Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:30

Miyatoviç Bəxtiyar Hacıyevin dərhal azad edilməsinə çağırıb


Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç fevralın 3-də hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Haciyevlə bagli bəyanat verib:

"Azərbaycanda tanınmış vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbsi və davam edən saxlanması hökumətin ölkədə müstəqil vətəndaş fəallığına dözümsüzlüynün daha bir göstəricisidir”.

Miyatoviçin bəyanatında deyilir ki, Azərbaycanda bir sıra başqa fəallar, insan haqları müdafiəçiləri və jurnalistlər kimi Hacıyev də illərlə təqib olunub və cinayət təqibi də daxil hədələr və zorakılıqlarla üzləşib.

Bəyanatda xatırladılır ki, Hacıyev ötən il oğurlanaraq zorakılığa məruz qalsa da hakimiyyət bu insidentlə bağlı yetərli təhqiqat aparmayıb və cavabdehlər məsuliyyətə cəlb olunmayıb:

“Mən xüsusilə də onun həbsdə saxlandığı müddətdə səhhətinin sürətlə pisləşdiyinə və ona adekvat tibbi yardım göstərilməməsinə dair xəbərlərdən nigaranam. Mən Azərbaycan hakimiyyətini cənab Hacıyevin dərhal azad edilməsinə və ona təcili qaydada tibbi müalicə üçün tam imkan yaradılmasına çağırıram”.

Miyatoviçin bəyanatında deyilir ki, o ötən sentyabrda insan haqları müdafiəçisi Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının işi ilə bağlı narahatlığını ifadə edib.

Bəyanatda Azərbaycandakı vətəndaş cəmiyyəti fəallarının təqibinə dərhal son qoyulmasına çağırış edilir.

İttihamlar

Bəxtiyar Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev ötən il dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Yanvarın 13-də isə Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Əvvəlki ittihamla ona 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün həbs edib.Sonra həbs müddəti artırılıb. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi.Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG