Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:19

'Türkiyədəki zəlzələdən sonra fərdi evlərə tələbat artıb'


Karantin bağ evi kirayəsini kəskin bahalaşdırır
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Karantin bağ evi kirayəsini kəskin bahalaşdırır (Arxiv. 2020)

Azərbaycanda son bir ildə mənzil qiymətlərində 8 faiz artım var. Azərbaycan Mərkəzi Bankının "2022-ci ilin yanvar – dekabr ayları üzrə pul siyasəti icmalı"nda daşınmaz əmlak qiymətləri barədə məlumatlar yer alıb. İcmalda qeyd edilib ki, 2022-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki ilin müvafiq dövrünə nəzərən 8 faiz artıb. Qiymət indeksi ilkin mənzil bazarında 7.2, təkrar mənzil bazarında isə 8 faiz yüksəlib. Amma bu bahalaşma rəsmi inflyasiyadan (14 faiz) geri qalır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib. Bu da 2021-ci ilin göstəricisindən 24.8 faiz çoxdur.

Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 925.4 milyon manat təşkil edib. Bu isə 2021-ci illə müqayisədə 5.8 faiz azdır.

"Həyət evlərinin qiyməti qalxıb"

Bakıda evlərin alqı-satqısı ilə məşğul olan Nizami adlı makler isə AzadlıqRadiosuna bildirib ki, həyət evlərinin qiyməti qalxıb: "Qiymətlər ortalama 10-15 min manat artıb. 43 minlik evlər 55 minə satılır".

Onun sözlərinə görə, Türkiyədəki zəlzələdən sonra fərdi evlərə tələbat artıb: "Qiymətlər, əsasən, tələbat artdığına görə qalxıb".

Yeni tikili binalarda mənzillərin qiymətinə gəlincə, makler qeyd edib ki, ilin əvvəli artım olsa da, hazırda qiymətlər stabildir.

N.İbrahimov
N.İbrahimov

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov isə "Turan"a deyib ki, Türkiyədəki zəlzələ fonunda Azərbaycanda mənzil qiymətlərinin artıb-azalması, hələlik, dəqiq bilinmir: "Çünki ay bitməlidir ki, nəticələri təhlil edək. Amma ümumən bazarda tələb qismən düşüb, aktivliyi azalıb və insanlar gözləmə mövqeyinə çəkiliblər. Yəqin, müəyyən psixoloji baryeri keçənə qədər bu vəziyyət iki-üç ay çəkəcək".

"Bu gün evə real ehtiyac olan gənc ailələrdir"

Ekspert qeyd edib ki, mənzillərin qiymətləri 2021-ci ilin ikinci yarısından sürətlə artmağa başlayıb: "2022-ci ildə bu, davam edib. Bu ilin yanvarında da qiymət artımı müşahidə edilib. 2022-ci ildə ilkin mənzil bazarında 12 faiz civarında qiymət artımı olub, təkrar mənzil bazarında isə artım daha az olub. Bu ilin yanvarında isə təkrar mənzil bazarında artım belə olub – təxminən 5 faiz. İlkin mənzil bazarında isə nisbətən sakitlikdir".

İbrahimovun sözlərinə görə, şəhərin mərkəzində boş torpaq sahəsi yoxdur ki, vətəndaşlar torpaq alıb onun üzərində yaşayış evi tiksin: "Bu gün evə real ehtiyacı olan gənc ailələrdir. Həmin o gənc ailələr iş yerinə yaxın yaşayış yerləri seçirlər. İş yerləri, əsasən, şəhər içi olur. Şəhər içində də həyət evləri həddindən artıq bahadır və fərdi ev tikmək üçün boş sahələr yoxdur. Deməli, vətəndaşlar şəhərdən kənara çıxmalıdır, buna da onlar iş məsələsinə görə meyli deyillər. Ona görə də həyət evlərinə tələbatın artımı yoxdur və güman ki, olmayacaq".

"İnsanların nağd mənzil almağa imkanı yoxdur"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda daşınmaz əmlak bazarındakı qiymətlər rəsmi inflyasiya səviyyəsinə uyğun arta bilməzdi: "İnsanların alıcılıq qabiliyyəti buna yetərli deyil. Ötən ilin birinci yarısında ipoteka kreditlərinin sayı daha artıq olduğundan bazarda aktivlik var idi, amma ilin ikinci yarısında ipoteka kreditlərinin verilməsində müəyyən azalmalar oldu. Bu da onunla əlaqəlidir ki, Mərkəzi Bank ard-arda uçot dərəcəsini artırdıqca ipoteka faiz dərəcələri də artırdı. Nəticədə ipoteka ilə mənzillərin satışının azalmasının şahidi olduq".

N.Cəfərli
N.Cəfərli

Onun sözlərinə görə, bu da bazarda mənzillərin qiymətinə təsir göstərdi: "Çünki insanların böyük əksəriyyətinin nağd pul şəklində mənzil almağa imkanı yoxdur. Məhz ona görə də qiymətlər kəskin artmadı, çünki tələbat azaldı".

N.Cəfərli qeyd edib ki, Türkiyədəki zəlzələdən sonra Azərbaycanda torpaq sahələrinə və həyət evlərinə tələbat müəyyən qədər artıb: "Amma düşünmürəm ki, bu, qalıcı bir tələb olacaq. Bir müddətdən sonra bu, tənzimlənməyə uğrayacaq. Azərbaycanda həyət evlərinin öz problemləri var – torpaq sahələrinin bir çoxunun çıxarışı yoxdur və orada tikilən evlərin qeydiyyatında problem var".

Onun fikrincə, Azərbaycanda mənzil bazarının tənzimlənməsi üçün ipoteka kreditlərinin daha ucuz olmasına ehtiyac var.

Ekspertlər nisbətən bahalaşmanın səbəbləri kimi ötən ilin əvvəlindən tikinti materiallarının qiymətinin artmasını, Rusiya-Ukrayna müharibəsinə görə Azərbaycana axın və 2020-ci ildən bina tikintisi ilə məşğul olanların əlavə dəyər, mənfəət vergisinə cəlb edilməsini göstərirlər.

Fevralın 6-da Türkiyədə 7 baldan güclü iki zəlzələ baş verib. Nəticədə çox sayda binalar dağılıb, 40 mindən çox insanın isə həlak olduğu bildirilir.

XS
SM
MD
LG