitindən yuxarı məbləğlərdə hüquqi və fiziki şəxslərə ümumilikdə 1,3 milyard manat verilib. Habelə, 1,4 milyard dollar və 300 milyon avro həcmində kreditlər ayrılıb. Bunların da əksəriyyəti uzun müddət ərzində qaytarılmayaraq problemli və ümidsiz kreditlər qrupuna aid edilib. “Eyni zamanda bankın sabiq rəhbərliyinin göstərişləri ilə mövcud qanunvericiliyə zidd olaraq 2 minə yaxın halda 3,7 milyard dollar və 1,1 milyard avro vəsait ölkədən çıxarılıb. Hər hansı müsbət reputasiyaya və ya kredit reytinqinə malik olmayan, əksəriyyəti ofşorlarda yeni yaradılmış şirkətlərin borc kağızlarının (veksellərin) alınmasına sərf olunub”, - M. Piriyev bildirib.

Buna da baxın - 'Cahangir Hacıyev kreditin 200 milyonunu qaytartdıra bilib'

Cahangir Hacıyev nə demişdi?

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev maliyyə naziri Samir Şərifovu ittiham edərək devalvasiyada onun günahkar saymışdı.

C Hacıyev demişdi ki, S.Şərifov dövlət rəhbərliyini aldadır:

”2014-cü ildən Beynəlxalq Bank 25 milyon xalis mənfəətlə çıxıb. Mən oxuyuram, görürəm və bilirəm ki, internetdə insanlar arasında Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər. Onun devalvasiyanın səbəbkarı olduğu yazılır. Amma inanın ki, onun devalvasiyaya aidyyəti yoxdur. O, bunun əleyhinə idi. Bir gecənin içində 34 faizlik devalvasiyanın tək müəllifi Samir Şərifovdur. Devalvasiya olmalı idi. Ancaq bu şəkildə yox, tədricən olmalı idi. Bank sistemində kapital artırılmalı, möhkəmləndiriləndən sonra bu addım atılmalı idi. Beynəlxalq Banka əvvəlcədən heç bir xəbər vermədən bu addımı atdılar. Bu qərara görə bir gecədə 130 milyon kapital itirdik. Oradakı menecmentlərin sayəsində aktivlərin dəyişməsindən 7-9 milyon ziyanla çıxdıq. Əgər menecmentlərin səyi olmasa idi, 150 milyon ziyan olacaqdı. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur”

C. Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Hazırda C.Hacıyev və digər 7 nəfərin məhkəməsi gedir. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Bu maddələrin sanksiyasında 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

Buna da baxın - 185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?

XS
SM
MD
LG