Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:37

Moskvadan xəbərdarlıq: 'Yerevan eyni zamanda iki kürsüdə otura bilməz'


Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin

Ermənistan Qərbə doğru səmtlənməsini davam etdirdikcə, öz təhlükəsizliyini daha böyük təhdid altında qoyur.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyulun 11-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RIA Novosti agentliyinə Yerevanın NATO sammitində iştirakını şərh edərkən deyib:

“Yerevanın narahatlıqlarına konstruktiv yanaşma əvəzinə, təəssüf ki, onlar fərqli yol seçiblər. Ermənistan NATO və onun ayrı-ayrı üzvləri ilə, xüsusilə də NATO standartlarının tətbiqi mənasında, qarşılıqlı əlaqələri gücləndirir, onlardan silah alır və bu hərbi-siyasi blokun bugünlərdə Vaşinqtonda keçirilən sammitində iştirak bir yana, alyans üzvləri ilə birgə hərbi təlimlər keçirir”.

“Rusiyanın strateji məğlubiyyətini istəyənlərlə”

Qaluzin vurğulayıb ki, Qərbin Ermənistanla yaxınlaşması Rusiyanın maraqlarına qarşı yönəlib:

“Məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla əməkdaşlığın belə sürətlə dərinləşdirilməsi ilə Yerevan öz əlləri ilə Cənubi Qafqazdakı vəziyyəti, öz təhlükəsizliyi də daxil ciddi şəkildə sabitsizləşdirmək riskinə girir. Düşünürəm ki, Ermənistanın məlumatlı ekspert və siyasətçiləri belə məsuliyyətsiz addımların bədəlindən xəbərdardırlar”.

Azatutyun yazır ki, Rusiya XİN-də keçmiş sovet respublikaları ilə münasibətlərə baxan Qaluzin Ermənistanın ABŞ və başqa Qərb gücləri ilə yaxınlaşmasının onun təhlükəsizliyini necə təsirləndirəcəyini izah etməyib.

Rusiya diplomatı keçən ay artıq iki dəfə Ermənistana Yerevanın Qərbə doğru meyllənməsi ilə bağlı xəbərdarlıq edib.

Qaluzin iddia edir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) “Ermənistanın təhlükəsizliyinin təmin edilməsinin yeganə real mexanizmidir”.

Paşinyan nə demişdi?

Ermənistanın baş naziri Nikol Paşinyan ötən ay parlamentdəki çıxışında yenidən ölkəsinin KTMT-dən çıxa biləcəyinə işarə etmişdi.

Azatutyun yazır ki, KTMT-dən narazılığından başqa Yerevan bu yaxınlarda Moskvaya qarşı çox ciddi ittihamlarla çıxış edib.

Baş nazir Nikol Paşinyan iki KTMT ölkəsini 2020-ci ilin müharibəsinə hazırlıqda iştiraka görə ittiham edib.

Bundan başqa Ermənistan hakimiyyəti KTMT-nin daha bir bəyanatını cavabsız buraxıb. Təşkilat Ermənistandan onunla münasibətlərinin perspektivinə aydınlıq gətirməsini tələb etmişdi.

Ermənistan artıq xeyli müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir və bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsini dayandırıb.

Ermənistan baş naziri 2023-cü ilin noyabrında KTMT-nin Minskdə keçirilən sammitinə qatılmaqdan imtina etmişdi.

“Eyni zamanda iki kürsüdə oturmaq”

Bütün bunlara baxmayaraq Moskva Ermənistanın KTMT üzvü olaraq qaldığını dəfələrlə və israrla bəyan edir.

İyunun 25-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk demişdi ki, Ermənistan əgər Avropa İttifaqına üzv olmaq qərarı qəbul etsə, Rusiya bazarına rüsumdan azad girişini və Moskva tərəfindən verilən digər imtiyazları itirəcək.

Bundan bir neçə gün əvvəl Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlüyü məsələsini yenidən gündəmə gətirmişdi.

Qaluzin RIA Novostiyə müsahibəsində Overçukun xəbərdarlığına qüvvət verib. O deyib ki, Yerevan “eyni zamanda iki kürsüdə otura bilməz”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG