Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:09

Paşinyanın yaratdığı şuranın üzvü konstitusiyanın dəyişdirilməsinə etiraz edir


Edmon Marukyan
Edmon Marukyan

Ermənistanda baş nazir Nikol Paşinyan tərəfindən ölkə konstitusiyasının yeni mətninin hazırlanması üçün yaradılmış xüsusi hökumət şurasının üzvü Edmon Marukyan ana qanunun dəyişdirilməsinə etirazını bildirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Marukyan Ermənistan konstitusiyasının Azərbaycanın tələbi ilə dəyişdirildiyini iddia edib.

Ötən mart ayına qədər Ermənistanın xüsusi işlər üzrə səfiri olmuş Marukyan Azatutyuna deyib ki, Bakının Ermənistanın indiki konstitusiyasına iradları iki ölkə arasında sülh müqaviləsinin imzalanmaması üçün bəhanədir:

“Azərbaycanın irəli sürdüyü ön şərtlər sülh müqaviləsinə dair danışıqların başlanğıcında yox idi. Bunlar yeni ön şərtlərdir və icrası açıq-aşkar qeyri-mümkündür”.

Marukyan deyib ki, müqavilə yaxın zamanlarda imzalanmayacaq, çünki Azərbaycan və eləcə də Türkiyə Ermənistandan yeni tələblərini davam etdirəcəklər.

“Bu tələdir”

Marukyan Paşinyan tərəfindən 2022-ci ildə hazırkı konstitusiyaya düzəliş təkliflərinin edilməsi üçün yaradılmış Konstitusiya İslahatı Şurasının üzvüdür. Paşinyan bu ilin mayında şuranın mandatını dəyişib və bildirib ki, qurum yeni konstitusiyanın layihəsini 2027-ci ilin yanvarınadək hazırlamalıdır.

Azatutyun yazır ki, Paşinyan bu addımı Azərbaycan Ermənistanın indiki konstitusiyasına iradlarını bildirəndən sonra atıb. Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın başqa rəsmiləri deyirlər ki, Ermənistanın indiki konstitusiyasında Azərbaycana ərazi iddialarını ehtiva edən müddəalar var.

Bakı özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir.

Müstəqillik Bəyannaməsində isə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad var. Bu da qeyd olunmalıdır ki, o vaxt daha yüksək instansiya olan SSRİ Ali Soveti sözü gedən aktı qanunsuz sayaraq dərhal ləğv etmişdi.

Marukyan iddia edir ki, ermənilərin əksəriyyəti konstitusiyanın dəyişdirilməsinə dair referendumda iştirak etməyəcək. Onun sözlərinə görə bu, Bakıya “yeni müharibə üçün bəhanə” verəcək:

“Mən bu səbəbdən inanıram ki, biz konstitusiyasının preambulasına toxunmamalı və ya bu barədə heç bir diskussiya açmamalıyıq. Bu tələdir”.

Paşinyanın səfir olmaq təklifini qəbul etmişdi

Marukyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən istefa verəndən bəri Paşinyanı Qarabağın itirilməsindən sonra Azərbaycana “birtərəfli” güzəştlər etməkdə ittiham edir.

Marukyan vaxtilə ölkənin əsas müxalifət partiyalarından biri olmuş İşıqlı Ermənistan partiyasının lideridir.

O da başqa müxalifət liderləri kimi Ermənistanın 2020-ci il müharibəsində məğlubiyyətinə görə Paşinyanı ittiham edir və onun istefasına çağırırdı.

Lakin Marukyan partiyasının 2021-ci il seçkisində parlamentdə bircə mandat da ala bilməməsinə rəğmən Paşinyanın onu xüsusi tapşırıqlar üzrə səfir təyin etmək təklifini qəbul etmişdi.

Paşinyan hökuməti keçmiş səfirin bəyanatına hələ ki, münasibət bildirməyib.

Tarixi foto: Nikol Paşinyan və Edmon Marukyan 2017-ci ildə birgə mətbuat konfransında
Tarixi foto: Nikol Paşinyan və Edmon Marukyan 2017-ci ildə birgə mətbuat konfransında

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG