Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

Masallının icra başçısı jurnalisti ikinci dəfə cəzalandırmaq istəyir


İcra başçısı Rafil Hüseynov, jurnalistlərlə görüşür, 17 aprel 2013
İcra başçısı Rafil Hüseynov, jurnalistlərlə görüşür, 17 aprel 2013

Rafil Hüseynov bundan əvvəl sayt rəhbərini cərimələtdirib, indi isə onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov “cenubnews.com” saytının təsisçisi və baş redaktoru Mirələm Həşimov-un cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Buna səbəb isə sentyabrın 24-də saytda yayımlanan “Masallıda pensiya alanlar etiraz etdi, yol bağlandı” başlıqlı məqalə və videogörüntülərdir.

Xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə üz tutan icra başçısı məqalədə yazılanların böhtan olduğunu iddia edir və Mirələm Həşimovun CM-nin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəyir.

Buna da bax: Masallıda pensiyaçılar yolu bağlayıblar - YENİLƏNİB

İcra başçısının iddiasına oktyabrın 31-də Masallı Rayon Məhkəməsində hakim Anar Alməmmədov baxacaq.

Masallıda etiraz, 24Sep2016
Masallıda etiraz, 24Sep2016

“BAŞA DÜŞƏ BİLMİRƏM Kİ, NƏ İSTƏYİR”

Bu barədə baş redaktorun vəkili Cavad Cavadov məlumat verib. Vəkil deyir ki, məhkəmə çəkişməsinə səbəb olan materialda heç bir böhtandan söhbət gedə bilməz. Üstəlik, ortada faktı təsdiqləyən videogörüntülər də var.

“Doğrusu, icra başçısının şikayətini dördüncü dəfədir oxuyuram, amma başa düşə bilmirəm ki, nə istəyir. Materialda "Kapitalbank"ın bankomatlarında pul çatışmazlığı ilə əlaqədar gərginlikdən və nəticədə təqaüdünü ala bilməyənlərin etirazlarından söz açılır. Məhz bu problemin işıqlandırılmasından sonra həmin çatışmazlıqlar aradan qaldırılıb. Həm də ortada bu problemin olduğunu təsdiqləyən videogörüntülər var. Burada hansı böhtandan söhbət gedə bilər? Digər tərəfdən, bunun İcra Hakimiyyətinə nə aidiyyəti var? Görünən odur ki, xüsusi ittiham qaydasında şikayət jurnalisti fəaliyyətindən çəkindirmək məqsədi daşıyır”, – Cavad Cavadov bildirib.

İcra başçısı Rafil Hüseynovun tələbi ilə bundan öncə də “cenubnews.com” saytının rəhbəri cəzalandırılıb. İcra başçısının iddiası əsasında Masallı Rayon Məhkəməsi Mirələm Həşimovun üzərinə 3 xəbərin təkzib olunması və 2 min manat da kompensasiya ödəmək öhdəliyi qoymuşdu. Sonradan Şirvan Apellyasiya Məhkəməsi təkzib məsələsini qüvvədə saxlasa da, icra başçısına ödənilməli kompensasiyanın məbləğini 500 manata endirdi. Apellyasiya məhkəməsinin qərarından da kassasiya şikayəti verilib və həmin iş hazırda Ali Məhkəmənin icraatındadı.

XS
SM
MD
LG