Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:45

Ekspert: "Eyforiyaya uymaq lazım deyil"


Rauf Mirqədirov
Rauf Mirqədirov

►Rauf Mirqədirov: “Rusiya dərhal reaksiya verdi”

“Cəbhədə atəşkəs rejiminin pozulması qaçılmazdır”

Bunu siyasi şərhçi Rauf Mirqədirov AzadlıqRadiosuna müsahibəsində deyir. Aprelin 1-dən 5-nə qədər Azərbaycan-Ermənistan təmas xəttində yaşanan atəşkəs pozuntusundan sonra artıq atəşkəs razılaşması əldə olunub. Rusiyanın xarici işlər naziri Bakıdadır, aprelin 8-də Baş nazir Dmitry Medvedev-in səfəri gözlənir.

Rauf Mirqədirov cəbhə bölgəsində baş verənləri, Rusiya rəsmilərinin Qarabağ münaqişəsinin həllində aktivliyini şərh edir:

– Oxşar münaqişələri yaşayan ölkələrdə də vaxtaşırı atəşkəs pozulur, hətta terror hadisələri baş verir, hətta bəzən terrora qarşı genişmiqyaslı əməliyyatlar keçirilir. Belə dondurulmuş münaqişələrin qaynar münaqişəyə keçməsi çox təbiidir. Xüsusən də, danışıqlarda heç bir irəliləyiş baş vermirsə. Azərbaycan-Ermənistan münaqişəsində biz dondurulmuş danışıqların şahidiyik. Bütün danışıqlar mövcud status-kvonun saxlanmasına yönəlib. Minsk qrupu həmsədrlərin bəyanatlarında belə konsensus yoxdur. Əgər amerikalı həmsədr torpaqların dərhal azad olunmasından, Dağlıq Qarabağın statusundan danışırsa, rusiyalı həmsədr atəşkəsin bərpasını sülhün bərpası kimi təqdim edir. Bu isə münaqişənin sülh yolu ilə həllini arxa plana atır. Çünki atəşkəsin bərpası sülhün bərpası demək deyil. Atəşkəs sülhə imkan yaradır. Müşahidə edirik ki, Qərb, ABŞ atəşkəs rejimindən sonra sülhün bərpası üçün addımlar atılmasımı tələb edirlər. Bu, düzgün addımdır, ancaq Qərbin hərbi kontekstdə regionda prosesə təsir göstərmək imkanı yoxdur. Yəni, istək var, təsir imkanı yoxdur.

– Aprelin 1-dən 5-nə kimi davam edən döyüşlər Qarabağ münaqişəsində status-kvonu dəyişdimi?

– Status-kvonun dəyişməsi üçün daha genişmiqyaslı əməliyyatlar, daha çox risk tələb edən hücumlar edilməli, daha çox qurbanlar verilməsi lazım idi. Düşünürəm ki, Azərbaycanın hədəfi bu deyildi. Sadəcə, situasiyadan istifadə edib müəyyən addımlar atıldı və bu da cəmiyyətdə böyük əhval-ruhiyyə yaratdı. Son hadisələr göstərdi ki, regionda böyük bir müharibə təhlükəsi var. Artıq bunu önləmək diplomatiyanın üzərinə düşür. Azərbaycan diplomatları gərək yaranmış imkandan istifadə edərək, münaqişənin siyasi yolla həllinə çalışsınlar. Fikrimcə, Rusiya-Ermənistan tandemi danışıqları daha çox atəşkəsin möhkəmlənməsi istiqamətinə yönəldəcək. Bu diplomatik oyunda kimin qalib gələcəyini yaxın vaxtlarda görəcəyik.

___________________________________________________________

Bunlara da bax:
Bakının mərkəzində son aylar bağlanan dükanlar- [Fotolar]
Ağdamda dağıntılar- [Fotolar]

___________________________________________________________

“Azərbaycanın əvvəldən belə bir niyyəti olmayıb”

– Rauf bəy, Azərbaycan hərbi əməliyyatlarına niyə davam etmədi, daha artıq qan tökülməsini istəmədi, ya hesab etdi ki, bu qədəri Ermənistanı Azərbaycanın şərtləri altında danışıqlar masasına oturtmağa kifayət edəcək?

