Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:23

Mətbuat Azadlığı Günü: Oğurlanan jurnalist. Samizdatın dönüşü


Stepan Xlopov
Stepan Xlopov

Rusiyada müstəqil media orqanları ya qapadılıb, ya da xaricə köçüb. “Zvezda” kimi regional media isə təzyiq altındadır

Mayın 3-də Dünya Mətbuat Azadlığı günü qeyd olunur. AzadAvropa/AzadlıqRadiosu Rusiyanın Ukraynada işğal etdiyi ərazilərdə müstəqil medianın üzləşdiyi çətinliklərdən yazır.

Ukraynalı jurnalist Oleh Baturin martın 12-də oğurlanıb. Ona bir tanışı zəng edir və görüşmək istədiyini deyir. Ancaq razılaşdıqları yerə gələndə tanışını deyil, Rusiya əsgərlərini görür. Onlar maşından düşərək jurnalisti döyür, əllərini qandallayır, Nova Xarkovka şəhərinə aparırlar. Bunları Baturin özü sonradan radionun Ukrayna xidmətinə danışıb.

Ukraynanın cənubundakı Xerson vilayətində “Noviy Den” media orqanının müxbiri olan Baturin səkkiz gün Rusiya əsirliyində qalır. Moskva fevralın 24-də Ukraynanı işğal etməyə başlayanda Xersonun əsas hissəsi Rusiyanın nəzarətinə keçib.

Sərhədsiz Reportyorlar və Jurnalistləri Müdafiə Komitəsi müharibə başlayandan azı 7 jurnalistin öldürüldüyünü, bir neçəsinin yaralandığını bildirir. Ukraynanın Milli Jurnalistlər Birliyi isə ötən ay azı 20 media peşəkarının öldürüldüyünü açıqlayıb.

Rusca danışan təzə administrator

Ukraynanın şərqində və cənubunda Baturin kimi bir çoxları Rusiya qüvvələri tərəfindən saxlanıb, işgəncə görüb, dindirilib.

Baturin Nova Xarkovkada şəhərin yeni təyin olunmuş rusiyapərəst ukraynalı administratoru Volodimir Leontyev tərəfindən dindirildiyini yada salır.

“Mənimlə rusca danışırdı. ‘Məni tanıyırsan? Məni nasist formasına təsvir eləməyə cürətin çatıb?’ Həddən artıq kobud danışırdı. Yalnız söyürdü”, – Baturin söyləyir.

Baturin Leontyevin işğalçı qüvvələrlə əməkdaşlığı, onun şəhər administratoru təyin olunacağı ehtimalından yazıbmış. Məqalənin içində Lenotyevin nasist uniformasında fotoları yerləşdirilib.

Tibbi ekspertiza Baturinin dörd qabırğasının sındığını müəyyənləşdirib. Ona deyiblər ki, daha yazmamalıdır. Jurnalist sonradan Xerson şəhərinə aparıldığını, orada pis şəraitli kamerada saxlandığını danışıb. Kamerada üstündə yatmağa bircə skamya olub.

Jurnalist səkkiz günlük əsirlikdən buraxılandan bir neçə gün sonra vilayətdən çıxaraq hökumətin nəzarətində olan əraziyə keçə bilib.

Rusiya

Rusiyada isə müharibə başlayandan mediaya təzyiqlər artıb. Ural vilayətindəki Perm şəhərində “Zvezda” onlayn qəzetinin baş redaktoru Stepan Xlopov danışır ki, martın 5-də “Roskomnadzor” onlara email göndərərək “qadağan olunmuş kontent”i silməsini istəyib, amma hansı materialdan söhbət getdiyini dəqiqləşdirməyib.

Həmin gün Permdə və digər şəhərlərdə dinc nümayiş keçirilib. Xlopov da canlı yayım verirmiş.

“Az sonra həmkarlarım dedilər ki, nəsə mesaj gəlib. Bir az da keçəndən sonra onlar mənə saytın bloklandığını xəbər verdilər”, – o danışır.

“Roskomnadzor” mediaya “müharibə”, yaxud “işğal” sözünü işlətməyi yasaqlayıb, yalnız rəsmi hökumət mənbələrindən istifadə etmək göstərişi verib. “Saxta informasiya” yaymaqla “silahlı qüvvələrin gözdən salınması”na görə 15 ilədək həbs cəzası kəsilə bilər.

Rusiyada müstəqil media orqanları ya qapadılıb, ya da xaricə köçüb. “Zvezda” kimi regional media isə təzyiq altındadır.

“İndi hər şeydən qorxuruq. Çünki istənilən səbəblə üstümüzə gələ bilərlər”, – Novosibirskdəki Taiga-Info vebsaytının jurnalisti Yaroslav Vlasov deyib.

Samizdat çapı

“Zvezda” bloklanandan sonra jurnalistlər güzəştə gedərək yazılardan “müharibə” sözünü çıxarıb, yerli etirazlardan fotoları siliblər. Amma saytın bloku qaldırılmayıb.

Apreldə “Zvezda” əməkdaşları Telegran kanalında A4 formatında, istənilən printerdə çap oluna biləcək həftəlik büllüten dərc ediblər.

Keçmiş Sovet İttifaqında samizdat çapı dövlətlə siçan-pişik oyunu ilə nəticələnirdi. Elə Prezident Vladimir Putin Rusiyası da bu mənada fərqlınmir. Apreldə azı üç nəfər “Zvezda”nın samizdat versiyasına yaymağa görə “Rusiya Federasiyası silahlı qüvvələrini gözdən salmaq” maddəsi ilə məsuliyyət cəlb olunub.

Vebsayt bloklanandan “Zvezda” reklam gəlirini bütünlükdə itirib. Xlopov deyir ki, belə bir mühitdə nə qədər duruş gətirəcəklərini heç kəs bilmir.

“Həm milli, həm də regional səviyyədə müstəqil medianı əsasən itirmişik. Təqiblər isə davam edir”, – o vurğulayıb.

XS
SM
MD
LG