Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:25

Azərbaycanda ssenaristlərin "boynunu vuran" kimdi?


İllüstrasiya
İllüstrasiya

►Azərbaycan filmlərinin çoxunun ssenarisi niyə bərbaddır?

Belə filmlərdən biri haqda elə bu günlərdə Oxu zalı"nda sizlərə danışmışdıq..

Bu çətin sualın cavabını... tanınmış rus ssenaristi Aleksandr Molçanovun yazısında tapmaq olar:

"Prodüser yaxşı yox, “keçə bilən” ssenari axtarır. Yəni elə bir ssenari ki, dövlət, Qərb fondları, banklar, sponsorlar ona maliyyə ayıracaq."

Aleksandr Molçanov
Aleksandr Molçanov

Aleksandr Molçanov “Sümüklər”, “Qaçış”, “Moskva, Mərkəzi dairə” seriallarının, “Şəhidin gündəliyi”, “Qatil” pyeslərinin müəllifidir.

Ssenari sənəti ilə bağlı bir neçə kitab yazıb. O cümlədən "Ssenaristin əlifbası” adlı məşhur dərsliyin müəllifidir. Müəllim və məsləhətçidir, özəl ssenari emalatxanasının sahibidir.

O bu məqaləsi ilə rusiyalı rejissor və prodüserlərin “ölkədə ssenarist yoxdu” iddiasına cavab verir.

Məqalə, müasir Rusiya kinematoqrafiyasının problemlərindən bəhs eləsə də, mövzu Azərbaycan üçün son dərəcə aktualdı. Təbii ki, yerli kinematoqrafiya ilə Rusiyadakı nəhəng kinoindustriyanı müqayisə eləmək çətindi.

Lakin son illərdə Azərbaycanda çəkilmiş filmlərə tutulan ən ciddi iradlardan biri də ssenarilərin, yumşaq desək, zəif olmasıdı. Bu baxımdan, Aleksandr Molçanovun ssenaristlərin “yoxluğu”nun səbəbləri, bu sənətin inkişafı ilə bağlı söylədikləri bizim üçün də keçərlidir.

Aygün Aslanlı

Aleksandr Molçanov

"ƏSL SSENARİST SOYQIRIMI"

Yəqin, hərdən özünüzə sual verirsiniz ki, rus kinosu niyə belə bərbad gündədi və bunun günahı kimdədi?

Və yəqin ki, dəfələrlə kino xadimlərinin (prodüser və rejissorların) müsahibələrində bu cavabla rastlaşmısınız: “bütün təqsir ssenaristlərdədi”.

Əla! Günahkar tapıldı.

Qarşı tərəfi dinləmək lazımdırmı? Yox, çünki Rusiyada ssenarist yoxdu. Deməli, rus kinosunun pis vəziyyətə düşməyinin səbəbi mövcud olmayan ssenarstlərdi? Nəsə düz gəlmir, axı.

“Ssenarist yoxdu”

Gəlin, sayaq. Təxmini hesablamalara görə, hazırda 10-15 minə yaxın insan ssenari sənəti ilə maraqlanır və ssenari yazmağa çalışır, ya da çalışıb. Hər il kino məktəblərindən, ssenari kurslarını, təqribən, 200-300 nəfər bitirir. Onların 5-10%-i industriyada qalır.

Təxminən, 700-1000 nəfər peşəkar ssenarist kimi işləyir (başqa yerdən qazancları yoxdu). Hər birinin məşğulluq səviyyəsi fərqlidir. Kimisi ildə üç-beş layihə yazır, kimisi hərdənbir, böyük fasilələrlə çalışır.

50-70 nəfər də dünya səviyyəli ssenarist var ki, ortaya stabil şəkildə mükəmməl material qoyurlar və bir qayda olaraq, həmişə işləri var. Adlarını sadalayıb sizi bezdirməyəcəm. Ssenaristlər – təvazökar insanlardı. Lakin kinoindustriyanı rəqabətə davamlı materialla təmin eləmək üçün kifayət qədər müəllif var. Neorealizm dövründə italyanların, “yeni dalğa” dövründə isə fransızların ssenaristləri daha az idi.

Bundan əlavə başqa adamlar tərəfindən yazılmış, ən azı, 150-200 ssenari var ki, dərhal çəkmək lazımdı və vacibdi. Ancaq onlardan bəziləri uzun illər - öz prodüserlərini tapana qədər bazarları gəzirlər. Çoxları isə o prodüseri heç vaxt tapmır.

