Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:40

Məktəbin idman zalında 7 yaşlı uşağın öldürülməsi işi: 'Elə bil, həmin gün...'


Mehman Xəlilov
Mehman Xəlilov

Sumqayıtdakı məktəblərdən birinin idman zalında məşq vaxtı 7 yaşlı Fərid Bakarovu döyüb öldürməkdə suçlanan sambo məşqçisi Mehman Xəlilova 19 il həbs cəzası kəsilib. Azyaşlının ölümü ilə bağlı cinayət işini araşdıran Sumqayıt Ağır Cinayətlər Məhkəməsi belə hökm verib.

Hakimlər məşqçinin 7 yaşlı uşağı qəsdən öldürdüyü nəticəsinə gəliblər.

M.Xəlilov bu ittihamla razılaşmır və hökmöncəsi son sözündə də olayın ehtiyatsızlıqdan yaşandığını deyib: "Mənə elə tərbiyə verilməyib ki, 7 yaşlı uşağı bilə-bilə öldürüm. Heç kim bilmir ki, başına nə gələcək. Bu, məşq prosesində, ehtiyatsızlıqdan baş vermiş hadisədir. Elə bil, həmin gün mənim üçün şeytan gəldi, o uşaq üçün də əcəl...".

Fəridi məşq etdirdiyi uşaqların hamısından çox sevdiyini vurğulayan M.Xəlilov bu uşağa qətiyyən zərər vermək niyyətinin olmadığını deyir: "Əksinə, o uşaq üçün canımı verərdim...".

"Kameraların altında adam öldürərlər?"

Onun fikrincə, uşağı bilərək öldürmədiyi halda, belə bir ittihamın səbəbi idman zalından olayın videogörüntülərinin yayılması oldu. Deyir, beləcə, onun haqqında cəmiyyətdə yanlış rəy formalaşdırıldı və səs-küy istintaqın gedişinə də təsir göstərdi: "Kameraların altında adam öldürərlər? O video yayıldı, nəticəsi də belə...".

Bu cinayət işinin məhkəmə araşdırmaları uşağın anasının - zərərçəkmişin hüquqi varisi qismində tanınan Aynurə Məlikovanın istəyi ilə qapalı keçirilib.

A.Məlikova iddia edir ki, M.Xəlilov uşağını ondan qisas almaq üçün öldürüb, çünki vaxtilə onların şəxsi münasibətləri olub və hadisədən bir müddət öncə ayrılıblar. Ancaq bundan sonra da A.Məlikova oğlunu məşqlərə aparıb-gətirib. Hətta hadisə vaxtı da özü orada olub.

"Bu, onunla mənim aramda olan məsələdir. Nə söhbətlər olubsa da, onunla mənim aramdadır, özümüz bilirik...", - A.Məlikova məhkəmənin qapalı keçirilməsindən ötdü verdiyi vəsatəti belə əsaslandırmışdı.

Hakimlər bu vəsatəti təmin edərək məhkəmənin qapalı keçirilməsinə qərar verəndə cinayət işində şəxsi həyata aid, ailə sirri sayılan məsələlər, yazışmalar olduğunu əsas gətirmişdi. Elə bu üzdən, məhkəmə istintaqının qapalı keçirilməsi məqsədəuyğun saymışdı.

M.Xəlilovun vəkili Anar Qasımlının da fikrincə, idman zalından görüntünün yayılması cəmiyyətdə müvəkkilinə şəxsə qarşı xüsusi qəzəb yaradıb: "Bu da sonda ona çox ağır ittihamlar verilməsi ilə nəticələndi. Halbuki, işdə başqa məqamlar var və onlar təqsirləndirilən şəxsin xeyrinə yozula bilər...".

Xatırlatma

Ötən il aprelin 29-da məşq zamanı ağır zədələr alan Fərid Bakarov Sumqayıtdakı uşaq xəstəxanasına çatdırılsa da, onun həyatını qurtarmaq mümkün olmayıb.

Olaydan sonra sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmin görüntülərdə məşqçi azyaşlını başından tutub idman döşəyinin üstünə tullayır və s.

İstintaqın əvvəlində M.Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülsə də, sonda ittiham ağırlaşdırılıb. Ona CM-in 120.2.4-cü və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələri ilə ittiham verilib.

XS
SM
MD
LG