Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:40

Bir mənzili bir neçə nəfərə satmaq çətinləşəcək


►Daşınmaz əmlak sertifikatları gəlir

Bir mənzilin bir neçə şəxsə satılması kimi acı təcrübədən Azərbaycanda çoxlarının başı ağrıyıb. Mənzil hazır olur, amma qəfildən üzə çıxır ki, bir nəfərə deyil, bi neçə adama satılıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qəbul etdiyi sənəd daşınmaz əmlak bazarına nizam gətirə, təkcə qonum-qonşudan, dost-tanışdan deyil, hətta ciddi mediadan eşidib-oxuduğumuz belə olaylara son verilə bilər.

Sanki bu təcrübə unuduldu

Əslində, mənzil tikintisi məqsədi ilə qiymətli kağız kimi sertifikat buraxılması Azərbaycanda yeni hadisə deyil. Ölkədə sonuncu dəfə 2012-ci ildə mənzil sertifikatı buraxlılıb. O zaman 9 min 826 kvadratmetrlik mənzil tikintisi üçün 96 sertifikat buraxılmış və bu sertifikatlar vasitəsi ilə tikinti işlərinə 61 milyon manatdan çox vəsait cəlb olunmuşdu. Di gəl, daha sonra sanki bu təcrübə unuduldu və QKDK da bu alətin tikinti şirkətləri arasında tanınmasından ötrü heç nə etmədi.

AzadlıqRadiosu bir çox tikinti şirkətindən daşınmaz əmlak sertifikatlarını buraxmaq istəyinin olub-olmamasını soruşub. Ekpress sorğunun nəticələri göstərib ki, rəyi soruşulanların əksəriyyətinin həmin vasitə haqqında bilgisi yoxdur.

Şirkətlər mənzil tikintisinə ənənəvi yollarla, yəni bank krediti və ya müştərilərdən avans almaqla vəsait cəlbinə üstünlük verirlər. (Ardı aşağıda)

İkiyə bölünmüş "Sovetski" (FOTOLAR)

Tikinti şirkəti pulun cəmi 30 faizini özü ödəyir

Mütəxəssislər deyirlər ki, yeni qaydalar tikinti şirkətlərinə daha geniş imkanlar açır, qiymətli kağız buraxmaqla təkcə mənzillərin deyil, digər daşınmaz əmlakların da maliyyələşməsinə şərait yaradır.

Necə? Tikinti şirkəti tələb olunan vəsaitin 70 faizinədək hissəsini maliyyələşdirmək daşınmaz əmlak sertifikatları buraxır və pulun cəmi 30 faizini özü ödəyir.

Sertifikat buraxmaq qərarına gələn şirkət onu əvvəlcə QKDK-da qeydə aldırmalıdır. Amma daha öncə həmin şirkətin maliyyə hesabatı müstəqil audit

yoxlamasından keçməlidir. Qeydiyyat üçün əsas tələblərdən biri - tikintiyə icazə barədə qərardır.

Bircə nüsxə sertifikat saxtalaşdırıla bilməz

Qiymətli kağız olan sertifikatlar lisenziyalı mətbəədə çap edilir. Uçot Milli Depozit Mərkəzində aparılır. Başqa sözlə, hər sertifikatdan yalnız bir nüsxə olur və saxtalaşdırıla bilməz.

Sertifikatların satışına investisiya şirkəti vasitəçilik edəcək.

Daşınmaz əmlak sertifikatını alan şəxs onu buraxan şirkəti tam nəzarətdə saxlaya biləcək. Sertifikat satışından əvvəl şirkətin özü və təsisçiləri haqda dolğun bilgilər, tikintinin smeta dəyəri və ona çəkilən xərclər açıqlanmalıdır.

Şirkət ya tələb olunan pulun 30 faizini bankda açılmış xüsusi yığım hesabında yerləşdirməli, ya da tikintiyə başlayıbsa, həmin məbləği xərclədiyini təsdiqləyən sənəd ortaya qoymalıdır. Müstəqil qiymətləndirici inşaat xərclərini təsdiqləməsə, o sənəd keçərli sayılmayacaq.

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Alıcılar hər məlumatdan xəbərdar olacaqlar

Potensial alıcılar tikinti işlərinin mərhələləri, hər mərhələnin smeta dəyəri, tikintinin başaçatma müddəti və buraxılan sertifikatların sayı barədə məlumatlı olmalıdırlar. Bunlar da tikinti şirkəti qarşısında qoyulan şərtlərdəndir.

Sertifikatlar satılıb qurtarandan sonra tikinti şirkəti hər rübün tamamında tikintinin vəziyyəti və xərclənən vəsait haqqında mülkiyyətçiləri məlumatlandırır.

Sertifikatları satın alanlar ödədikləri vəsaitin başqa məqsədlərə istifadə edilməyəcəyindən də əmin ola bilərlər. Qaydalara görə, sertifikat satışından əldə olunan pul yalnız onların yerləşdirilməsi başa çatandan sonra istifadə oluna bilər.

Sertifikatı ucuz alıb baha satmaq olar

Sertifikatın nominal qiyməti var. Tikintinin bazar qiyməti artdıqca, sertifikatı alan şəxs ondan qazanc da götürə, aşağı qiymətə aldığı kağızı daha baha sata bilər.

Sertifitatın daha bir özəlliyi sahibinin istədiyi vaxt onu sata bilməsidir. Alqı-satqı sertifikatla deyil, müqavilə ilə aparılarkən, daha çox vaxt aparır.

Mənzil sahibinə mülk sənədini tikinti şirkəti verir

Tikili mülkiyyətçiyə təslim edilən andan sertifikat ödənilmiş sayılır. Qaydalara görə, tikinti şirkəti daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata aldırmalı və ən geci, 2 aya mülkiyyət sənədini sahibinə verməlidir.

Göründüyü kimi, sertifikat onu almaqda maraqlı olan sərmayəçilərə çox cəlbedici görünür və təminatlar indiki satış qaydalarından daha etibarlıdır. Tikinti şirkətləri üçünsə prosedur və hesabatlılığın üzücü görünməsi mümkündür.

Mütəxəssislərin fikrincə, şirkətlər maraq göstərdiyi halda da, tikinti bazarının indiki durğunluğu şəraitində daşınmaz əmlak sertifikatlarının bazarı kasad ola bilər.

Buna da bax...

Kəmaləddin Heydərov: "Tikinti şirkətlərinə heç bir maneə olmayacaq"
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

XS
SM
MD
LG