SSENARİ NECƏ YARANIR

Məsələn, ssenarist masanın arxasında oturdu və mətnin ilk variantını yazdı. Bu ssenaridimi? Yox. O, ssenarini redaktora verir, düzəlişləri alır, təzədən yazır. Prodüserə verir, düzəlişləri alır, təzədən yazır. Rejissora verir, düzəlişləri alır, təzədən yazır və sair və ilaxır.

Amerikada əgər sən “Soprano klanı”nı yazmısansa, artıq həyatını təmin eləmisən – populyar serialın təkrar nümayişlərindən, DVD və internet satışlardan pay alacaqsan. Bizdə isə belə hallarda gəlir prodüserə çatır, ssenarist isə qarnını doyuzdurmaq üçün ölənə qədər işləməyə məcburdu.

Ssenari – mətn deyil, mətn üzərində iş prosesidi. Mənim şəxsi rekordum- 27 draftdı (bir ssenarinin, üzərində düzəlişlər aparılıb təkrar yazılan variantları- red.). Elə ssenari görmüşəm ki, yüz dəfə başdan yazılıb. Müəllif rejissorun, aktyorların istəklərini nəzərə almalıdı, öz ideyaları axırda gəlir. Və ssenarist, bütün o düzəlişlərə rəğmən ssenarinin bir əsər kimi bütünlüyünü qorumağa cavabdehdi. Bu, cəhənnəm əzabıdı. Əsl fədakarlıq nümunəsidi.

Ssenarist müstəqil yaradıcı insan deyil. Yazıçı və ya şair masanın üstünə də yaza bilər. Rejissor mobil telefonunu götürüb filmini özü çəkər. Ancaq ssenari yalnız istehsalatda canlanır. Üzərində başqa insanlar işləməyə başlayanda... Studiya redaktorları, prodüserlər onu öz düzəlişləri ilə cilalayanda... Elə olur ki, onu “öldürürlər”. Amma adətən, ssenari üçün düzəlişlər - Dəməşq poladının bərkiməsi kimidi.

Bir neçə il əvvəl bir kinoşirkətin baş redaktorunun müsahibəsini oxumuşdum. Deyirdi ki, şirkətin poçtuna 1700 ssenari gəlib və onlardan heç biri istehsalata buraxılmayıb. Açıqlama, Rusiyada ssenarist olmadığı haqqında tezisə dəstək məqsədilə səslənmişdi. Məncə isə, bu fakt əksini göstərirdi. O ssenarilərin arasında ekran üçün yararlı olanlar vardımı? Bilmirəm. Çox güman ki, olub. Amma dəqiq bildiyim bir şey varsa, o da budu ki, həmin 1700 ssenarini yazan müəlliflərin içində elələri vardı ki, onlarla görüşmək, işləmək, mətnlərində nəyisə dəyişmələrini təklif eləmək, ya da, ən azı, başqa bir layihədə işləmək şansı vermək, ssenaristin doğulmasına şərait yaratmaq lazım idi.

Yuxarıda göstərilən faktdakı nəticəsizlik bununla bağlı heç bir iş görülmədiyindən xəbər verir. Adi dillə desək, çox güman ki, o 1700 ssenarinin heç birini oxumayıblar. Bu məqamda prodüserləri əclaf adlandırıb sakitləşmək olardı.

Ancaq hər şey daha mürəkkəbdi.

GÜNAHKAR KIMDI?

İş ondadı ki, bizim kinoistehsalatda prosesin bütün iştirakçıları öz haqlarını prokat zamanı yox, istehsal mərhələsində alırlar. Yaxınlarda izlədiyim bir süjetdə deyilirdi ki, bu il “Ekipaj”dan başqa bütün rus filmləri ziyana işləyiblər. Bu nə deməkdi? Belə çıxır ki, bütün prodüserlərin əmlakını müsadirə eləyib, özlərini də mənzillərindən qovurlar? Axı, mən belə şey eşitməmişəm?!

Əvəzində bir prodüserin, istehsalatdan oğurladığı pulları necə “marg” (ingiliscə “margin” sözündəndi, mənası – fərq, gəlir deməkdi. Malın maya dəyəri ilə satış qiyməti arasındakı fərq-red.) adlandırdığını öz qulaqlarımla eşitmişəm. Digəri isə öz ustad dərslərinə, Kino fondundan təzə film üçün 3 milyon alıb, dərhal ordan öz payını necə götürdüyünü danışmaqla başlayır.

