Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:38

2017-nin nəticələri: 'İş o yerə çatdı ki, hökumət mediasında çalışanlar da getdi'


"Sözsüz". Şerif. Karikatura.
"Sözsüz". Şerif. Karikatura.

“2017-ci ildə kütləvi informasiya vasitələri üçün müsbət mənada nəsə baş vermədi. Əksinə, ifadə azadlığının boğulması istiqamətində işlər görüldü, məsələn, qanunlar daha da sərtləşdirildi. Həmkarlarımız həbs edildi, həbsdə olanlardan azadlığa çıxan olmadı. Təzyiqlər davam etdi. 2017-ci ildə mən də daxil olmaqla bir qrup jurnalistin ölkədən çıxışına qoyulan qadağalar davam etdi”, – müstəqil jurnalist Aynur Elgünəş Azərbaycan mediası üçün başa çatmaqda olan ilin dəyərləndirməsini apararkən belə deyir.

O təəssüflənir: “Nə yazıq ki, mətbuat bir az da geri düşdü”. Aynur Elgünəş bir çox həmkarlarının ölkədən getməsini də xüsusi qeyd edir, özü də tək müstəqil jurnalistlərin deyil:

Buna da bax: Prokurorluqdan sonra jurnalist DTX-ya çağırıldı [yenilənib]

“İş o yerə çatdı ki, hətta hakimiyyətdən ev, dəstək almaq şansı olan, hökumət mediasında çalışan jurnalistlərdən belə gedənlər oldu”.

Aynur Elgünəş
Aynur Elgünəş

“ANS və “Turan”ın başına gələnləri gördük”

Aynur Elgünəşin cızdığı mənzərəni həmkarları da təsdiqləyir. Sadəcə, əlavə məlumatlarla mənzərəni tamamlamağa çalışırlar. Məsələn, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, 2017-ci il media ilə bağlı prosesdə “yeniliklər, keyfiyyət dəyişikliyinə səbəb olacaq hadisə” baş vermədi. Onun fikrincə, bu sahədəki böhran “ağır faza”dadır. O, böhran dedikdə, medianın “tam nəzarətdə olmasını və onun müstəqilliyini tam itirməsini” nəzərdə tutur:

Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]

“Bu gün Azərbaycanda bir dənə də müstəqil kütləvi informasiya vasitəsi yoxdur, bir KİV yoxdur ki, “mən öz əlimdir, öz başımdır, öz-özümü dolandırıram” desin. Demək olar, hamısı başqa mənbələrdən asılıdırlar, birinci növbədə də hökumətdən idarə edilən mənbələrdən. Ona görə də Azərbaycanda medianın müstəqilliyi ciddi problemdir və bu, 1990-cı illərin sonundan, 2000-ci illərdən davam edən prosesdir. Müstəqilliyini saxlamağa çalışan ANS-in (daha məhdud dairədə) və ya “Turan”ın (ondan bir qədər geniş dairədə), eləcə də başqalarının hakimiyyətin hansı təzyiqləriylə qarşılaşdıqlarını, fəaliyyətlərini nə dərəcədə məhdudlaşdırdıqlarını hamımız gördük. Təəssüf ki, böhranın birinci göstəricisi Azərbaycanda müstəqil və azad medianın olmamasıdır. Bu da o deməkdir ki, Azərbaycanda böyük jurnalistika yox dərəcəsindədir”.

Hərbi senzura, tənqidi medianın bloklanması

Buna da bax: Leyla Yunus: 'CNN-də Azərbaycanın reklamlarına inanmayın'

Hüquqşünas Ələsgər Məmmədli isə 2017-ci ildə KİV-lərlə bağlı qanunvericiliyə edilən “neqativ dəyişikliklər”in üzərində dayanır:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Öncə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun”a dəyişiklik edildi. Beləliklə də, icra qurumuna məhkəmə qərarı olmadan elektron resursları bağlamaq hüququ verildi. Sonra qanunvericilikdə dəyişiklik edildi və hərbi senzura gətirildi. Konstitusiyaya görə, ölkədə senzura qadağandır. Buna baxmayaraq, hərbi vəziyyət zamanı senzuranın tətbiqi qanuna salındı”.

Buna da bax: Hüquq müdafiəçisi: 'Çox istərdim deyəm ki, durum yaxşılaşır... Deyə bilmirəm'

Ələsgər Məmmədli ilin birinci yarısında “tənqidi media nümunəsi” sayılan beş KİV-in Azərbaycanda fəaliyyətinin qadağan edildiyini, bu zaman qanunda göstərilən prosedurların pozulduğunu da qeyd edir. Bura MeydanTV, AzadlıqRadiosu, “Azadlıq” qəzeti və başqaları daxildir. “Mayın 15-də məhkəmə bu saytlara ölkə daxilində çıxışı qadağan etdi. Bundan sonra 15-dən çox resurs sistemli şəkildə bloklandı”, – hüquqşünas deyir.

