Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:01

Məhkum sayına görə birinci, çəkilən xərcə görə sonuncu?


Həbsdən çıxan cəbhəçi: 'Türmədə bu xidmətin qiyməti 400 manatdır'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

Həbsdən çıxan cəbhəçi: 'Türmədə bu xidmətin qiyməti 400 manatdır'

Mayın 8-də Heydər Əliyevin doğulmasının 100-cü ildönümü münasibəti ilə Azərbaycanda əfv fərmanı imzalandı. Rəsmi açıqlamalarda bunun müstəqillik tarixinin ən böyük əfv fərmanı olduğu vurğulanır. Ancaq sırf həbsxanadan buraxılan şəxslərin sayı baxımından budəfəki fərman heç də ən böyük əfvə yol açmayıb. Axı adı əfv fərmanında sadalananların heç də hamısı cəzasını həbsxanada çəkmir.

İmzalanan 8 may fərmanında toplam 801 nəfərin adı siyahıya salınıb. Onların 463 nəfəri həbs cəzasından azad edilib. Daha 220 nəfərin həbs cəzasının çəkilməmiş hissəsi yarıya endirilib. Yerdə qalan 118 nəfərsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan azad edilib. Bu qrupa şərti olaraq məhkum edilmiş, ancaq cəzasının çəkilməsi ertələnmiş, azadlığın məhdudlaşdırılması cəzası verilmiş, islah işləri cəzasına məhkum edilmiş, eləcə də cərimələnmiş şəxslər daxildir. Ötən il Azərbaycandakı cəzaçəkmə müəssisələrində 22 min 334 məhkumun olduğu açıqlanmışdı. Bu rəqəmdən bəlli olur ki, budəfəki əfv fərmanı ilə həbsxanadakı məhbusların təxminən 2 faizə yaxını (463 nəfər) azadlığa buraxılır.

Müqayisə üçün: 2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzalanan əfv fərmanı 607 nəfərin həbsxanadan buraxılmasına yol açmışdı. Bu baxımdan, 2018-ci ildə əfv fərmanında həbsxanadan buraxılanların sayı builki fərmanla buraxılanların sayından 144 nəfər və ya 31 faiz daha çox idi.

Azərbaycan ən çox məhbus olan ölkələrdən biridir

Avropa Şurasının 2021-ci ildə yayımladığı hesabatdan bəlli olur ki, Azərbaycan quruma üzv olan 50-yə yaxın ölkə arasında ən çox məhkumun olduğu ilk beş ölkədən biridir. Həmin il ölkədə əhalinin hər 100 min nəfərinə düşən məhbus sayı 209 nəfərə yaxın idi. Bu göstərici ilə Azərbaycan yalnız Türkiyə (357 nəfər), Rusiya (356 nəfər), Gürcüstan (263 nəfər) və Litvadan (219 nəfər) geri qalırdı.

Azərbaycan məhkum sayına görə siyahıda ilk yerlərdən birini tutsa da, onlara xərclənən vəsaitin həcmi baxımından siyahının ən sonlarındadır. Hesabatda qeyd edilir ki, Azərbaycanda bir məhbusa günlük çəkilən xərc təxminən 7.9 avrodur. 2019-cu ildə həbsxanalara bütövlükdə 55 milyon avro xərclənib. Adambaşına düşən xərclərə göz yetirəndə məlum olur ki, cəmi iki ölkədə Azərbaycandan daha zəif göstərici var: Bolqarıstanda (5.7 avro) və Rusiyada (2.8 avro). Qonşu ölkələrdən Gürcüstanda bu rəqəm 12.6 avro, Ermənistanda 18 avro olub. Skandinaviya və Benilüks ölkələrində bir məhbusa 250-300 avro xərclənib.

Azərbaycanda ən çox hansı cinayətlər törədilir?

Son illər ərzində Azərbaycanda qeydə alınan cinayət sayında ardıcıl artım gözə çarpır. Rəsmi rəqəmlərə görə, ötən il ölkədə 36 min 494 cinayət olayı qeydə alınıb. 2021-ci ildə 31 min 131 cinayət qeydə alınmışdı. Deməli, təkcə ötən il Azərbaycanda qeydə alınan cinayətlərin sayı 17 faiz artıb. 2019-cu illə müqayisədə isə artım daha yüksək – 40 faizə yaxındır.

Cinayət sayının artması ilə bağlı narahatlıq doğuran daha bir məqam ağır cinayətlərin payca yüksəlməsidir. Əgər 2019-cu ildə ölkədə baş verən hər doqquz cinayətdən biri ağır cinayət idisə (11 faiz), ötən il qeydə alınan hər altı cinayətdən biri ağır cinayət olub (16.6).

Ölkədə cinayət saylarının artmasına təsir göstərən başlıca amil narkotiklə bağlı cinayətlərin kəskin şəkildə çoxalmasıdır. Ötən il boyunca Azərbaycanda narkotik maddələrin hazırlanması, istifadəsi, daşınması ilə bağlı cinayət sayında əvvəlki illə müqayisədə 70 faizə yaxın artım qeydə alınıb.

Avropa Şurasının hesabatında da bildirilib ki, Azərbaycanda məhbusların ən çox təqsirləndirildikləri istiqamət uyuşdurucu (narkotik) cinayətləridir. 2021-ci ildə haqqında məhkəmə qərarı qüvvədə olan 17 min 763 məhbusdan 5 min 108 nəfəri - bütün məhbusların 29 faizi məhz uyuşdurucu (narkotik) ilə bağlı cinayətlərdə təqsirli bilinib.

XS
SM
MD
LG