Başqa sözlə, Rusiya kino sənayesində sistem elə qurulub ki, istehsalatda iştirak eləyənlərdən heç birini nəticə maraqlandırmır. Çünki pulu nəticədən yox, prosesdən qazanırlar.

Buna görə də prodüser yaxşı yox, “keçə bilən” ssenari axtarır. Yəni elə bir ssenari ki, dövlət, Qərb fondları, banklar, sponsorlar ona maliyyə ayıracaq. Bütün hallarda bu situasiyada layihənin əsas ünvanı tamaşaçı yox, sifarişçi olur. Tamaşaçı ilə ünsiyyət vacib deyil: o, pul qazandırmır. Keyfiyyət meyarı da ikinci dərəcəli məsələyə çevrilir. Prodüser üçün yaxşı ssenari – hədiyyə yox, babasildi. Axı, onu çəkmək, sonra prokatını təşkl eləmək lazımdı. Prokat isə gəlir yox, xərc deməkdi.

Amerikalı prodüserlər ssenaristə lap başdan uğursuzluğa məhkum olan layihə yazmaq imkanı verməyə, ona milyonlar xərcləməyə hazırdılar – sadəcə ona görə ki, ssenarist öyrənsin. Çünki uğursuz layihədən dərs çıxaran ssenarist yüz milyonlar qazandıran ssenari yazacaq. Bu, uzun müddət üçün nəzərdə tutulan bir işdi, ancaq sonda özünü doğruldur.

Nəticədə çoxları peşəsindən incik düşür və gedir – rejissor, müəllim olurlar, teatra, ədəbiyyata baş vururlar. Bəziləri, ümumiyyətlə, ölkəni tərk eləyir. Bu gün Rusiyada ssenaristlərin başlarına gələnlər - əsl soyqırımdı.

Bizdə isə heç kim uzunmüddətli işləmək istəmir. Çox yaxşı bir ssenaristi layihədən ata bilərlər - sadəcə, onun qonorarından 10-12 min dollar qənaət eləməkdən ötrü. Növbəti layihə olsa, başqa ssenarist tapacaqlar. Sonra da təəccüblənirlər ki, niyə bizdə ssenarist yoxdu, ssenarilər də zəifdi...

Sovet dövründə hər kinostudiyanın bir film üçün 3-4 ssenari sifariş eləmək imkanı vardı. Sifarış eləmək, bütün mərhələlərdən keçirmək, haqqını son qəpiyinə qədər ödəmək və...çəkməmək.

Buna "development" (ingilis sözüdü- inkişaf deməkdi- red.) deyilir. Ssenari üzərində aylarla, hətta bəzən illərlə sürən ağır işdi. Bu prosesin nəticəsi hər zaman kino olmur. Hərdən əsas nəticə - belə layihədə öz səviyyəsini yüksəldən ssenaristdi.

Qərbdə filmin ümumi büdcəsinin 10-15%-i ssenarinin "developmentinə" xərclənir. Elə ssenarilər var ki, yazılmağına illər, onilliklər sərf olunur. Lakin nədənsə bizdə elə fikirləşirlər ki, ssenari göydən hazır vəziyyətdə düşməlidi. Düşmürsə, günah ssenaristlərdədi.

Təəssüf ki, Rusiyada ssenarilərin "developmentinə" xeyli vaxt və pul ayıran təkcə bir kanal var. Bax, ən yaxşı nəticəni də o göstərir – həm yaradıcı, həm də maddi. Yenə də ad çəkmirəm -sadəcə son vaxtlar ən çox bəyəndiyiniz yerli serialları xatırlayın.

Qalanlarında "development" prosesinə öz vaxtını və istedadını sərf eləyənlər elə ssenaristlərdi. Nəticədə çoxları peşəsindən incik düşür və gedir – rejissor, müəllim olurlar, teatra, ədəbiyyata baş vururlar. Bəziləri, ümumiyyətlə, ölkəni tərk eləyir. Bu gün Rusiyada ssenaristlərin başlarına gələnlər - əsl soyqırımdı. On il fasiləsiz “ssenarist yoxdu” cümləsini təkrarlasanız və onların olmaması üçün əlinizdən gələni eləsəniz, axırda, həqiqətən, ssenarist qalmayacaq.

NƏ ETMƏLİ?

