Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:20

Marina Kalyurand: 'Avropa Komissiyası Azərbaycanda jurnalistlərlə bağlı durumu yaxından izləyir'


Qarabağ ermənilərinə görə Avropada Azərbaycan qazına sanksiya?
Gözlə

No media source currently available

0:00 0:17:23 0:00

Qarabağ ermənilərinə görə Avropada Azərbaycan qazına sanksiya?

#İzahla proqramında Ülviyyə Əsədzadənin qonağı Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin sədri Marina Kalyuranddır.

- Prezident İlham Əliyev son çıxışında bildirib ki, Avropa Parlamentinin sədri Azərbaycanla Avropanın qaz əməkdaşlığını dayandırmağa çağırıb. Sizin müşahidələrinizə, qənaətinizə görə, Avropa İttifaqının Azərbaycanla təbii qaz müqavilələrini yenidən nəzərdən keçirməsi və ya müqavilələri dayandırması mümkündürmü?

- Biz belə bir sanksiyanın qoyulması ilə bağlı spekulyasiyalar edə bilərik... Amma fakt budur ki, Avropa Komissiyası da daxil olmaqla Avropa İttifaqı onunla yaxından əməkdaşlıq etmək, strateji tərəfdaş olmaq istəyən ölkələrdən müəyyən davranış gözləyir. Mən burada Avropa Parlamentinin rolunu öndə gedən, öz sözünü açıq və səmimi deyən bir tərəf kimi görürəm. Biz açıq danışıb tərəfdarlarımızı tənqid edə bilirik və bildiririk ki, etdiklərinizin heç də hamısı Avropa İttifaqının dəyərlərinə, anlayışlarına uyğun gəlmir. Mən burada yalnız Azərbaycandan danışmıram. Başqa ölkələr də var burada. Biz beynəlxalq hüququn, insan haqlarının pozulduğunun şahidi oluruqsa, bu haqda açıq danışırıq və Avropa Komissiyasına müraciət edirik ki, tədbir görsün.

- Burada şərtlər nədən ibarətdir? Avropa Parlamentinin oktyabr qətnaməsi, əsasən, Qarabağ erməniləri ilə bağlıdır. Siz indicə insan haqları məsələsini qeyd etdiniz. Beləliklə, Azərbaycandan gözlənilən konkret olaraq nədir?

- Avropa Parlamentinin fəaliyyətini izləmiş olsanız, görərsiniz ki, parlament bir yox, bir neçə qətnamə qəbul edib. Bura keçənilki hərbi əməliyyat, Laçın dəhlizinin blokadası, prezident Əliyevin deməsi ki, "ermənilər ya getsinlər, ya da qalırlarsa, Azərbaycan vətəndaşlığını qəbul etsinlər" kimi məsələlər aiddir. Biz bunlarla bağlı heç bir irəliləyiş görməmişik. Siyasi həbslərin şahidi olmuşuq. Siz detalları bizim qətnamələrimizdə görə bilərsiniz.

Avropa Parlamenti Azərbaycana qarşı sanksiyaya çağıran qətnamə qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

- Qarabağ erməniləri ilə bağlı oktyabr qətnaməsindən bir neçə ay keçir... Bəs indi Azərbaycandan gözlənilən nədir Qarabağ ermənilərinə dair?

- Bizim mövqeyimiz dəyişməyib, dediyimizi demişik. Onların Dağlıq Qarabağa qayıtmaq hüquqları qorunmalıdır. Beynəlxalq hüquqa görə, onların təhlükəsiz bir mühitə qayıtmaq hüququ var. Azərbaycan tərəfdən həm zəmanət olmalıdır, həm də konkret addımlar atılmalıdır. Elə addımlar ki, qayıtmaq istəyən ermənilər bunu görsünlər, inansınlar və geri dönsünlər...

- Axı Azərbaycan hökuməti deyir ki, qayıtmaq istəyən qayıtsın, onlar üçün heç bir problem yoxdur.... Avropa İttifaqı spesifik olaraq nə istəyir Azərbaycandan? Üstəlik, Rusiya sülhməramlıları hələ də bölgədədir. Başqa nə lazımdır Qarabağ ermənilərinin təhlükəsizliyi üçün, Sizcə?

- Bu, mənə aid sual deyil. Bu, Azərbaycan və Ermənistan hökumətlərinə veriləcək sualdır.

- Belə görünür ki...

- Xahiş edirəm, sözümü kəsməyin... Ermənilər özlərini təhlükəsiz hiss etməlidirlər. Onlardan soruşmaq lazımdır nə istəyirlər.

