Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:09

Modellə qalmaqala görə həbs edilən işadamı bankın milyonlarını ələ keçirməkdə də ittiham olunur


Bir müddət öncə model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunaraq həbs edilən işadamı - “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” şirkətlərinin rəhbəri Ziya Hüseynzadə indi də külli miqdarda dələduzluqda ittiham olunur. O, Avropa Yenidənqurma və İnkişaf Bankından kredit kimi götürülən milyonlarla vəsaiti ələ keçirməkdə təqsirləndirilir.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Hüseynzadə ilə bağlı iki ayrı məhkəmə işi gedir. Bunlardan biri modelin döyülməsi, ikincisi isə dələduzluq, qanunsuz kredit götürmə, saxta sənədlərdən istifadə ittihamlarıyla bağlıdır.

Maliyyə məsələsilə bağlı məhkəmə araşdırmaları martın 6-da başlanıb. Z.Hüseynzadə haqqında ittiham aktını prokuror elan edib.

İddia edilir ki, Z.Hüseynzadə Kənan Rəsulovla birgə Salyanın iki kəndində - Yenikənd və Pambıqkənddə toplam 9.6 hektar ərazidə istixanalarda tərəvəz yetişdirməkdən ötrü Avropa Yenidənqurma və İnkişaf Bankından 2 milyon dollar kredit götürüb.

Hüseynzadənin başqa bir tanışı

Z.Hüseynzadənin başqa bir tanışı Zaur Əliyevlə də birgə Avropa Yenidənqurma və İnkişaf Bankından 5,6 milyon avro kredit götürdüyü iddia olunur.

İttihama görə, bankdan götürülən kreditlər təyinatı üzrə xərclənməyib.

35 yaşlı Z.Hüseynzadənin məhkəməsində həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də tanışı Kənan Rəsulov zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında iddia edilir ki, K.Rəsulovun adına iqlimlə bağlı layihə üçün 260 min avro qrant ayrılıb. Bunun 133 min avrosunu Z.Hüseynzadə özünə götürüb. Bu üzdən o, həm də K.Rəsulova 133 min avro ziyan vurmaqda suçlanır.

Z.Hüseynzadəyə qarşı daha bir ittiham isə mərhum Aydın Rzayevin başqa bir işə görə verdiyi etibarnamədən yararlanıb, “Muğanbank”dan 30 min manat çıxarılmasıyla bağlıdır.

Toplum TV-nin ofisində axtarış
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00

“Özümü zərrə qədər təqsirli bilmirəm...”

Z.Hüseynzadə bu ittihamlara münasibət bildirərkən deyib ki, yazılanlarla qətiyyən razılaşmır: “Özümü zərrə qədər təqsirli bilmirəm...”.

O, martın 13-də keçiriləcək növbəti məhkəmə iclasında geniş ifadə verəcək.

Təqsirləndirilən işadamı məhkəməsinin qapalı keçirilməsini istəyir. Onun özü də, vəkili də martın 6-da məhkəmədə bu tələbi səsləndiriblər, jurnalistlərin iştirakına etiraz ediblər.

“Bu işdə dövlət sənədlərilə bağlı məsələlər açıqlana bilər. Bunun yayılmasını məqsədəuyğun deyil”, - medianın məhkəmə prosesini izləməsinə etirazlarını belə əsaslandırıblar.

Hakim jurnalistlərin çəkiliş aparmasına icazə verməsə də, açıq məhkəmə prosesində hər kəs kimi, media təmsilçilərinin də iştirak etmək hüququ olduğunu bildirib. Məhkəmənin qapalı keçirilməsi barədə vəsatət təmin olunmayıb.

Zərərçəkmiş qismində tanınan K.Rəsulov təqsirləndirilən Z.Hüseynzadədən ona dəymiş ziyanı – 133 min avronu ödəməsini tələb edir. Onun vəkili məhkəmədə bununla bağlı mülki iddia qaldırıb.

Z.Hüseynzadə modelə qarşı zorakılıqda suçlandığı digər məhkəmə işində də özünü təqsirli bilmir: “Mənə ittiham verilmiş hər bir maddə üzrə təqsirsiz olduğumu təsdiqləyən kifayət qədər sübutlarım var...”

XS
SM
MD
LG