Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

'Məhsul' stadionunun satılmasına görə Səttar Möhbalıyevin dindirilməsi tələb olunur


Səttar Möhbalıyev
Səttar Möhbalıyev

Yasamal rayonu ərazisində yerləşən, son 20 il ərzində daha çox müxalifətin kütləvi aksiyalar keçirildiyi məkan kimi medianın diqqətində olan "Məhsul" stadionunun adı milyonluq dələduzluqla bağlı cinayət işinin predmetidir. Xeyli vaxtdır ki, stadionun keçmiş direktoru Alik Həsənov bu ittihamla həbsdədir. O, stadionun ərazisini çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan sahibkarlara satmaq adı ilə onları aldatmaqda suçlanır.

Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılan Həsənov Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev ilə birlikdə mühakimə olunur. Əliyev də həbsdədir.

900 min və 360 min manat alındığı iddia olunur

Cinayət işinin materiallarında iddia olunur ki, adları çəkilən təqsirləndirilən şəxslər sahibkarlara stadionun ərazisinin 5 milyon 500 minə satıldığını deyib. Ərazini almaq istəyən sahibkarlardan isə həm beh şəklində, həm də Konfederasiya rəhbərliyinə vermək adı ilə ümumilikdə 900 min manat pul alıblar.

Başqa bir sahibkara isə stadionun 8 milyona təklif olunduğu, sənədləşdirmə işləri üçün ilkin olaraq 360 min manat alındığı bildirilir.

Əliyev və Həsənova Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu işdə beş nəfər zərərçəkmiş kimi tanınıb: Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanov.

"Prokurorluq niyə Səttar Möhbalıyevi kənarda saxlayıb?"

Zərərçəkənlərdən Elçin Rüstəmovun vəkili Aslan İsmayılov məhkəmədə vəsatət qaldırıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev məhkəməyə çağırılıb dindirilsin. Onun sözlərinə görə, təqsirləndirilən Əliyev ifadəsində zərərçəkmiş Elçin Rüstəmovdan aldığı pulu aparıb Konfederasiyanın rəhbəri Möhbalıyevə verdiyini etiraf edib. Lakin prokurorluq istintaq dövründə bu məsələnin üstündən keçib, araşdırma aparmayıb.

"Prokurorluq niyə Səttar Möhbalıyevi kənarda saxlayıb, bir dəfə də çağırıb dindirməyib? Bu işlərin başında dayanan Səttar Möhbalıyevdir. Bu gün yenə kənarda qalsa, artıq bu ölkədə hüququn olduğuna inanmayacağam. Necə olur, 5 faiz alanlar müttəhimlər kürsüsündədir, Səttar Möhbalıyev isə Milli Məclis kürsüsündə?", – vəkil İsmayılov belə deyib.

O, Qarabağ əlili Zaur Həsənovun Səttar Möhbalıyevə görə Azərbaycan Həmkarlar Konfederasiyasının qarşısında intihar etməsini yada salıb. Bu zaman hakimlər baxılan işə aidiyyəti olmadığını vurğulayaraq İsmayılovun çıxışını dayandırıb.

Həsənov 2013-cü il, dekabrın 25-də Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırıb. O, özünə qəsdi 1995-ci ildən bəri paytaxtın Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb.

"Elçin Rüstəmova əmlakı kim verib?"

Təqsirləndirilən şəxslər, onların vəkilləri də deputat Möhbalıyevin çağırılıb dindirilməsində israrlı olub. Onlar bildirib ki, bu işdə onun dindirilməsini zəruri edən yetərincə hallar var.

"Elçin Rüstəmova əmlakı kim verib? Sənəddə Nadir Əliyevin imzası yoxdur. Əmlak Səttar Möhbalıyev tərəfindən verilib. Kimlərsə milyonlar qazanır, amma Nadir Əliyev 80 yaşında həbsdədir", – Əliyevin vəkilinin sözləridir.

Lakin hakim deputatın çağırılıb dindirilməsi haqda vəsatəti təmin etməyib.

Məhkəmə araşdırmaları davam edir.

30 ildir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 2000-ci ildən deputat olan Möhbalıyevin deyilən ittihamlara münasibəti bəlli deyil.

XS
SM
MD
LG