Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:49

'Xanımlar, kişiniz sizi ölkənin vitse-prezidenti edə bilərmi?'


M.Əliyeva və İ.Əliyev
M.Əliyeva və İ.Əliyev

«Xanımlar, kişiniz sizi ölkənin vitse-prezidenti edə bilərmi? Yəqin ki, yox. Əlbəttə, əgər sizə də Azərbaycan prezidentinin xanımı olmaq bəxtəvərliyi nəsib olmayıbsa...».

«Foreign Policy» dərgisinin Azərbaycanın Birinci ledisi Mehriban Əliyevanın yeni təyinatı haqda yazısı belə başlayır.

CÜTLÜKLƏRİN «URVATDAN SALINMASI»

Bu, tək Qərb mətbuatının deyil, dünəndən – fevralın 21-dən bəri rus, türk mətbuatının da müzakirə etdiyi mövzulardandır və yazıların çoxunda ironiya diqqəti çəkir.

«Foreign Policy» İlham Əliyevin xanımını vitse-prezident vəzifəsinə təyin etməklə hakimiyyətdə olan bütün digər cütlükləri «urvatdan saldığını» yazır.

Buna da bax-'İndiki halda ya qanun dəyişməli, ya Əliyevlər boşanmalıdır' [video]

Dərgi bu təyinata ölkənin daxilində də, xaricdə də etirazların olmayacağını, hakimiyyətin etirazın qarşısını öncədən aldığını qeyd edir. Əvvəla, Azərbaycanda keçirilən referendumdan sonra konstitusiyaya dəyişikliklər vitse-prezident postunun yaradılmasına imkan verib. İkincisi, təyinatdan öncə ölkədə yenə tutatut başlayıb. Hakimiyyətdəkilər kimsənin etiraz etməyə cəsarəti çatmasın deyə, hətta xaricdə yaşayan fəalların yaxınlarını polis idarəsinə aparmaq həddinə çıxıblar.

«KÜRÜ DİPLOMATİYASI» İŞİNİ GÖRÜB

O ki qaldı Qərbə, Hudzon İnstitutunun hesabatında deyildiyi kimi, Azərbaycanın «kürü diplomatiyası» öz işini görüb. Qaz ehtiyatları Avropada, lobbiçilik isə Vaşinqtonda münasibətləri yoluna qoyub.

«Eurasianet» portalı yazır ki, M.Əliyevanın təyinatı İ.Əliyevin konstitusiyanı ailəsinin hakimiyyətini gücləndirmək, həm də sülalə hakimiyyətini qanunla əsaslandırmaq məqsədilə dəyişdiyini təsdiqləyir. Müəllif Mike Runey hesab edir ki, digər tərəfdən, Qərbin Ukraynadakı inqilabı dəstəkləməsi Əliyevlər ailəsini əndişələndirib və onlar mümkün saray çevrilişini önləməkdən ötrü ciddi addım atmaq qərarına gəliblər.

Buna da bax-'İlham Əliyev - xanımların idealındakı ər»- Twitter-dən seçmələr

Sayt ikinci vitse-prezident postuna İ.Əliyevin oğlunun – 20 yaşlı Heydər Əliyevin təyin olunacağını istisna etmir, bu haqda şayiələrin dolaşdığını bildirir: «Əslində, kiçik Heydər ailə biznesinə yad deyil, o, beynəlxalq aləmin diqqətini ilk dəfə 2010-cu ildə Dubayda 44 milyon dollarlıq mülkə sahiblənəndə çəkib».

«WIKILEAKS» NƏ YAZIRDI?

M.Əliyeva haqqında isə sayt bunları yazır: «2005-ci ildən millət vəkili olmasına baxmayaraq, Əliyeva parlamentdə nadir hallarda görünüb. «Wikileaks»in sənədlərində onun Heydər Əliyev Fondundan kənar ictimai işlərə az maraq göstərdiyi deyilir. O, Əliyevlərə hakimiyyət və var-dövlət baxımından yeganə rəqib sayılan Paşayevlər ailəsinin üzvüdür».

«Aljazeera» kanalı və Almaniyanın «Deutsche Welle» beynəlxalq yayımçısı isə M.Əliyevanın hər şeydən çox zövqünə, geyim tərzinə görə məşhur olduğunu vurğulayır, «Wikileaks» sənədlərində onun həm də geyim-keciminə görə «birinci ledi» adlandırıldığını, xaricdə kosmetik əməliyyatlara getməsi haqda yazılanları xatırladırlar.

Buna da bax-'Qatar artıq gedib. Paşayevlər qələbə qazanıblar'

Xəzər bölgəsi üzrə analitik Kate Mallinson «The Financial Times» qəzetinə müsahibəsində Azərbaycanda onsuz da ən uzunömürlü sülalə hakimiyyətlərindən birinin hökm sürdüyünü və Əliyevlər ailəsinin bu durumu dəyişmək həvəsində olmadığını deyib.

«GÜC BALANSI DƏYİŞİB»

Rusiyanın gazeta.ru saytı isə M.Əliyevanın təyinatının Paşayevlər ailəsinin prezidentə çoxdankı təzyiqlərinin nəticəsi olduğunu, hakimiyyətdəki güc balansını dəyişdiyini, «köhnələri» arxa plana atdığını yazır: «İndi ikinci və üçüncü vitse-prezident postlarını kimlərin tutacağına diqqət etmək lazımdır. Məhz bu təyinatlar ölkədəki daxili siyasi bölgünü qiymətləndirməyə yardım edəcək». Bunu Rusiya Elmlər Akademiyası Şərqşünaslıq institutunun elmi işçisi Zurab Kananchev gazeta.ru-ya müsahibəsində deyib. Onun fikrincə, İ.Əliyevin birinci vitse-prezident postuna M.Əliyevadan başqa alternativi olmayıb.

Politoloq Vladimir Hjaralla da Rusiyanın Federal Xəbər Agentliyinə müsahibəsində deyib ki, Azərbaycan hazırda çətin dönəm yaşayır və daim manevr etməlidir: «Buna görə daxildə güclü hakimiyyətə ehtiyac var. İ.Əliyevin birinci vitse-prezident postuna xanımını təyin etməsi onun daxili siyasətdə yalnız ailəsinə etibar etdiyini göstərir».

XS
SM
MD
LG