- Xanım Kalyurand, dediniz ki, bu məsələ Ermənistan və Azərbaycan arasında həll olunmalıdır. Amma Paşinyan hökuməti Qarabağ ermənilərinə vətəndaşlıq təklif edib və açıqlanan məlumatlarda heç də elə görünmür ki, bu məqam sülh danışıqlarında mühüm yer tutur.

- Biz münaqişənin tərəfi deyilik. Əgər bizdən soruşsalar, biz yardım edə bilərik, monitorinq apara bilərik. İmkanımız çatan qədər, tərəflərin qəbul edəcəyi qədər sülh və təhlükəsizlik yardımı edə bilərik. Danışıqlara gəlincə, Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə çalışmışıq. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel buna çalışıb, təəssüf ki, hər hansı bir nəticəyə nail olmayıb. Bildiyim qədəri ilə, sərhədlərin delimitasiyası ilə bağlı yanvarın sonunda görüş olacaq və bu görüşə də ümidlər var. Ümid edirəm ki, tərəflər bir araya gələcək və bir həll yolu tapacaqlar. Əgər davamlı sülh razılaşması olmasa, Qarabağ ermənilərinin qayıtması üçün zəmanət olmayacaq.

- Sizcə, Ermənistan və Azərbaycan bu məsələdə razılaşarsa, Avropa üçün qaz sanksiyaları aktual olaraq qalacaq?

- Məncə, əgər tərəflər razılaşsalar və hər iki tərəf bundan məmnun qalsa, Avropa İttifaqının müdaxiləsinə ehtiyac qalmır. Bu, iki ölkənin məsələsidir. Bizim istədiyimiz yalnız Dağlıq Qarabağa yox, bütün Cənubi Qafqaza sülh gətirməkdir.

Azərbaycanın Avropaya verməyə nə qədər qazı var? (EKSPLEYNER)
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

"Sanksiya qoya bilmirik, biz parlamentik..."

- İnsan haqları mövzusuna qayıtmaq istərdim. Uzun illər ərzində Azərbaycan liberalları, insan haqları fəalları Avropa İttifaqına müraciət edib ki, Azərbaycanda insan haqlarına, vətəndaş cəmiyyətinə basqılar var və Azərbaycan hökuməti ilə əməkdaşlığınızı yenidən nəzərdən keçirin. Bütün bunlara rəğmən, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Bakıya gəldi, prezident Əliyevlə görüşdü və Azərbaycanı "strateji tərəfdaş" adlandırdı. Amma indi ilk dəfədir ki, Avropa Parlamentindən belə sərt təpki görürük. Bu da Qarabağ ermənilərinin Azərbaycanı tərk etməsindən sonra baş verir. Bəs Azərbaycan liberallarının çağırışlarına niyə eyni səviyyədə reaksiya verilmirdi? Yoxsa bu, Avropa Parlamenti üçün daha az önəmli məsələdir?

- Mən sizin dediyinizə düzəliş etməliyəm. Lütfən, parlamentin iclaslarındakı müzakirələri izləyin. Və ya mənim Cənubi Qafqaz ölkələri komitəsinin sədri kimi çıxışlarıma baxın. Dəfələrlə demişəm ki, iqtisadi əməkdaşlıq yenidən nəzərdə keçirilməlidir və reaksiya Azərbaycanın insan haqlarına, beynəlxalq hüquqa nə dərəcədə riayət etməsinə müvafiq olmalıdır. Avropa Parlamenti bu məsələləri- insan haqları, siyasi məhbus məsələsini müzakirə edib, bu barədə qətnamələr də olub.

- Razıyam ki, çıxışlar, müzakirələr olub, amma sanksiya çağırışlarını yüksək kürsülərdən ancaq son aylar eşidirəm.

- Amma biz hadisələrin inkişafını, siyasi reaksiyaları izləyirik. Ursula fon der Lyayen Bakıya gələndə mən bundan məmnun qalmışdımmı, yox. Amma bu, Avropa Komissiyasının qərarı idi. Mən heç vaxt susmamışam, həmişə insan haqlarının pozulması məsələsini dilə gətirmişəm. Azərbaycanlı həmkarlarımla da danışanda mənim gündəmimdə Azərbaycanda insan haqları məsələsi həmişə yer alıb.

- Bəs Sizcə, gördüyünüz bu işlərin bir faydası varmı? İnsan haqları fəallarının, hökumət tənqidçilərinin də dediyindən görünür ki, Azərbaycanda siyasi məhbusların sayı artır. Həbsdə bir neçə araşdırmaçı jurnalist var... Hərçənd hökumət bu həbslərin konkret cinayətlərlə bağlı olduğunu deyir. Məsələn, qaçaqmalçılıq. Əgər bu say artırsa, Sizcə, Avropanın insan haqları çağırışlarının bir faydası varmı?