Dövlət - Rusiya kino bazarının əsas sifarişçisi və əsas mənbəyi – boş zallarda nümayiş olunan filmlərin istehsalına milyonlar xərcləyir. Halbuki o pulların cüzi hissəsini "developmentə" ayırmaq olardı. Prodüser pitçinqlərinin yerinə ssenari müsabiqələri keçirmək, müəlliflərə üç aylıq da olsa, serial uydurmalarından qopub gerçək bir şey yazmaq imkanı vermək olardı. Özü də on yox, yüz ssenaristə. Üstəlik baha başa gəlməyəcək. Əlbəttə, ssenarilərin hamısı, yumşaq desək, dahiyanə olmayacaq. Ancaq bəziləri olacaq.

Ən əsası isə həmin yüz ssenarist hiss eləyəcək ki, başqa şey də yazmaq mümkündü. Onlar eksperiment aparmaq, heç vaxt getmədikləri istiqamətlərə getmək imkanı qazanacaqlar. Ondan sonra bir az fərqli yazmağa başlayacaqlar. Yavaş-yavaş. Düşünə-düşünə. Daha yaxşı. Daha maraqlı. Dərin.

Ssenari müsabiqələrinə ehtiyac var – müxtəlif janrlarda və formatlarda onlarla müsabiqəyə. Məsələn, teatrlarda pyes müsabiqələri çoxdan işlək liftə çevrilib və maraqlı müəllifləri gün işığına çıxardır.

Balaca, dinamik və işlək kino məktəblərinə, ssenari kurslarına ehtiyac var - istəyən hər müəllif kvalifikasiya ala, onu artıra və qoruya bilsin. Yoxsa bizdə mağara səviyyəsində özfəaliyyət kultu hökmrandı. “Öyrətməli bir şey yoxdu”, “ssenari dərslikləri zərərlidi”, “ssenari xətkeşlə yazılmır” və sair və ilaxır.

Uzun filmoqrafiyaya sahib qərbli kinodramaturqlar, “bazalarını təzələməkdən” ötrü kurslara getməyi özlərinə əskiklik saymırlar. Bizimkilər isə düşünürlər ki, əgər oxumağa getmisənsə, deməli, öz istedadına inanmırsan. Prodüserlər, rejissorlar, sanballı insanlar utanmadan deyirlər ki, heç nə öyrənmək lazım deyil, istedad və zəhmətkeşlik kifayətdi. Təsəvvür eləyin: zavoda təzə gələn mühəndisə deyirlər ki, sadəcə, öz istedadına inan və kosmik gəmini özün yığmağı öyrənənə qədər detalların arasında eşələn.

Ssenaristlərə, ünsiyyətdə ola biləcəkləri meydan lazımdı. Kinodramaturgiyaya və ssenari işinə həsr olunmuş kitablar, jurnallar lazımdı.

Ssenari ombudsmanı institutu lazımdı –ssenaristlərin öz hüquqlarını qorumasına və mübahisəli məsələlərin həllinə yardım üçün. Nəhayət, ssenari müəlliflərinə TV yayımları və prokatdan pay verilməsi ilə bağlı məsələni həll eləmək lazımdı. Hazırda ssenaristin yeganə qazancı – qonorardı. Filmin gəlirindən, serialın neçə dəfə təkrar efirə verilməsindən asılı olmayaraq – ssenarist bircə dəfə konkret məbləğdə qonorar alır və həmin məbləğ qarşılığında öz əsərinin bütün hüquqlarını prodüserə verir. Yəni ssenarist uzun müddət yaşayacaq və onun ailəsini dolandıracaq yaxşı kino yazmaqda maraqlı deyil, onu kəmiyyət - daha çox yazmaq maraqlandırır. Təbii ki, bu da, adətən, keyfiyyətin zərərinə baş verir.

Amerikada əgər sən “Soprano klanı”nı yazmısansa, artıq həyatını təmin eləmisən – populyar serialın təkrar nümayişlərindən, DVD və internet satışlardan pay alacaqsan. Bizdə isə belə hallarda gəlir prodüserə çatır, ssenarist isə qarnını doyuzdurmaq üçün ölənə qədər işləməyə məcburdu.

Ssenarist- zərif çiçəkdi. Onu qorumaq, nazıyla oynamaq lazımdı. O zaman çiçək açacaq. Qayğısız isə ancaq alaq otları yetişəcək.

XS
SM
MD
LG