– Azərbaycan əvvəldən genişmiqyaslı əməliyyatları qarşısına məqsəd qoymamışdı. Çünki indiki şəraitdə genişmiqyaslı əməliyyatlar regiona xarici qüvvələrin, ilk növbədə, Rusiyanın müdaxilə və təsiretmə imkanlarını genişləndirəcəkdi. Uzağa getmək lazım deyil, ortada Gürcüstan və Ukrayna nümunəsi var. Əlimizdə Rusiyanın müdaxiləsini zərərsizləşdirəcək güc olmadığından bu məsələdə kifayət qədər ehtiyatlı olmaq, eyforiyaya uymamaq lazımdır. Ancaq, sözsüz ki, yaranmış hərbi əməliyyatların təhlükəsi görüntüsü siyasi danışıqlara müəyyən imkanlar yaradır. Azərbaycan bundan istifadə etmək istəyir. Ən azı, gördük ki, tərəflər regionda geniş hərbi əməliyyatların tərəfdarı deyillər. Azərbaycan da bunu şərt kimi qoymalıdır ki, “əgər bölgədə təhlükə istəmirsinizsə, müharibə istəmirsinizsə, onda münaqişənin dondurulması yox, həlli istiqamətində addımlar atılmalıdır”. Eyforiyanı çox gözəl anlayıram, hərbi əməliyyatların dayandırılmasından mən də bir vətənpərvər kimi narazıyam. Bəziləri düşünürlər ki, daha çox şeyə nail olmaq lazımdır. Amma daha çoxuna nail olmaq üçün nələri itirə bilərik, bunu da düşünmək gərəkdir. Söhbət indiki şəraitdən gedir. Yalnız hərbi imkanlardan istifadə etmək regionda böyük müharibə demək olacaqdı. Böyük müharibə isə böyük itkilərə gətirəcəkdir. Söhbət təkcə insan itkisindən getmir, həm də dövlət müstəqilliyindən gedir. Bunu anlamaq lazımdır və bəzən mümkün olandan daha artığını istəmək də düzgün deyil.

"Cəbhədəki əsgərlərə dəstək" aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

– Bu proseslər Rusiyanı bölgədə fəallaşdıracaqmı?

– Sözsüz ki, fəallaşdıracaq. Rusiyanın post-sovet məkanında fəallaşmasının bir sadə səbəbi var. Rusiya sosial-iqtisadi problemlərini həll edə bilmir. Xüsusilə, Ukrayna hadisələrindən sonra üzləşdiyi sanksiyalar, neftin qiymətinin düşməsi vəziyyəti ağırlaşdırıb. Buna görə də Rusiya ölkədə süni birlik yaratmağa çalışır, rus şovinizmini gücləndirir, nümayiş etdirmək istəyir ki, Rusiya ən azı post-sovet məkanında əvvəlki nüfuzunu bərpa edir və bununla sosial-iqtisadi problemlərini arxa plana atmağa çalışır.

Rusiya bu beş günlük müharibədə özünü dərhal göstərdi. Adətən, münaqişələrdə atəşkəs pozulanda böyük dövlətlər bunun kiçik həmlələr, yoxsa, ciddi münaqişənin başlanğıçı üçün siqnal olduğunu gözləyir. Əgər diqqət yetirdinizsə, Rusiya dərhal reaksiya verdi. Üstəlik, atəşkəsin pozulma miqyasından asılı olaraq, buna münasibət bildirən xarici ölkə rəsmiləri də rütbəcə fərqlənir. Yəni kiçik miqyasdadırsa, xarici ölkənin xarici işlər nazirliyinin sözçüsü, bir az miqyası artırsa, xarici işlər naziri səviyyəsində münasibət bildirilir. Bu dəfə isə hadisələrin hansı səviyyədə inkişaf edəcəyini gözləmədən yüksək rütbəli məmurlardan bəyanatlar gəldi. Bu da, istər-istəməz, adamda o fikri formalaşdırır ki, Rusiya əvvəlcədən atəşkəsin pözulmasının hərbi əməliyyatlar müstəvisinə keçəcəyini bilir və bəyanatları da əvvəlcədən hazırlayıb.

Azərbaycanın olduğu deyilən kamikadze dron
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

XS
SM
MD
LG