- Bunlar siyasi bəyanatlardır. Avropa Parlamentinin də gücü buna çatır. Biz sanksiya qoya bilmirik, biz parlamentik, demokratik yolla seçilmişik. Amma bizim oynadığımız rol da var. Təkcə Azərbaycandan danışmıram. Rusiyaya qoyulan sanksiyalara baxın. Məncə, Avropa Parlamentinin təzyiqləri olmasaydı, Avropa Komissiyası Rusiyaya qarşı bu qədər sərt və qərarlı olmazdı. Biz ilk gündən bu məsələni qaldırırıq. O cümlədən, Azərbaycanla bağlı... Biz hərbi əməliyyatı da izlədik, Laçın dəhlizində baş verənləri də, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının pozulmasını da. Biz o mərhələyə çatdıq ki, artıq Avropa Komissiyasından Azərbaycanla münasibətlərə yenidən baxılmasını və bu ölkəyə sanksiya qoyulmasının nəzərdən keçirilməsini istəyirik. Biz hadisələrə müvafiq olaraq davrandıq.

Yeni 'kürü diplomatiyası' iddiası
Gözlə

No media source currently available

0:00 0:07:55 0:00

- Sizcə, Avropa Komissiyasında bilirlər ki, Azərbaycan jurnalistləri ilə bağlı nələr baş verir?

- Mən əminəm ki, bilirlər. Biz hər dəfə Avropa Parlamentində müzakirələr aparanda qətnamələri və başqa sənədləri onlara göndəririk. Mən davamlı olaraq Avropa Komissiyasının üzvləri və Cənubi Qafqaza məsul olan şəxslərlə görüşürəm. Onlar hər üç Cənubi Qafqaz ölkəsində baş verənlərdən çox yaxşı xəbərdardırlar. Amma bir reallıq da var- hansısa sanksiya tətbiq etmək üçün Komissiyanın yekdil qərarına ehtiyacı var. Amma hal-hazırda, mən başa düşdüyüm qədər, bu, mümkün olmur. Amma biz təzyiqləri davam etdiririk, öz mövqeyimizi ifadə edirik ki, Avropa İttifaqı Şurasını da yola gətirək. Əgər Azərbaycan öz davranışını və siyasi ritorikasını dəyişməsə, buna davam edəcəyik...

- Jurnalistlərin azadlığa buraxılması tələbi də bura daxildirmi?

- Biz bütün siyasi məhbusların azadlığa çıxmasını istəyirik.

"Avropa Parlamentində heç kim Azərbaycanı dəstəkləmir"

- İlk sualıma qayıtmaq istərdim. Prezident Əliyev deyib ki, əgər Avropa Azərbaycan qazını almağı dayandırarsa, şirkətlər yüksək məbləğdə cərimə ödəməli olacaqlar. Sizcə, bu, Komissiya üçün mühüm məsələdir?

- Məncə, bu, problem deyil. Mən estoniyalıyam, Avropa İttifaqının Rusiyaya qoyduğu sanksiyaya görə bizə qaz baha başa gəlir. Amma biz bunu edirik, çünki məsələ prinsip və dəyərlər məsələsidir. Biz Ukraynaya yardım edirik, bu da prinsip məsələsidir. Məncə, qarşı tərəf insan haqlarına, beynəlxalq hüquqa hörmət etmirsə, qiymət məsələsi o qədər də mühüm deyil.

- Avropa İttifaqı Azərbaycanla bu qaz sazişlərini imzalayanda Azərbaycan demokratik ölkə idi?

- Bu, çox çətin sualdır. Hesab etmirəm ki, qaz müqaviləsini imzalamaq doğru idi. Mənə görə, fərqi yoxdur ki, müqavilə Rusiya ilə imzalanıb, yoxsa demokratik meyarlara cavab verməyən başqa bir ölkə ilə. Mən deputatam və öz fikrimi Cənubi Qafqaz Komitəsinin sədri kimi ifadə edirəm.

- O zaman bu müqavilələrə, Sizcə, yenidən baxılacaq? O vaxtdan bu yana çox şeymi dəyişib?

- Məncə, bəzi dəyişikliklər var. Hərbi hücum, Laçın dəhlizinin blokadası və s. Sizə deyim ki, bu binada - Avropa Parlamentinin binasında heç kim Azərbaycanı dəstəkləmir. Azərbaycan haqda rəylər heç də müsbətə doğru dəyişmir. Siyasi münasibətin dəyişməsi, istər-istəməz, ikitərəfli münasibətlərə də öz təsirini göstərəcək. Sual sadəcə budur ki, bu nə vaxt baş verəcək...

XS
SM
MD
LG