Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:09

Mingəçevirdə prezidentə yeni iqamətgah tikilir? (Video)


Mingəçevirdə qaçqınlar naməlum tikintidən dad edirlər
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Mingəçevirdə qarajda məskunlaşan qaçqınlardan Seyfəli Əliyev kimsənin onların dərdi ilə maraqlanmadığını deyir.

Nəhəng tikintinin yaxınlığında məskunlaşan məcburi köçkünlər yollarının bağlandığını, hündür onların evlərinə gələn yola postlar qoyulduğunu deyirlər.


“Ətrafı tikə-tikə gedirlər… Ay başına dönüm, burdan hasarlayırlar, ordan tikirlər… Elə ki, səsimizi çıxarırıq, gözlərini bərəldirlər ki, “susun, prezidentə iqamətgah tikirik. Buna qarşı çıxası deyilsiz ki…” İndi başa düşmüşük ki, prezidentin adından istifadə edirlər. Yenə hektarlarla yeri zəbt edib hasara alıblar. Nə tikdikləri bəlli deyil. Söz buraxıb ordan-burdan qulağımıza çatdırırlar ki, guya prezident üçün tikirlər. A balam, prezident üçün tikirsizsə, aşkar yazın üstünə vurun ki, “burada prezident üçün iqamətgah tikilir”. Bizi də köçürün”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Mingəçevir şəhər, Kamran Hüseynov küçəsindəki Əhaliyə Xidmət qarajında məskunlaşmış Kəlbəcər köçkünləri deyir.

“OLİMPİYA OYUNLARI BİTDİ, BUNLARIN OYUNLARI BİTMƏDİ”

22 ildir ki, ailəsi ilə burada yaşayan Seyfəli Əliyevin sözlərinə görə, qarajda onlardan başqa, daha 5 ailə məskunlaşıb:

“Bu ilin yanvar ayından bir məmurun çox yaxın qohumu olduğu deyilən Hikmət adlı şəxs ərazini hasara aldıranda etiraz etdik. Dedik, əvvəl bizi buradan köçürsünlər, sonrasını özləri bilər. Aldatdılar ki, Avropa oyunları bitəndən sonra sizi təzə inşa olunmuş köçkün şəhərciyinə köçürəcəklər. Avropa oyunları bitdi, bunların oyunları bitmədi.

Dedilər, “hara istəyirsiz şikayət edin, prezidentə iqamətgah tikirik”. Qarajla hasarın arasında heç 1 metr məsafə qalmayıb. Evlərimizdə havasızlıq yaranıb, sağlamlığımız pozulub. Təcili yardıma zəng edirik, gəlmirlər. Deyirlər, “hasarları necə aşaq gələk?..”

Buna da bax: Yeni İpoteka Fondu: köhnə niyə işə yaramadı?

Mingəçevirdə naməlum tikintinin hündür hasarı
Mingəçevirdə naməlum tikintinin hündür hasarı

“CƏNAB PREZİDENT, BİZƏ VERTOLYOT GÖNDƏRİN”
Köçkünün sözlərinə görə, ekskavatorlar hasar üçün yer qazanda silkələnmədən yaşadıqları otağın dam örtüyünün beton panelləri dağılıb, şiferlər qırılıb. İndi yağış evin içərisinə yağır:

“Özümüz də, əşyalarımız da su içindədir. İndi də yağış yağır, hər yerə vedrə düzmüşük. Biz bilmirik başımıza bu oyunu açan kimlərdir. Hasarın üstündə əl boyda elan da yazmayıblar. Nə ünvanları bəlli, nə özləri, nə də gördükləri iş… Ərazidə işləyən fəhlələrə, icra hakimiyyətinin başçısına həm şifahi, həm yazılı müraciət etmişik. Heç bir cavab vermirlər. Qanunları ayaq altına atıb şəxsi mənafeləri üçün çalışırlar”.

Qarajda yaşayan digər köçkün ailələrinin başçıları Şəmsiyyə Nərimanova, Əntiqə Əliyeva, Məxmər Nərimanova, Tofiq Pirəliyev, İlyas Muradov da prezidentə məktub yazıblar. Yaşadıqları yerin 1 metrliyində başlanan tikinti işlərinin dayandırılmasını xahiş ediblər.

“Hasarlanma işləri başlananda qapılarımızı qırdılar, gediş-gəliş yollarımızı bağladılar… Qaraja gələn yola postlar qoydular. İndi bir qohum, qardaş bizi ziyarətə gələ bilmir. Postdan geri qaytarırlar ki, “kənar şəxslərə giriş yoxdur”. Yaşadığımız yerə təcili yardım da gəlmir. Səbəb yolların bağlanmasıdır. Xahiş edirik, bir vertolyot göndərin, gəlib bizi bu mühasirədən çıxarsın”, - yazıb köçkünlər.

Buna da bax: Kim kimi harda necə öpdü?

HASARLAR O QƏDƏR HÜNDÜRDÜR Kİ…
Köçkünlər bildirirlər ki, hasarlanma işləri Kür çayının sahili boyunca aparılır. Deyirlər, hasarlar o qədər hündürdür ki, içəridə hansı işlərin aparıldığını görə bilmirlər.

Mingəçevir şəhər icra hakimiyyətinin saytında göstərilən telefon nömrələri ilə bir neçə gün əlaqə saxladıq. Hər dəfə dəstəyi qaldıran şəxsə qeyd olunan ərazidəki tikinti ilə bağlı suallarımızı cavablandıracaq biriylə danışmaq istədiyimizi bildirdikdə dəstəyi yerinə asdı.

Hüquqşünas Fuad Hüseynov deyir, istənilən şirkət tikinti apardığı ərazidə lövhələr asmalıdır. Həmin lövhədə şirkətin adı, gördüyü işlər barədə qısa bilgi, ofisin ünvanı, əlaqə nömrələri, hətta aparılan işlərdən narazı qala biləcək vətəndaş üçün bir “qaynar xətt” nömrəsi də qeyd olunmalıdır:

“Qanun tələb edir ki, tikinti aparan şirkət görəcəyi işlərlə bağlı vətəndaşı əvvəlcədən məlumatlandırsın. Bu məsələdə həmin ünvanda hazırda köçkün ailələrinin yaşamaq hüquqları əllərindən alınıb. Gediş-gəliş məhdudlaşıbsa, ailələr ətrafdan təcrid şəraitində yaşayırlarsa, bu, onların yaşamaq hüquqlarının məhdudlaşdırılması deməkdir.

Əgər görülən iş həmin ərazidə yaşayan vətəndaşların rahatlığını pozursa, həyat şəraitinə mənfi təsirini göstərirsə, qanunla həmin sakinlərə ya kompensasiya ödənilməli, ya da başqa ərazidə yaşayış yeri ilə təmin olunmalıdır.

Söhbət köçkün ailələrdən gedirsə, tikintini aparan şirkət Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etməlidir. Əgər Komitənin sifariş etdiyi yaşayış binalarında boş mənzil yoxdursa, o zaman Komitə şirkətin üzərinə həmin köçkün ailələrinin mənzillə təmin olunması öhdəliyi qoymalıdır. Yəni, əgər bu yer sənə təcili lazımdırsa, zəhmət çək, əvvəlcə köçkünləri başqa yaşayış yeri ilə təmin et”.

Hüquqşünas məsələdə məhkəmə perspektivi də görür. Bu məhkəmə iddiasını adı hələ də bəlli olmayan şirkətə qarşı həm köçkünlər özləri, həm də Komitə qaldıra bilər.

XS
SM
MD
LG