15-dən çox jurnalist həbsdədir

Bu il Azərbaycanda həbs edilən media təmsilçiləri də oldu. Videobloqqer Mehman Hüseynov polis rəisinin şikayəti əsasında həbsə məhkum edildi. Gürcüstanda yaşayan Əfqan Muxtarlı müəmmalı şəkildə saxlanılaraq Azərbaycana gətirildi. 27 ildir fəaliyyət göstərən “Turan” İnformasiya Agentliyinin direktoru, vergidən yayınmaqda ittiham olunan Mehman Əliyev barəsində həbs qətimkan tədbiri seçildi. Yalnız beynəlxalq qurumların müdaxiləsindən, özünün prezidentə müraciətindən sonra azadlığa çıxa bildi. Həbsdə olduğu müddətdə xəbər agentliyi işini dayandırmağa məcbur qaldı.

Buna da bax: Demokratiya İndeksi: Azərbaycan 148-ci yerdədir

Ələsgər Məmmədlinin qənaətincə, 2017-ci ildə ən yaddaqalan hadisələrdən biri 7 ildən sonra diffamasiyanın tətbiqi – videobloqqer Mehman Hüseynovun həbs edilməsi oldu:

“Ona Cinayət Məcəlləsində nəzərdə tutulan maddə əsasında böhtan və təhqirə görə həbs cəzası verildi. Ümumiyyətlə, bu il ifadə azadlığının daşıyıcısı kimi 15-dən çox şəxs həbsdədir. Bu, media azadlığını ciddi şəkildə təhdid edir”.

Buna da bax: Daha bir sayta giriş bloklanıb

Əflatun Amaşov: “Bu, qanunvericiliyin təkmilləşdirilməsidir”

Əflatun Amaşov
Əflatun Amaşov

Başa çatmaqda olan 2017-ci ildə mükafatlandırılan jurnalistlər də oldu, sözsüz. Kimi beynəlxalq qurumlar, kimi də siyasi hakimiyyət tərəfindən. Bu ilin iyulunda hökumət 200-dən çox jurnalistə mənzil verdi. Bu, müzakirələrə, qınaqlara yol açdı.

Ələsgər Məmmədli bunu jurnalistikaya “ayaqbağı” sayır, “ev alan şəxslər daha korrekt olurlar, özlərini senzura edirlər” söyləyir.

Buna da bax: Jurnalistə səyahət qadağasını qaldırmağa çağırırlar

Mətbuat Şurasının sədri, Milli Məclisin İnsan Haqları Komitəsinin üzvü Əflatun Amaşov səslənən tənqidləri qəbul etmir. O bu il jurnalistlərə təzyiq göstərilməsi, onların fəaliyyətinin məhdudlaşdırılması, yazdıqlarına görə həbs edilməsi haqda deyilənləri rədd edir.

Amaşov qanunvericilikdə dəyişiklikləri isə məhdudiyyət kimi yox, təkmilləşdirmə kimi qiymətləndirir:

“Bilirsiniz ki, Azərbaycanda bir sıra xəbər portalları, internet üzərindən yayılan KİV-lər, sözün əsl mənasında, cəmiyyəti məlumatlandırmaq məqsədilə yaradılmayıb. Onların məqsədi cəmiyyəti məlumatlandırmaq, bilgi vermək, əyləndirmək deyil. Onlar şəxsi mənafelərinə xidmət edən fəaliyyət növü ilə məşğuldurlar. Ayrı-ayrı insanların, onların yaxınlarını alçaldır, şəxsi həyatına müdaxilə edirlər, yanlış informasiya verirlər. Belə KİV-lərin sayı çoxdur. Mətbuat Şurası bununla mübarizə aparır. Bəlkə o sayaq saytların rəhbərləri internetlə bağlı qanunvericilik bazasına edilən dəyişiklikləri jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirirlər. Mən bununla razı deyiləm. Sırf KİV haqda qanunda nəzərdə tutulan maddələr “İnformasiya, informasiyalaşdırma, informasiyanın mühafizəsi haqda qanun”a daxil edilib, bir də beynəlxalq standartlar. Məsələn, terrorizmin, narkotikin istifadəsini təbliğ etmək kimi məsələlər həmin qanunvericiliyə əlavə edilib. Bunlar KİV haqda qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edən əlavələrdir”.

Buna da bax: AzadlıqRadiosu-nun şikayəti təmin olunmadı [yenilənib]

Əflatun Amaşov həmçinin Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun medianın dəstəklənməsində hələ də mühüm rol oynadığını qeyd edir: “Hər il müxtəlif nəşrlərə, KİV-lərə yardım edir, müsabiqələr keçirir, jurnalistlər dəyərləndirilir. Ancaq arzuolunandır ki, Azərbaycanda reklam bazarı genişlənsin, KİV-lərin iqtisadi gücü məhz reklam əsasında artsın. Biz Mətbuat Şurası olaraq bununla bağlı toplantı keçirmişik. Çox təəssüf ki, Azərbaycanda KİV-lərin durumu arzuolunan səviyyədə deyil”.

Buna da bax: UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'

AzadlıqRadiosu-nun müsahibləri isə deyirlər ki, ölkədə siyasi yanaşma dəyişmədikcə, media azadlığının mahiyyəti dərk olunmadıqca 2018-ci ildə də bu sahədə heç nə dəyişməyəcək, “bu qara tablo bir az da qaralacaq”.

Buna da bax:

İlham Əliyev insan hüquqları, media və sərbəst toplaşma azadlığı haqda...
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

XS
SM
MD
LG