Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:41

"Gündə 100 dəfə ölürük”


Miqrantlar
Miqrantlar

►“Ya dənizdə boğulacağıq, ya da bu yoldan keçəcəyik. Bu yolları açın. Deyirsiniz “uşaqlar dənizdə boğulmasın”. Onda açın bu yolları”.

Bunu suriyalı Visam deyir. Həyat yoldaşını Suriyadakı müharibədə itirmiş 3 uşaqlı Visam başqa qaçqınlar kimi Türkiyənin Ədirnə şəhərinin girişində dayandırılıb.

Onlar əvvəlcə Ədirnəyə, ordan da Yunanıstana keçmək istəyirlər. Daha sonra isə Avropanın lap içərilərinə getmək arzusundadırlar.

Suriyadan gələnlər və İstanbulda yaşayanlar

Hava qaranlıqdır. Artıq isti yay günləri də arxada qalıb. Hansısa qeyri-hökumət təşkilatı qaçqınlara şorba paylayır. Adyal, uşaq yeməkləri də çatdıracaqlarını deyirlər.

Minə yaxın suriyalının toplaşdığı ərazini jandarma əhatəyə alıb.

Qaçqınlar arasında kiçik təpəliklərdə bir neçə çadır quranlar da var.

Qaçqınların çoxu uşaqlı ailələr və gənclərdir.

İstanbuldan səhər tezdən yola çıxan qaçqınlar Ədirnəyə daxil olmağa icazə verilmədiyi üçün şəhərin kənarında saxlanılıblar. Quru yolla Yunanıstana keçmələrinin qarşısı burda alınıb.

Bəziləri bu uzun yola Suriya-Türkiyə sərhədindən təzəliklə keçib gəlib. Bəziləri isə neçə vaxtdır İstanbulda yaşayanlardır.

“İnsan bir dəfə ölür, biz gündə 100 dəfə ölürük”

Visam da üç uşağı ilə birlikdə bir ildən çoxdur İstanbulda yaşayırmış. Tekstil sexlərinin birində işləyirmiş. Hər ay 700 lirə maaş alırmış. Onun da 500 lirəsini kirayə üçün ödəyirmiş:

“Bunun bir də kommunal, yemək xərcləri də var”.

Kirayə qaldığı zirzəmi tipli ev haqqında deyir ki, həmişə rütubət olurmuş. Nə üçün Türkiyədən getmək istədiyini soruşanda deyir ki, uşaqları üçün burda məktəb yoxdur:

“Məktəb yoxdur. Bir ara xəstəxanalarda bizə yaxşı baxırdılar. Ancaq daha baxmırlar. İnsan bir dəfə ölür, biz gündə yüz dəfə ölürük. Bezmişik”.

Visam ən çox da uşaqlarının təhsil almamasından narahatdır:

“Uşaqlarım məktəbə gedən türk uşaqlarını görəndə deyrilər ki, “ana, bax, onlar məktəbə gedirlər, ana, bax velosipedə minirlər”. Həm də türklərin bəzilərinin bizdən xoşu gəlmir. Deyirlər ki, “başımıza bəla gəlmisiniz””.

Burda bir yerə yığışmış qaçqınlar bir-birlərinə kömək edir. Visam deyir ki, “bu adamların bircə istəyi var- Avropaya keçmək. Həmrəyliyin də səbəbi budur”.

Yay ərzində 2500 qaçqın dənizdə boğulub

Suriyalılar Türkiyədən başqa ölkələrə keçmək üçün ilk dəfə bu qədər böyük qruplar şəklində quru yoldan istifadə edir. Yayda Egey dənizi sahili Avropaya keçmək istəyən qaçqınların batan qayıqları və 3 yaşındakı kobanili Aylanın şəkilləri ilə yaddaşlarda qaldı.

"İslam dövləti" terror qrupu Aylanın fotosundan təbliğat üçün istifadə edir.
"İslam dövləti" terror qrupu Aylanın fotosundan təbliğat üçün istifadə edir.

Suriyalılar bunu tez-tez xatırlayır. Deyirlər ki, dəniz yolu onlar üçün boğulmağa bərabərdir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının keçən aykı hesabatına görə, 200 min suriyalı qaçqın Yunanıstana çata bilib. 2 min 500 nəfərsə dənizdə boğulub ölüb.

“Getməsələr, zorla göndərəcəyik”

Ədirnə valisi Dursun Ali Şahin deyir ki, bu günə qədər şəhərə gəlmək istəyən 4 min nəfəri geri düşərgələrə göndəriblər:

“Əgər qaçqınlar geri qayıtmasalar, onları zorla maşınlara doldurub göndərəcəyik”.

Avropada isə qaçqınların sərhədləri keçə bilməməsi üçün tədbirlər gündən-günə gücləndirilir. Macarıstan-Serbiya sərhədinin bağlanmasından sonra Rumıniya da sərhədinə tikanlı məftillər çəkəcəyini bildirib.

XS
SM
MD
LG