Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:04

Masallıda göyərti ilə dolanan kənd susuz qalıb


Ümid tərəvəzə idi...
Ümid tərəvəzə idi...

Masallının Təklə kəndi cənub bölgəsində yetişdirdiyi göyərtilərlə tanınır. Kəndin 1500 nəfərdən çox əhalisi var. Ərazisi 1380 hektardır. Bunun 850 hektarında cəfəri, keşniş, şüyüd, reyhan və digər göyərtilər yetişdirilir. Məhsullar kənddə qablaşdırılır və əsasən Bakıya aparılır. Qablaşdırılmış cəfəri Rusiyaya da daşınır. Kənd sakinlərinin demələrinə görə, iyun və iyul aylarında məhsulu ucuz satıb qəpik-quruş qazanıblar. İndi tələbat artıb. Quraqlıq isə məhsulu yetişdirməyə imkan vermir.

«10 GÜNDÜR SU TAPMIRAM»

Kənd sakini Hüsaməddin Hüseynov deyir ki, su yoxdur, göyərti becərmək çətinləşib: «Deyirlər, əkin. Borc-xərc edib 40 sotda göyərti əkmişəm. İnanın, 10 gündür su tapa bilmirəm. Sahə suvarılmır. Əkdiyim zay olur. Evə qazanc ancaq bu sahədən gəlir. Qarşıdan məktəb ayları gəlir, pul yoxdur, dörd uşağım məktəblidir. Heç nə almamışam. Dərd məni götürüb ki, pulu haradan tapım? Hər birisi 100 manatdan yuxarı xərc istəyir. Ümidimiz tərəvəzə idi, bu da belə. İndi göyərtiyə tələbat artıb, yaxşı qiymətə gedir. Əkin sahəsi suvarılsa, tez də özünə gələr. Su isə yoxdur».

Buna da bax-'150 dən çox xurma, nar, heyva ağacı qurudu'

H.Hüseynovun deməsinə görə, döymədikləri qapı qalmayıb, lakin problem həllini tapmır: «Deyirlər, əkin. Bunu dövlət də deyir, prezident də deyir, kəndli də deyir. Əkmişik. Su verin də».

«QALMIŞIQ BAŞIMIZA DÖYƏ- DÖYƏ»

Digər sakin İlham Rzayev həmkəndlisinin sözlərinə şərik çıxaraq deyir ki, sahələr suvarılmasa, məhsul olmayacaq. Məhsul yetişməsə, kənd aclıq çəkəcək: «Yarım hektar yer əkmişəm, 5 uşağım var. Bunların dördü məktəblidir. Hamımız da əkinə gözümüzü dikmişik. İndiyə kimi əkdiyimiz bibərdir, badımcandır, reyhandır pula getmirdi. İndi pula gedir, sahələri isə suvarmağa su tapmırıq. Qalmışıq başımıza döyə-döyə. Biz əkinimizi suvarmaq üçün su istəyirik. Hara da müraciət edirik, başımızı aldadırlar, heç nə yoxdur. Bir dənə traktor veriblər, deyirlər, yer qaz, sahəni suvar. Çaylarda su quruyub, quyularda da su yoxdur. Buna görə 150 manat xərcləmişəm, hələ ki, su yoxdur. Kənddə ən azı 150 ailə göyərti əkib, onunla dolanır. Vəziyyətimiz çox gərgindir, acınacaqlıdır».

«TƏCİLİ VİLƏŞÇAYDAN SAHƏLƏRƏ SU VERSİNLƏR»

Kənd sakini Nadir Məmmədov da ailə vəziyyətinin ağır olduğunu deyir: «Mənim də üç məktəbli uşağım var. Ailəliklə təsərrüfatla məşğuluq. Xəstə anam var. Ancaq əkinlə dolanırıq. Yarımhektar əkin əkmişik, tərəvəzdir, göyərtidir. Sahə yanır. 10 gündən yuxarıdır su yoxdur. Müraciət etmişik icra hakimiyyəti başçısına - Təcili Viləşçaydan sahələrə su versinlər. Hələ ki, nəticə yoxdur. Bir o qalıb ki, özümü yandırım. 1500 manat əkinə xərc çəkilib. Demək olar ki, heç bir xərc götürülməyib. İndi yaxşı qiymətə gedir, məhsul olsa, pul qazanmaq olar. Buna da su lazımdır».

Buna da bax-Bakının suyu qurumuş fəvvarələri

Təklə kəndi Cəlilabadla sərhəddə yerləşir. Kənd sakinlərin demələrinə görə, əkin sahələri Cəlilabad ərazisindən keçən Göytəpə çayının suyu ilə suvarılır. Bu ərazidə digər kəndlərə isə Viləşçaydan su verilir.

SU PULU VERMİRLƏR...

Masallı rayon Suvarma İdarəsinin rəisi Ağabəy Ağayev isə deyir ki, Təklə kəndinin əkin sahələrinə həmişə su verilib. İndi də problemlərin həlli ilə məşğuldurlar. Lakin kənd əhalisi suvarmaya görə pul ödəmək istəmir: «Müqavilə bağlamırlar. Buna baxmayaraq, 4-5 aydır ki, onlara su verilir. Suvarmaq üçün sahələrdə 18 metr dərinlikdə 20-30 quyu qazılıb».

«ÖZ SAHƏLƏRİNİ SUVARIRLAR»

Təklə kənd sakini Səmədağa Həsənov isə deyir ki, qazılan quyularda da su yoxdur. Onun deməsinə görə, kəndin ərazisində olan kanallara su həmişə Cəlilabad ərazisindən gəlib: «Cəlilabadın Göytəpə çayından su gəlir, öz sahələrini suvarırlar, onun qalıqları gəlib bizə çatır. Belə olan halda Masallı rayon Suvarma İdarəsinə nə üçün pul ödənməlidir? Hazırda əkin sahələrimiz yanır. Bunlar pul davası edirlər».

XS
SM
MD
LG