Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:35

Məhkəmə-hüquq sistemində islahatlar hiss olunurmu?


Femida
Femida

Aprelin 3-də prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmanda bütün məhkəmələrinin sədrlərinə, hakimlərinə tövsiyə edilirdi ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinə dönmədən riayət etsinlər.

Sənəddə hakimlərin müstəqilliyi, sosial müdafiəsinin gücləndirilməsi və bir çox başqa məsələllə da bağlı məqamlar öz əksini tapırdı.
Şəffaflığını daha da artırılmasının qarşıya məqsəd kimi qoyulduğu bu fərmanda Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi və bir sıra başqa qurumlara da tövsiyələr, tapşırıqlar verilirdi.

Sənədin verilməsindən sonra hakimiyyət təmsilçilərinin bu sahədə islahatların başlandığı barədə açıqlamaları intensiv xarakter daşıyıb. Onun qəbulundan artıq 2 aya yaxın vaxt keçib. Bəs görək bu sahədə islahatların aparıldığı hiss olunurmu?

“Ümid edək ki, ciddi islahatların şahidi olacağıq”

Fazil Mustafa
Fazil Mustafa

Böyük Quruluş Partiyasının rəhbəri, deputat Fazil Mustafa düşünür ki, məhkəmə-hüquq sistemi ilə bağlı sərəncam olsa da, real işin başlanması barədə danışmaq tezdir.

Deputat mayın 31-də “Hilton” otelində “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransını xatırladaraq bildirib ki, hələ prezidentin apreldə imzaladığı sənədin əməli yöndə hazırlanma mərhələsi davam edir:

“Ümid edək ki, bütün qurumlar səviyyəli sənəd hazırlayıb təqdim edəcəklər. İki ay müddətində təkliflər verilməlidir, əgər bu proses başa çatsa, müzakirələri genişləndirmək və dərinləşdirmək olar. İndiki temp yüksək olmasa da, müəyyən işlər gedir. Ümid edək ki, ciddi islahatların şahidi olacağıq. Amma iş tapşırılan qurumların marağından da çox şey asılı olacaq. Ola bilər ki, bu islahatlar da müəyyən dərəcədə tam inkişaf etdirilməsin”.

“Baxın, bu qədər əfv fərmanı imzalanır, həbsxanalar boşalmır”

Konkret hansı yöndə islahatara ehtiyacın olduğuna gəlincə, Fazil Mustafa məhkəmə və hüquq-mühafizə sistemində ciddi islahatları vacib hesab edir:

“Çünki indiki vəziyyət əhalinin birbaşa maraqlarına problem yaradır. Məsələn, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri içərisində azadlıqdan məhrumetmə cəzası ən yüksək bizdədir. Baxın, bu qədər əfv fərmanı imzalanır, həbsxanalar boşalmır. Ona görə də ciddi islahatlar aparılmalıdır, ən azı alternativ cəzaların tətbiqinə nail olaq”.

Demokratik Təsisatlar İnstitununun direktoru Akif Qurbanov hələ 2003-cü ildə ( həmin il Azərbaycanda hakimiyyətə indiki prezident İlham Əliyev gəlib-red) Azərbaycan hakimiyyətində islahatçı komanda barədə fikirlərin səsləndiyini xatırladaraq bildirib ki, islahat kəlməsi çox işlənsə də, gerçəkdə onu görmək imkanı yoxdur:

“Hökumət təbliğatçıları bu ilin aprel ayında prezidentin məhkəmə-hüquq sahəsində islahatlarla bağlı fərmanıyla yeni islahat dalğasının başlandığını elan etsələr də, real addımlar görünmür”.

“Proses hakimiyyət bölgüsündən başlanmalıdır”

Akif Qurbanov, 17 oktyabr 2013
Akif Qurbanov, 17 oktyabr 2013

Akif Qurbanovun sözlərinə görə, söhbət real hüquqi islahatlardan gedirsə, proses hakimiyyət bölgüsündən başlanmalıdır:

“ Məhkəmə hakimiyyətinin real hakimiyyət səlahiyyətinə malik olması əsas şərt olmalıdır. Hələki, bu istiqamətdə hər hansı dəyişiklik yoxdur. Eyni zamanda, müdafiə institutu təkmilləşməlidir, vəkillik institutu güclənməlidir, çəkişən tərəflərin bərabərlik statusu olmalıdır. Amma proses əks istiqamətdə gedir, Vəkillər Kollegiyası dövlət orqanlarının sifarişi əsasında vəkilləri cəzalandırma fəaliyyətini davam etdirir. Qanunvericilikdə dəyişikliyə ehtiyac var. Problem ondadır ki, istər vəkillik fəaliyyəti, istər prokurorluq sisteminin məhkəmə üzərindəki gücü, istərsə də Məhkəmə-Hüquq Şurasının formalaşma mexanizmləri məhkəmələrin müstəqilliyini mümkünsüz edir. Müstəqil olmayan hər hansı insitutda da islahatlardan danışmaq yersizdir”

Xatırlama

Mövcud hakimiyyət rəsmiləri isə, ölkədə islahatların hələ 1993-cü ildən keçmiş prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağladığını bəyan edirlər.Onların vurğulamasına görə, islahatlar zaman-zaman yenilənir.

Vəkillər Kollegiyası isə dövlət orqanlarının sifarişi əasında vəkillərin cəzalandırıldığı ilə bağlı deyilənləri qəbul etmirlər.Kollejiya rəhbərliyinin fikrincə, son illər bir sıra vəkillərin qurumdan uzaqlaşdırılması onların qanunun tələblərini pozması ilə bağlıdır.

XS
SM
MD
LG