Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:55

Rusiyada parad keçirilir


Vladimir Putin paradda
Vladimir Putin paradda

İyunun 24-də Moskvada Qələbə Günü paradı keçirilir. Prezident Vladimir Putin onun hakimiyyətini uzada biləcək səsvermə öncəsi özünə dəstəyi gücləndirməyə çalışır.

1945-ci ildə 2-ci Dünya müharibəsində nasist Almaniyasının məğlub edilməsi münasibətilə parad adətən mayın 9-da keçirilirdi. Bu il koronavirus pandemiyasına görə təxirə salınıb.

İyulun 1-də konstitusiyaya dəyişikliklər üzrə səsvermə öncəsi bu parad Putin üçün xüsusi əhəmiyyət daşıyır. Həmin səsvermə də aprelin 22-də olmalıydı, təxirə salındı.

Moskvadakı Qırmızı Meydanda keçirilən paradda 13 ölkədən 14 min hərbçi, 200 tarixi və müasir hərbi maşın, 75 təyyarə sərgilənir.

Veteranlar, əsgərlər karantinə alınmışdı

Tədbirə qatılan hərbçilər əsasən Rusiyadandır. Ancaq Azərbaycan, Ermənistan, Belarus, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistandan da hərbi qüvvələr iştirak edir.

Rusiyada koronavirusa 600 min nəfərin yoluxduğu, onlardan 8 mindən çoxunun vəfat etdiyi bildirilir. Ancaq real rəqəmlərin daha yüksək olduğu güman edilir.

Parad zamanı Putin xarici liderlər və müharibə veteranları ilə bir cərgədə əyləşib. Həmin veteranlar paraddan öncə karantinə yerləşdirilib.

Paradda iştirak edən əsgərlər də testdən keçirilərək karantinə alınmışdı.

Putin paradda çıxışında deyib ki, “Qırmızı Ordu qələbə çalmasaydı, dünyanın başına nə gələcəyini təsəvvür etmək belə çətindir”.

Sovet əsgərlərinə “eləcə də başqa ölkələrə müharibə, yaxud şan-şöhrət lazım deyildi. Onlar düşmənin axınına çıxmaq, qələbə çalaraq evlərinə qayıtmaq istəyirdilər. Onlar Avropanın azadlığı üçün əvəzolunmaz bədəl ödədilər”, – Putin deyib.

***

Moskva paradına kim gələcək, kim gəlməyəcək?

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov Qələbənin 75-ci ildönümü ilə bağlı iyunun 24-də keçirilən hərbi parada gəlməsi gözlənilən xarici liderlərin adlarını açıqlayıb.

Bu siyahıda cəmi 7 ölkə başçısı var. Bunlar Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Serbiya, Tacikistan və Özbəkistan prezidentləridir.

Moskva paradına qonaq qismində habelə Gürcüstandan qopmuş separatçı Abxaziya və Cənubi Osetiyanın da başçıları dəvət edilib.

Rusiya bu əraziləri müstəqil dövlət kimi tanısa da, dünyanın əksər ölkələribunları Gürcüstanın tərkib hissəsi sayır.

Parada Bosniya və Herseqovinanın kollektiv prezidentliyinin sədri Milorad Dodikin də gələcəyi gözlənilir.

Rusiyada parad hər il olduğu kimi mayın 9-da keçirilməliydi və həmin paradda qonaq kimi iştirak üçün dəvəti daha çox dövlət başçısı qəbul etmişdi.

Bunların arasında Fransa, Çexiya və Xorvatiyanın da prezidentləri olmalı idi.

Lakin paradın vaxtı koronavirus pandemiyasına görə iyunun 24-ə keçiriləndən sonra potensial qonaqların əksəriyyəti gəlməyəcəyini bildirib.

ABŞ prezidenti Donald Trump başda olmaqla əksər Qərb ölkələrinin liderləri hətta 9 mayda keçirilməli olan paradda iştirakdan imtina etmişdilər.

İyunun 24-də keçiriləcək parada İsrailin baş naziri Benjamin Netanyahu da gəlməyəcək.

Seyrələn qonaqlar

Peskov deyib ki, Kremldə xarici qonaqların gəlməkdən imtina etməsinə “anlaşıqlı” yanaşırlar və imtinaların əksəriyyəti koronavirus pandemiyası ilə bağlıdır.

Məsələn Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Pashinian gələ bilməmələrini öz ölkələrindəki epidemioloji vəziyyətlə əlaqələndiriblər.

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov isə bildirib ki, iyunun 29-da onun ad günüdür və 63 yaşı tamam olur.

Türkmənistan lideri izah edib ki, 63 peyğəmbərin yaşı sayılır və bu təvəllüdü hər bir kəs ailə çevrəsində yaxın adamları ilə keçirməlidir. O bunu da əlavə edib ki, Moskvaya getsəydi, qayıdandan sonra 14 gün karantində qalmalı olacaqdı. Halbuki Berdymukhammedov və onun hökuməti Türkmənistanda koronavirus epidemiyasının ümumiyyətlə olmadığını bildirir.

Xorvatiya prezidenti Zoran Milanovic isə son anda bildirib ki, təyyarəsi xarab olduğuna görə Moskvaya uça bilməyəcək.

II Dünya Müharibəsində SSRİ-nin əsas müttəfiqləri olmuş ABŞ və Britaniya isə paradda yalnız səfirləri ilə təmsil olunacaqlar.

15 il bundan əvvəl Qələbənin 60 illiyinə həsr olunmuş hərbi paradda Moskvaya ABŞ, Fransa, Çin prezidentləri, habelə Almaniyanın kansleri gəlmişdilər.

Amma on il sonra, qələbənin 70 illiyi paradında Qərb ölkələrinin rəhbərləri artıq yox idilər.

Amma bu paradda qonaq kimi BMT-nin baş katibi, Çin və Hindistan liderləri, habelə Ukraynadan başqa bütün keçmiş sovet respublikalarının başçıları iştirak etmişdilər.

XS
SM
MD
LG