Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:39

Medvedev hədələyir: ‘Putini həbs etsələr...’


Rusiya prezidenti Vladimir Putin (sağda) və Dmitri Medvedev (Arxiv fotosu)
Rusiya prezidenti Vladimir Putin (sağda) və Dmitri Medvedev (Arxiv fotosu)

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə görə prezident Vladimir Putinin həbsinə hər hansı cəhd Rusiyaya qarşı müharibə elan olunması kimi qəbul ediləcək.

Bunu martın 23-də Putinin yaxın müttəfiqi, Təhlükəsizlik Şurasında onun müavini, keçmiş prezident Dmitri Medvedev deyib.

BCM Vladimir Putinin həbsi üçün orderi ötən həftə verib. O yüzlərlə uşağın Ukraynadan qanunsuz olaraq Rusiyaya aparılmasında ittiham olunur.

BCM bildirib ki, söhbət ağır müharibə cinayətindən gedir və Putin bu cinayətə görə birbaşa məsuliyyət daşıyır.

Reuters agentliyinin verdiyi xəbərə görə Medvedev Rusiya mediasına deyib ki, Rusiya, Çin və ABŞ-la yanaşı bir sıra ölkələrin tanımadığı BCM-in orderi Moskva üçün bir “hüquqi heçdir”.

“Gəlin təsəvvür edək ki...”

Amma onun sözlərinə görə buna baxmayaraq onun həbsinə göstərilən hər hansı cəhd Rusiyaya müharibə elan edilməsi kimi qiymətləndiriləcək:

"Gəlin belə bir situasiyanı təsəvvür edək. Düzdür belə bir hadisə heç vaxt baş verməyəcək, amma yenə də təsəvvür edək: nüvə ölkəsinin başçısı bir əraziyə, deyək ki, Almaniyaya gedir və həbs olunur. Onda nə baş verəcək? Bu, Rusiya Federasiyasına müharibə elan edilməsi sayılacaq. Onda bizim nəyimiz varsa, bütün raketlərimiz və sair Bundestaqa, kanslerin ofisinə uçacaq”.

Kreml bildirir ki, BCM-in həbs orderi hiddət doğuracaq siyasi qərardır, amma Rusiya üçün heç bir gücə malik deyil.

Rusiya rəsmiləri Moskvanın Ukraynada törətdiyi hərbi cinayətləri danır və əksinə deyirlər ki, Ukraynanın törətdiyi cinayətlər görməzliyə vurulub.

Rusiyanın ötən ilin fevralında Ukraynaya əsassız və səbəbsiz müdaxiləsi Avropada II Dünya Müharibəsindən və 1962-ci il Kuba Raket Böhranından bəri Moskva və Qərb arasında ən böyük qarşıdurmaya səbəb olub.

Qərblə münasibətlərə gəlincə isə, Medvedev deyib ki, bu münasibətlər indi hər zaman olduğundan daha pisdir.

“Qərbyönlü islahatçıdan müharibə çalağanına”

2008-2012-ci illərdə prezident olmuş Medvedev özünü qərbyönlü islahatçı kimi təqdim edirdi.

Amma müharibə başlanandan bəri o Rusiyanın ən davakar rəsmilərindən birinə çevrilərək Qərb liderlərini təhqir edir, onları nüvə zərbələri ilə hədələyir.

O bildirib ki, hazırda nüvə müharibəsi riski yüksəkdir:

“Ukraynaya xarici silahların daşındığı hər gün nüvə axirətini bir az da yaxınlaşdırır”.

Medvedev deyib ki, 1991-ci ildə SSRİ dağılandan bəri Qərb özünü Rusiyanın ağası hesab edib, amma Putin buna son qoyub.

O iddia edib ki, Rusiyanın və Çinin müstəqilliyi Qərbi əsəbiləşdirir və Qərb Rusiyanı və Çini xırda və zəif dövlətlərə parçalamağa, onların təbii sərvətlərini qarət etməyə can atır.

“Lovğa Qərbə” qarşı “ölüm-dirim” davası

Putin bəyan edib ki, Ukraynadakı münaqişə Rusiyanın “lovğa və aqressiv” Qərblə “ölüm-dirim” müharibəsidir.

Qərb Rusiyanın parçalanmasını istədiyinə dair iddiaları rədd edir və bildirir ki, o Ukraynaya Putinin imperiya qəsbkarlığına qarşı özünü müdafiə edə bilməsi üçün dəstək verir.

ABŞ və NATO bildirib ki, bu mübarizədə Ukraynaya “lazım olduğu qədər” dəstək veriləcək.

Medvedev isə məsələni daha kəskin qoyur və deyir ki, Ukrayna “Rusiyanın bir hissəsidir”.

O iddia edir ki, bir vaxtlar Rusiya imperiyasının bir hissəsi olmuş Ukraynanın demək olar, bütün ərazisi Rusiyanın olmalıdır.

Rusiya 1991-ci ildə Ukraynanın sərhədlərini və ərazi bütövlüyünü tanıyıb və bu barədə 1994-cü ildə Budapeşt memorandumunu imzalayıb.

Medvedev bildirir ki, bir gün Rusiyanın Qərblə münasibətləri yaxşılaşacaq, lakin bunun üçün uzun müddət lazım gələcək:

"Mən inanıram ki, gec ya tez, vəziyyət stabilləşəcək və kommunikasiyalar bərpa olunacaq. Mən səmimi şəkildə ümid edirəm ki, bu adamların (Qərb liderlərinin) əhəmiyyətli bir hissəsi pensiyada, bəziləri isə artıq ölmüş olacaq”.

XS
SM
MD
LG